İlham Əliyev 365 milyon avroluq zavodu açılışını edib

İlham Əliyev 365 milyon avroluq zavodu açılışını edib

“Bu zavodun dəyəri, yəni qoyulan investisiyanın həcmi 365 milyon avrodur. Onun bir hissəsi İslam İnkişaf Bankı tərəfindən kredit şəklində verilib. Qalan hissə isə Azərbaycanın dövlət büdcəsi hesabına formalaşdırılıb”. Dekabrın 19-da Balaxanıda Bakı bərk məişət tullantılarının yandırılması zavodunun aşılışı mərasimində çıxış edən prezident İlham Əliyev belə deyib.

“Media forum” saytı xəbər verir ki, zavodun tikintisinə görə Fransanın “Cnim” şirkətinə minnətdarlığımı bildirən İlham Əliyev deyib ki, bu şirkətlə əməkdaşlıq davam edəcək: “Çünki 20 il ərzində zavodun idarə edilməsi “Cnim” şirkətinə həvalə edilib. Mən çox şadam ki, Fransanın böyük şirkəti olan “Cnim” ilə Azərbaycan arasında belə işgüzar münasibətlər qurulub”.

Dövlət başçısı vurğulayıb ki, bərk məişət tullantılarının yandırılması zavodunun tikintisinə böyük ehtiyac var idi: “Çünki bu ərazi ekoloji fəlakət zonası idi. Bakı sakinləri yaxşı bilirlər ki, uzun onilliklər ərzində bu bölgədə yığılan tullantılar faktiki olaraq şəhərimizin ekoloji vəziyyətinə çox böyük zərbə vurub. Məişət tullantılarının burada yığılması və bir çox hallarda yandırılması ekoloji vəziyyəti daha da gərginləşdirirdi. Bu ərazinin üzərində daim tüstü buludları var idi. Bu tüstü Bakını bürüyürdü, bunun insanların sağlamlığına, şəhərimizin ekoloji vəziyyətinə çox mənfi təsiri olub”.

İlham Əliyev daha sonra bildirib ki, zavodun istehsal gücü 500 min tondur: “Bakı şəhərində bəzi məlumatlara görə, daha çox məişət tullantıları yığılır və istisna edilmir ki, gələcəkdə zavodun sahəsi genişlənə bilər. Buna imkan da var. Əsas məsələ bundan sonra ondan ibarətdir ki, məişət tullantılarının yığılması, çeşidlənməsi, yandırılması və təkrar emala verilməsi prosesini biz bir-biri ilə uzlaşdıraq. Hazırda biz məsələnin son mərhələsini həll etdik. Çeşidləmə, yandırma, təkrar emal. Amma bu prosesin ilkin mərhələsi hələ ki, bizim tələblərimizə cavab vermir. Ona görə mən həm İqtisadi İnkişaf Nazirliyinə, həm Bakı Şəhər İcra Hakimiyyətinə tapşırıq verirəm ki, yaxın zamanlarda təkliflər hazırlansın. Evdən çıxan tullantının idarə olunması, daşınması, yığılması və buraya gətirilməsi, yandırılması bir proses kimi təşkil edilməlidir ki, biz Bakıda bu məsələni birdəfəlik həll edək və bu təcrübə ondan sonra başqa şəhərlərdə də tətbiq edilməlidir”.

Dövlət başçısı onu da qeyd edib ki, zavodda 37 meqavat gücündə elektrik stansiyası fəaliyyət göstərir, bir neçə meqavat zavodun fəaliyyəti üçün sərf olunacaq, qalan 33 meqavat isə şəhər şəbəkəsinə veriləcək.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az