İlham Əliyev Sumqayıta 10 milyon manat ayırdı

İlham Əliyev Sumqayıta 10 milyon manat ayırdı

Azərbaycan prezidenti İlham Əliyev Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və şəhər avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində Sumqayıt şəhərində mühüm infrastruktur layihələri həyata keçirilib, yeni sənaye müəssisələri yaradılıb, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, o cümlədən 200 çoxmənzilli binanın dam örtüyü və lift təsərrüfatı yenilənib, şəhər avtomobil yollarına yeni asfalt örtüyü çəkilib, küçə və prospektlərdə müasir işıqlandırma sistemi quraşdırılıb.

Hazırda 93 hektar ərazidə dənizkənarı park-bulvar kompleksi salınır, Musiqi, Şahmat məktəbləri üçün yeni binaların tikintisi, Sumqayıt Dövlət Dram Teatrı binasının, "Kimyaçılar" Mədəniyyət sarayının əsaslı təmiri davam etdirilir.

 Sərəncamda qeyd olunur ki, Sumqayıt şəhərində abadlıq-quruculuq işlərinin, o cümlədən daha 100 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsinin və şəhər avtomobil yollarının əsaslı təmirinin davam etdirilməsi məqsədilə Sumqayıt Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 10 milyon manat, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 5 milyon manat, şəhər avtomobil yollarının əsaslı təmiri üçün 5 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az