|
Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı şəhərində keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb. Bildirilir ki, 2014-cü il sentyabrın 26-da Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı Dostlar Qrupunun Nazirlər Toplantısında Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Azərbaycan Respublikasının paytaxtında keçirilməsi barədə qərar qəbul edilmişdir. Tolerantlığın məkanı, multikultural ənənələrə sadiq müstəqil Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanması və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönəlmiş mühüm layihələrin, mötəbər forumların gerçəkləşdirilməsi sahəsində zəngin təcrübəyə malikdir. Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı şəhərində yüksək səviyyədə təşkilinin Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun daha da artırılmasında, Azərbaycan xalqının tarixi-mədəni irsinin geniş miqyasda tanıdılmasında əhəmiyyətini nəzərə alaraq qərara alıb ki, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı il 25-27 aprel tarixlərində Bakı şəhərində keçirilməsi ilə bağlı aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın: Təşkilat Komitəsinin sədri Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Təşkilat Komitəsinin üzvləri Nadir Hüseynov – Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Təşkilat Komitəsinə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı şəhərində keçirilməsi ilə bağlı zəruri məsələləri həll etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. |