Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Azərbaycan Respublikasının Prokuroru Zakir Qaralova rəsmi məktubla müraciət edib.
Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, H. Hacıyev müraciətində AXCP sədri Əli Kərimli barəsində Azərbaycan Respublikası CPM-nin 205-ci maddəsinə uyğun olaraq müvafiq araşdırma aparması üçün göstəriş verməyi xahiş edib. O, öz müraciətində Əbülfəz Elçibəy 1999-cu ilin oktyabrında xəstə yatarkən ona Ə. Kərimli tərəfindən zəhərlənməsi ilə bağlı məlumat verdiyini iddia edib: “Elçibəy müəyyən adamların yanında (onların adlarını ərizəmlə bağlı aparılacaq araşdırma zamanı açıqlayacağam) mənə bildirmişdir ki, onun vəzifəsini tutmağa can atan müavini Əli Kərimli onun iyunun 24-də ad günündə içkisinin içərisində ona zəhər verib. O, həmin gündən sonra özünü günü-gündən pis hiss edir, bədənində zəifləmə artır, zehni zəifləyir. Xalq cəbhəsinin bütövlüyünə ziyan vurmadan bu məsələni necə gündəmə gətirməyi götür-qoy etdiyini düşündüyünü də bəy onda bildirmişdir. Görünür ki, həmin zəhərdən rəhmətlik bəyin xəstəliyinin yaranması və nəticədə dünyasını vaxtından əvvəl dəyişməsi ona bu faktla bağlı qərar qəbul etməyə imkan verməyib. Bəyin bu dünyada olmaması və həmin sözləri onda eşitmiş şəxslərin bəyin yoxluğu zamanı ortaya çıxa biləcək bu məsələyə necə yanaşacaqları illər boyu mənə rahatlıq verməyib. Bundan başqa bu yaxınlara qədər statusu müəyyən olunmamış və müxalifətin lideri olmuş Elçibəylə bağlı belə müraciətə müsbət reaksiya gözləməməyim də məni belə müraciət etməkdən yayındırırdı. Lakin dövlət başçımız cənab Prezident İlham Əliyevin çoxların gözləmədiyi bu humanist qərarından sonra Sizə müraciət etdim”.