“Adamın başı kürsü davasına elə qarışıb ki…
Dünən Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzim Asiya direktoratlığının nümayəndəsi Alan Parfitt və səfirliyin nümayəndəsi Endryü Harvey Azərbaycanın bir sıra siyasi qüvvələriylə görüşüb. Görüş barədə REAL Vətəndaş Hərəkatının sədri İlqar Məmmədov öz bloqunda maraqlı qeydlər edib. İ. Məmmədov Böyük Britaniya diplomatlarının İctimai Palata liderləri ilə görüşünü də xatırladaraq yazıb ki, o və qonaqlar görüşün 80 faizini Qarabağ mövzusuna, qalanını isə daxili siyasətə həsr ediblər: “Bu tipdə görüşlər çox faydalıdır, cari işimizin vacib hissəsidir, amma biz adətən belə şeylər haqqında məlumat yaymırıq - qonaq nazir, səfir və ya daha yüksək səviyyədə şəxs olmayınca. O xəbərləri də, iqtidaryönlü media onsuz da oxuculara ötürmür, bu da ayrı bir mövzu. Hansı saytı açırsan günorta söhbət elədiyimiz "britaniyalı diplomatla İsa Qəmbər və Əli Kərimli görüşdü" xəbəri hər yerdə yayılır. Hadı bakalım əfəndilər nələri müzakirə etdi: “Siyasi vəziyyət, insan haqlarının durumu, vicdan məhbusları və digər məsələlər müzakirə olunub. Müsavat Partiyası və AXCP-nin platformaları, hər iki partiya liderinin indiki vəziyyətə və gələcəyə dair baxışları haqda fikir mübadiləsi aparılıb”. Yəni, işğal haqqında bir söz də deyilmir yaydıqları xəbərdə”. REAL sədri daha sonra davam edir: “Həmən bir şeyi xatırladım. «Wikileaks» təzə-təzə üzə çıxanda, baxmışdım ki, görəsən Amerika səfirliyinin məxfi sənədlərində adım hansı kontekstlərdə çəkilir. 30 dəfə adıma rast gəldim. Onun 1/3 aiddir Qarabağ münaqişəsinə, 1/3 regiondakı geosiyasi duruma, 1/3 isə ölkədə demokratik dəyişikliklər mövzusuna. Başqa siyasilərin göstəricilərinə də baxdım. Məsələn, İsa Qəmbərin adını 50 dəfə çəkiblər, və ondan yalnız 1, ya da 2 dəfə Qarabağ münaqişəsi kontekstində, o da ötəri. Adamın başı kürsü davasına elə qarışıb ki, bir nömrəli milli mövzunu tam unudub. Önəmli o deyil ki, sən diplomatlarla söhbətin haqqında hansı məlumatlar yayırsan: Onların səninlə söhbət haqqında yazdıqları daha önəmlidir. Hər halda, bu dəfə məzmuna görə Müsavat başqanını qınamıram: Adam düzünü yayıb, Qarabağ yenə qaldı kənarda. Amma bu adi, rutin görüşlərimizin yayılmasını reklam kimi istifadəsini yenədə heç anlamıram. Bəlkə bizdə REAL Hərəkatı olaraq elə edək? Vətəndaşa xeyiri varmı? İqtidaryönlü media bunu yayacaqmı?”.
Təəssüf ki, İ.Məmmədovun yazdıqları ilə bağlı Müsavat başqanı İsa Qəmbərdən münasibət ala bilmədik.
"Bizim Yol"