İki nazirlik birgə paket hazırlayır
Mehmanxanalarda qiymət siyasətinin tənzimlənməsi və düzgün qurulması üçün Mədəniyyət və Turizm Nazirliyi və İqtisadiyyat və Sənaye Nazirliyi ilə birgə təkliflər paketi hazırlanır.
Bunu Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Vüqar Şıxəmmədov deyib.
Onun sözlərinə görə, ölkə başçısının Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında verdiyi tapşırıqların icrası ilə bağlı artıq Mədəniyyət və Turizm Nazirliyi artıq fəaliyyətə başlayıb:
"İki və üç ulduzlu mehmanxanaların tikintisi və sahibkarların stimullaşdırılması, onların bu sahəyə marağının artırılması ilə bağlı tərəfimizdən müvafiq təşkilatlara artıq məktublar hazırlanıb. Həmçinin sahibkarlar, turizm təşkilatları və mehmanxana menecerləri ilə birgə aparılan işlər davam etdirilir. Azərbaycana gələn turistlərin sayının artdığını nəzərə alaraq turistlərə elektron vizanın qısa müddət ərzində verilməsi ilə bağlı aidiyyəti nazirlik tərəfindən qısamüddətli birgə fəaliyyət hazırlanacaq. Ölkə başçısının tapşırıqları bir daha göstərdi ki, Azərbaycan prezidenti vətəndaşların sosial problemlərinin həlli istiqamətində gördüyü işlərlə yanaşı, Azərbaycan vətəndaşının istirahətini də düşünür. Bizim də üzərimizə düşən vəzifə ondan ibarətdir ki, bu tapşırıqdan irəli gələn məsələləri həll edib Azərbaycan turizminin inkişafına dəstək olaq”.
Qeyd edək ki, dünən Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycandakı otellərin qiymətindən narazı olduğunu bildirmişdi. O, bölgələrdə turizmin və otelçilik biznesinin əhalinin rifahına uyğunlaşdırılması üçün Mədəniyyət və Turizm Nazirliyinə müvafiq tapşırıqlar vermişdi.
Axar.az