Heydər Əliyevin verdiyini geri alan MƏMURLAR-Şəhid ailəsinə XƏYANƏT

Heydər Əliyevin verdiyini geri alan MƏMURLAR-Şəhid ailəsinə XƏYANƏT

Bərdə rayonunda yaşayan şəhid anası Əsli Muradovanın qaşılaşdığı problemlər hələ də həllini tapmır. Baxmayaraq ki, bu barədə vaxtaşırı yazılar yazılır, mətbuatda işıqlandırılır, informasiyalar ictimaiyyətlə bölüşdürülüb. Gözləmək olardı ki, ananın üzləşdiyi haqsızlığın aradan qaldırılması, ədalətin bərpasında adı keçən dövlət orqanları hamılıqla çalışacaq, tezliklə şəhid aləsinə aid bütün məsələlərə dair müsbət cavablar veriləcək.

 Qeyd edək ki, Əsli Muradovanın oğlu Mübariz Muradov 1995-ci ilin 27 dekabrında Murovdağ bölgəsində həlak olub. Hərbi hissənin komandiri, milli qəhrəman Fəxrəddin Cəbrayılov da faktı təsdiq edib. Hərbi hissədən verilən xəbərnamə-bildirişdə "Muradov Mübariz Heydər oğlunun Azərbaycan Respublikasının müdafiəsində Murovdağ bölgəsində xidməti borcunu yerinə yetirərkən həlak olub”- deyə qeyd aparılıb. Həlak olan əsgərə şəhid, anasına isə şəhid ailəsi statusu verilib. 2008-ci ildə Bərdə ƏSMM şəhid təqaüdünün davam etdirilməsi üçün Hərbi komissarlıqdan statusu təsdiq edən arayış istəyib. Adı çəkilən qurum isə həmin sənədi verməyib. Bundan sonra Bərdə ƏSMM-də həmin pullar dayandırılmalı olduğu halda, şəhid anasının xəbəri olmadan başqaları tərəfindən alınıb. 2014-cü ilə qədər davam edən bu oyundan sonra birdən Əsli Muradovaya məktub göndəriblər ki, bizə sənəd gətir, yoxsa sənin aldığın şəhid təqaüdünü dayandıracağıq. Bundan sonra işlərin hansı yerdə olduğunu bilən ana haqqlarının davasına başlayıb. Dövlət başçısına, millət vəkillərinə, aidiyyatı nazirlərə, Daxili İşlər Nazirinə, Baş prokurora müraciətlər edərək bu davada ona yardımçı olmalarını xahiş edib.

 Şəhid Mübariz Muradov
Miq.Az olaraq, müntəzəm diqqət mərkəzində saxladığımız mövzuyla əlaqədar yenidən şəhid anası ilə əlaqə saxladıq. Şəhid anası hesab edir ki, çoxsaylı müraciətlərinə yetərincə diqqət göstərilməyib. Gözlədiyi ümüdləri doğrulmayıb. Deyir, hesab edirdim ki, başıma gələnləri bilib, lazımi tədbirlərin görülməsində mənə yardımçı olacaqlar. Haqqımı alacağam. Ancaq əfsuslar olsun ki , hələ də  bu belə deyil.

Ana ötən müddətdən bəri Müdafiə Nazirliyi və SHXÇDX-dən məktublar alıb. SHXÇDX-nin əvvəllər Müdafiə Nazirliyinə məktub yazıldığını, cavab gözlədiklərini, şəhid statusu ilə bağlı məsələyə yenidən baxılacağını deyib, verdiyi ümidlərə, son qoyub. Avqustun ortalarında adı çəkilən orqanlardan alınan məktublarda arxiv sənədlərində Mubariz Muradovun hərbi xidmətə çağırılması, həlak olması barədə hərbi hissə komandirinin əmrinin olması bildirilsə də, qaytarılmaz itkinlər adlı siyahıda əsgərin adının olmadığına görə şəhid adının verməkdən imtina ediblər. Söhbət bitdi. Bu qədər zalım olub qərar vermək  asan oldu milli müdafiəmizin başında duran Zakir Həsənova, baş "voenkom” Arzu Rəhimova. Bəs onda nə baş verib? Bu barədə hər hansı izahat verilmir. Niyə? Şəhid əsgərin adı niyə Müdafiə Nazirliyinin arxivindəki həmin qaytarılmaz itkinlər kitabında  yoxdur. Buna niyə cavab vermirlər?

Şəhid anası Əsli Muradovanın həmin rəsmilərdən eşitmək istədiyi cavab da budur. Niyə mənim balamın adı qaytarılmaz itkinlər kitabında yoxdur? Bəlkə övladımın nəşini mənə qaytarıblar deyə hesab edirlər ki, O kitabda Mübariz Muradovun adı olmalı deyil. Bəs o kitabda olanların adı qaytarılmaz itkin hesab olunmağının mənası nədir? Hamının balası qaytarılmaz itkin hesab olunursa, mənim itkim niyə qaytarılmış hesab olunur? Mənə qaytardıqları nədir? Balamı, acı göz yaşlarımı, ana fəryadımı. Hamının itkinini qaytara bilmədikləri halda mənim itkimi nə ilə qaytardılar?

Əsli Muradova suallarına cavab almaq üçün artıq hansı ünvana müraciət edəcəyini belə bilmir. Övladının ümummilli lider Heydər Əliyevin fərmanı əsasında hərbi xidmətə çağrıldığını, həmin komandanlıq altında xidmət etdiyini, həlak olduğunu bildirir. Heydər Əliyevin hakimiyyəti tərəfindən şəhid statusunun verildiyini deyir. Fikrincə Heydər Əliyevin verdiyini geri almaq indiki hakimiyyətdəkilərin  istər mənəvi, istərsə də hüquqi cəhətdən hər hansı ixtiyarları yoxdur. Sadəcə bu bir biabırçılıqdır ki, buna da son qoyulmalıdır. Heydər Əliyev hakimiyyətinin məsuliyyətini daşımaq indiki vəzifədə oturanların borcudur. Ondan imtina eləmək heç kimə haqq vermir. Əks halda, bu O dahi insanın ruhuna xəyanətdir.

Şəhidin anası Ümummilli liderin məzarına məktublar yazacağını ona verilən cavabın ədalətsizlik, haqsızlığından şikayətlənəcəyini deyir. O bu işə yanaşmada başqa yol qalmadığını düşünür artıq.

Miq.az saytı olaraq Ə.Muradovanın işiylə bağlı müntəzəm olaraq olan hər yeni xəbəri ictimaiyyətin nəzərinə çatdırmışıq. Şəhid anasının almadığı şəhid təqaüdünə görə Bərdə ƏSMM tərəfindən Bərdə məhkəməsinə verildiyini, həmin pulların geri tələb olunduğunu yazmışdıq. Hətta işə baxan məhkəmənin hakimi Əhməd Sarıyevin ədalətinə böyük ümidlər ifadə olunurdu. Bu hələ də belədi.

Ancaq İyulun 20-də keçirilən məhkəmə iclasından  bu yana xeyli vaxt keçməsinə baxmayaraq prosesdə durğunluq müşahidə olunur. Hansı ki, keçirilən məhkəmə prosesində tərəflərin mövqeyi dinlənilib. Məsələnin kifayət qədər mübahisəli olduğu ortaya çıxmışdır. Hakim pulların Ə.Muradova  tərəfindən alınmadığının araşdırılacağını, bunun üçün də imza nümunələrinin xətti ekspertzaya göndəriləcəyini bildirib. Bu məqsədlə Ə.Muradovadan altı vərəqdən ibarət çoxlu sayda imzası alınmışdır.O gündən bu yana hələdə şəhid anasının qulağı səsdə, gözü yoldadır ki, məhkəmədən ədalət xəbəri alsın. Məhkəmənin bu qədər yubanmasını kimi xətti ekspertizanın qərarının çıxarılmasına bağlı olduğunu, kimi də hakimin məzuniyyətdə olması ilə əlaqələndirirlər.
Bərdə rayon DSMF-nin rəhbərliyindən hakim Əhməd Sarıyevin məzuniyyətdən qayıdandan sonra məhkəmə prosesinin sürətlənəcəyini, tezliklə ədalətli qərarın ortaya çıxarılacağı bildirilib.

Bərdə Rayon Polis Şöbəsinin müstəntiqi Aqşin Məmmədli də proseslə bağlı əməli tədbirlərin həyata keçirildiyini bildirib. O, 25 iyul 2016-cı il tarixdə Bərdə Rayon Prokurorluğu tərəfindən cinayət işinin açılması ilə bağlı Bərdə RPŞ-ya məktub daxil olmasını təsdiqləyib. Lakin Bərdə rayon Məhkəməsində artıq bu barədə araşdırma aparıldığından polis təhqiqatına ehtiyyac qalmayıb. Aqşin Məmədli araşdırmanın polis orqanında deyil, Bərdə rayon Məhkəməsində aparılacağını deyib. 
Baş prokurorluğun Korrupsiyaya Qarşı mübarizə İdarəsindəndə Bərdə ƏSMM-də məsələ ilə bağlı yoxlamanın aparıldığını bildirən A.Məmmədli Ə.Muradovanın işilə bağlı  lazımi işlərin aparıldığını, nigarançılığa ehtiyac olmadığını deyib.

Qeyd edək ki, şəhid təqaüdünü alanların kimliyi artıq bəllidir. Sadəcə məhkəmədən əvvəl bu barədə danışmağa lüzum görülmür. Şəhid ailəsinə yaxın olanlardan biri bildirib ki, istəmirik bizim sözümüzlə iş açılsın. Sonra da bizi baiskar bilsinlər. Qoy ədalət məhkəməsi özü desin sözünü. Əgər deməsə əlimizdəki faktlarla özümüz ifşa edərik həmin cinayətkarları.

1995-ci ilin 27 dekabrında Murovdağ bölgəsində həlak olan Mübariz Muradovun şəhid statusu ilə bağlı SHXÇDX- inadkarlığı, bu ailəyə həmin statusu verməkdən imtina etməsi yersiz və məntiqsizlikdən başqa bir şey deyil. Şəhidin ailəsinə verilən ilkin sənədi danmaqla iş bitirmi, görəsən? Dövlətə verdiyi oğlunun qanı kimin üstündə qalır, bəs? Bu gün bu statusu izahatsız, filan dayandıran kəslər hərəkətləriylə dövləti ləkələmirlərmi?.Başqa adı qalmır cənab Arzu Rəhimovun aldığı siyasi qərarının. Onda nəsə başqa bir məsələ var, bu işin arxasında. Əsgər ordudakı özbaşınalığın qurbanı olub demək.  Və əgər belədirsə, susmaq nəyə lazımdır ki. Hər nə olub, adı ilə desinlər. Cinayət işi açılsın. Müqəssirlər aşkar olunsun. Dövlətin adından kimsə anadan üzr istəsin. Desin balan əsgər gedəndə sağ-salamat idi. Biz qoruya bilmədik. Cansız bədən verdik sizə. Sonra da aldatdıq Sizi. Yalandan sənəd möhürləyib verdik. Azərbaycanın ərazi bütövlüyü uğrunda xidməti borcunu yerinə yetirərkən Murovdağ bölgəsində həlak olub deyə. Heç olmasa, bu ananın qarşısında etiraf edin yalanlarınızı. Anaların ahı yaman olur. Məzlumun ahı yerdə qalmır. Başınızın üstündə Allah var. Görməməzliyə qoymayın özünüzü. Allahı görün.Yetər...

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az