İlqar Məmmədov ermənilərdən üzr istəyib?

İlqar Məmmədov ermənilərdən üzr istəyib?

REAL sədri haqqında şok açıqlamalar 

REAL hərəkatının sədri İlqar Məmmədovun siyasi fəaliyyəti ilə bağlı araşdırmamıza onun haqqında redaksiyamıza verilən maraqlı məlumat səbəb oldu. Hazırda Moskvada yaşayan və vaxtilə Moskva Dövlət Universitetinin tələbəsi olmuş həmyerlimiz bizə bildirib ki, 1988-ci ildə, Dağlıq Qarabağ ətrafında məsələlər qızışdığı dövrdə, MDU-nun birinci humanitar korpusunun leksiya zallarından birində ermənilərin təşkilatçılığı ilə “Karabax naşa bol, naşa peçal”  mövzusunda dinləmələr təşkil olunub. Sumqayıt hadisələrindən dərhal sonra təşkil edilmiş bu tədbirdə erməni müəllim-tələbə heyəti, universitetin digər tələbələri iştirak ediblər. Həmin vaxt müzakirələrin hansı istiqamətə yönəldiləcəyini ehtimal edən azərbaycanlı tələbələr də müzakirələrə qatılıblar. Dinləmələrdə çıxış edən ermənilər və onların tərəfdarları Azərbaycanı kəskin tənqid ediblər, azərbaycanlılar haqqında “qaniçən”, “qəddar”, “geridə qalmış”, “barbar” və s. təhqiramiz ifadələr işlədiblər. Tədbirə qonaq qismində dəvət olunmuş “Oqonyok” jurnalının Çernov soyadlı əməkdaşının (onun 1998-2003-cü illərdə jurnalın baş redaktoru vəzifəsində çalışmış Vladimir Çernov olduğu ehtimal edilir) ermənilərdən də kəskin çıxış etməsi, azərbaycanlı tələbələrin emosional etirazına səbəb olub. Onlar Çernovun sözünü kəsiblər və faktiki olaraq onu danışmağa qoymayıblar. Tədbir başa çatdıqdan sonra həmin dövrdə universitetin tarix fakültəsinin tələbəsi olan İlqar Məmmədovun Çernova yaxınlaşaraq “azərbaycanlıların qeyri-etik davranışına” görə ondan və onun yanında dayanan, tədbirin təşkilatçısı olan ermənidən üzr istədiyi bildirilir. 

Mənbəmiz qeyd edib ki, İ.Məmmədov həmişə azərbaycanlı tələbələrdən kənarda dayanıb, onlarla ünsiyyət qurmaqdan çəkinib, həmyerlilərimizin ümumi tədbirlərinə qatılmayıb. İlqar Məmmədovun Azərbaycana qayıtdıqdan sonra bu qədər siyasi fəallıq göstərməsinin onun üçün də gözlənilməz olduğunu deyən mənbəmizin fikrincə, bunun arxasında başqa motivlər dayanır. 

Hazırda İlqar Məmmədovun həbsdə olması səbəbindən məsələni onunla dəqiqləşdirmək imkanımız xaricində olduğundan, REAL sədrini yaxından tanıyan şəxslərə müraciət etdik. AMİP-dəki mənbəmiz İ.Məmmədov haqqında bizə olduqca maraqlı məlumat verdi. Onun sözlərinə görə, Moskva Dövlət Universitetində təhsilini başa vurduqdan sonra İlqar Məmmədov Budapeştdə Mərkəzi Avropa Universitetində təhsilini davam etdirib. Həmin ali məktəbdə təhsil aldığı dövrdə İ.Məmmədovun Qərbin müəyyən xüsusi orqanlarının və ya təşkilatlarının maraq dairəsinə düşməsi ehtimal olunur. Azərbaycana qayıtdıqdan sonra o, BDU-da çalışır, eyni zamanda ABŞ-ın Azərbaycandakı səfirliyi ilə sıx əməkdaşlıq etməyə başlayır. Mənbəmiz bildirir ki, İlqar Məmmədovun AMİP-ə yerləşdirilməsi və onun partiya sədrinin müavini vəzifəsinədək irəli çəkilməsində ABŞ səfirliyinin marağı olub. Belə ki, səfirlik İlqar Məmmədov vasitəsilə həmin dövrdə ölkənin aparıcı müxalifət partiyalarından biri olan və kifayət qədər fəallıq nümayiş etdirən AMİP-i və onun sədri Etibar Məmmədovu nəzarətə götürməyə çalışıb. Maraqlıdır ki, 2003-cü il prezident seçkilərindən sonra AMİP-in fəaliyyətində durğunluq meylləri gücləndi və E.Məmmədovun partiya sədri postunu tərk edəcəyi barədə məlumatlar yayıldıqdan sonra İ.Məmmədov öz vəzifəsindən istefa verdi. Mənbəmiz bildirir ki, İ.Məmmədovun fəaliyyətini idarə edən dairələr onun AMİP-də qalmasının səmərə verməyəcəyini düşünərək İ.Məmmədovu başqa istiqamətdə fəallaşdırdılar. Bundan əvvəl isə o, ABŞ-ın Azərbaycandakı səfirliyində işə götürüldü. Təsadüfi deyil ki, 2003-2007-ci illər arasında İ.Məmmədovun fəaliyyəti haqqında çox az məlumata rast gəlinir. Hətta internet araşdırmamız da qənaətbəxş nəticə vermədi. 

Lakin 2007-ci ildən başlayaraq İ.Məmmədovun Qərb institutları ilə açıq şəkildə yaxın əməkdaşlıq əlaqələri qurulur. Əvvəlcə o, Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsinin təsisçilərindən biri olur. Sonra isə ABŞ-ın Regional Əməkdaşlıq naminə Qara Dəniz Fondunun Məsləhət Şurasına, beynəlxalq təşkilat olan Gəlirlərə Nəzarət İnstitutunun Məsləhət Şurasına üzv seçilir. Paralel olaraq 2006-cı ildən etibarən Soros Fondunun 

Azərbaycan bölməsinin İdarə Heyətinin üzvü təyin edilir. 2008-ci ildə isə məhz ABŞ-ın Azərbaycandakı səfirliyinin nəzarəti ilə Respublikaçı Alternativ (REAL) hərəkatı yaradılır və İ.Məmmədov onun rəhbəri olur. Bütün bunlar və İ.Məmmədovun Avropa Şurasının Bakı Siyasi Biliklər Məktəbinin direktoru vəzifəsinə gətirilməsi, onun fəaliyyətinin Qərb dairələri tərəfindən idarə olunduğu qənaətini möhkəmlədir. 

Əldə etdiyimiz məlumata görə, son zamanlar İ.Məmmədov həm də Azərbaycanda bir çox internet layihələrinin rəhbəri olan Elnur Baimov vasitəsilə hakimiyyət dairələri ilə təmas yaradıb. Hətta İ.Məmmədovun E.Baimovla birlikdə disput.az forumunu idarə etdiyi deyilir. 

Rəyini soruşduğumuz bəzi ekspertlərin fikrincə, hazırda İ.Məmmədovun kəskin fəallığı ona verilən yeni təlimatla bağlıdır. Ölkənin müxtəlif yerlərində etirazları ciddi siqnal kimi qəbul edən Qərb dairələri REAL sədrinin bu prosesə nüfuz etməsinə və önəmli siyasi fiqur imici qazanmasına çalışırlar. Hakimiyyət isə İ.Məmmədovu həbs etməklə onlara hər şeydən xəbərdar olduğunu və belə ucuz metodların keçməyəcəyi mesajını verir. 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az