“İlahi, çək məni öz tərəfinə...”- Paşa Talıblı

“İlahi, çək məni öz tərəfinə...”- Paşa Talıblı

Hələ vaxtım yoxdu...

Elə eləyəsən inanmayalar...
Səni inandırım, lələ, tənhayam!
Necədi qayada daş tənhalığı...
Bax, elə tənhayam, elə tənhayam!

Nədi- bir üzü cüt, bir üzü təkdi?
...dirisi tənhadı, ölüsü təkdi!
...bir kolun dibində gül özü təkdi,
gedim, necə deyim gülə, tənhayam!

...torpaq sevdalıdı- dəni çağırma!
Çağırsan da baxmaz, yəni çağırma!..
...mən hələ məşğulam, məni çağırma-
hələ vaxtım yoxdu, hələ tənhayam!


Məndə mən puç...

...mən tənha...kim tənha bunca?
Məndə mən suç...suç mən məndə!
Mən ayrılıqlar içində,
məndə mən puç...puç mən məndə!

...yüyürsən haqlamaq olar!
...Məndə sirr saxlamaq olar,
mənə bel bağlamaq olar-
məndə mən uc...uc mən məndə!

...gül üstdən ac arı köçdü,
yol qaldı, köçəri köçdü!
...çölümdən içəri köçdüm,
məndə mən köç...köç mən məndə!

...bu "matəmgah"ı gördün, keç!
...tapın mənə, mənə and iç!
Mən fani, mən qafil, mən heç,
məndə mən heç...heç mən məndə!


Qəssab-cəllad kötükləri...

...ya ötələrdəki eşqdir
ya dili-dodağı dağ-dağ;
yalnızlığın ağrısından
dualar da oxunmur, bax!

...nə əvvəldi, nə axırdı!
...axanlar yenə axırdı!
...hər könül bir az ağıldı,
hər aldanış bir az da haqq.

...qəssab-cəllad kötükləri
ya alınların dikləri-
sağdı ölmüş bildiklərin,
ölmüş qu quşu kimi sağ.


Yol varmı kamına çəkməsin məni...

...baxırsan hər tərəf eləcə yoldu,
yol gedir dünyanın yüz tərəfinə;
əyri tərəfinə düz tərəfindən,
əyri tərəfindən düz tərəfinə.

Yol gedir göyündən quş qanadına,
qıyya qayasından daş qanadına.
Bir yol da yüyürür daşqın adına,
bir yol da islanmış söz tərəfinə.

Yol varmı kamına çəkməsin məni?
Yolun tozu mənim, çəkməsi mənim!
Hərə bir tərəfə çəkməsin məni,
İlahi, çək məni öz tərəfinə!


Bütün unudulmuşlara...

...fərz edək, unudulmuşuq,
unutmuşuq lap hamını.
...yenə də unutmaq olmur
unudulmağın tamını!

Unudulmağın tamımı?
Dadsızdı, yoxdu qorxusu...
Bir az sükutdu- duasız,
iztirabdı...hələ susur!

Təxminən belə bir şeydi-
dizdən yorğun, üzdən yaxşı!
...görən bizim özümüzü
kim unudar bizdən yaxşı?

Ardını yazsam, yazardım...
Bundan da vacib yazım var.
Qısası, görünür hərdən 
unudulmağa lüzum var.


Daşın harasından gəlməliydi yol...

...əyri-üyrü yoldu ovcumun içi,
qalırsan qal orda, çıxırsan çıx, bax!
Bir soyuq ürək var məndə bu payız,
əynində heç nə yox- lap üryan...çılpaq!

...daşın harasından gəlməliydi yol?
Üstünün mamırı bir bax, tökülmür!
...odu üfürülmüş vaxtı gözləyir,
payızı gözləyir yarpaq tökümü.

Deyək ki, taledi...neynək belədi!
...ağacı görürəm, ağacdakı nə?
Ağac da quruyar, ağacdakı da!
Hayıf o ağaca...ağacdakına!

Kim bilir, olanlar səbəbsizdimi...
İşim nə ağaca qonan quşladı!..
Bir soyuq ürək var məndə bu payız...
Bax, hər şey bax, ondan...ondan başladı!

Paşa Talıblı
Azərbaycan Yazıçılar Birliyinin üzvü


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az