“İlham Əliyevlə Paşinyanın yenə də Rusiyada görüşməsində qəbahətli heç nə görmürəm...”
"Çünki Azərbaycan da həmin Haaqa məhkəməsinin Rusiya prezidenti haqqındakı qərarına rəsmi münasibət bildirməyib və bundan sonra da bildirməyəcək. Ermənistan isə...”
Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov Moderator.az əməkdaşıyla telefon söhbətində Azərbaycan və Ermənistan liderlərinin Rusiya prezidenti V.Putinin vasitəçiliyi ilə növbəti görüşlərinin mümkün olub-olmayacağından danışıb.
-Etibar bəy, Putinin Haaqa məhkəməsi tərəfindən beynəlxalq cinayətkar elan edilməsindən sonra Moskvada və ya Soçidə Rusiya prezidentinin vasitəçiliyi ilə Azərbaycan-Ermənistan danışıqlarının baş tutması nə qədər gözləniləndir? Yəni Azərbaycan və Ermənistan tərəfləri Putinin vasitəçiliyi ilə danışıqlara getməyə tərəddüd etməyəcək ki?
-Bildiyimə görə, hələki Moskvada və ya Soçidə görüş üçün tərəflərdən ciddi bir təşəbbüs də yoxdur... Və bunun olması da, mənim fikrimcə, gözlənilmir. Həm də ona görə ki, Rusiyanın bu saat həll etməli olduğu və özü üçün daha vacib məsələlər var...
-Amma yadınızdadırsa, aprelin 11-də Laçın rayonu ilə sərhəddəki son qanlı təxrubatdan dərhal sonra Rusiya XİN sözçüsü Mariya Zaxarova bildirdi ki, guya tərəflər razılıq verib və növbəti görüş Moskvada olacaq. Halbuki ona qədər - elə məhz aprelin 11-də səhər saatlarında mediaya İlham Əliyevlə Paşinyanın mayın ortalarında Vaşinqtonda görüşəcəkləri haqda məlumat sızmışdı...
-Yəqin ki, Zaxarova "tərəflər” deyəndə öncə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü nəzərdə tutub... İkincisi də, zənnimcə, tərəflərin istənilən məkanda görüşməsi mümkündür. Hesab edirəm ki, Azərbaycan tərəfi harada keçirilməsindən asılı olmayaraq Ermənistan tərəfi ilə hansısa görüşdən çəkinməməlidir və həmin görüşə getməlidir. Ancaq ötənilki görüşlərdən birində Ermənistan tərəfinin Fransa prezidenti Makronun da iştirak etməsini şərt qoymasına görə Azərbaycanın həmin görüşdən imtina etməsi təbii idi. Və bu, çox düzgün addım idi. Çünki, əvvəla, müzakirələr şərt qoyulmadan aparılmalıdır. İkincisi də, Azərbaycanın əleyhinə olan bir dövləti danışıqların iştirakçısı etməyə Azərbaycan dövləti imkan verməməlidir. Lakin bundan sonra yenə də Rusiya ərazisində, Moskvada, yaxud Soçidə görüş olacaqsa, Azərbaycan tərəfinin iştirakını mümkün hesab edirəm. Çünki Azərbaycan da həmin Haaqa məhkəməsinin Rusiya prezidenti haqqındakı qərarına rəsmi münasibət bildirməyib və bundan sonra da bildirməyəcək. Ermənistan isə Konstitusiya məhkəməsinin məlum qərarıyla Moskvadan şantaj vasitəsi ilə hansısa güzəşt əldə etməyə cəhd göstərdi, onun da burnundan vurdular, yerində oturdu. Bir sözlə, Putinin vasitəçiliyi ilə Moskva və ya Soçidə Azərbaycan və Ermənistan liderlərinin görüşü baş tuta bilər və burada qəbahətli heç nə yoxdur...
Sultan Laçın