İmtina-Zülfüqar Rüfətoğlu YAZIR
Zülfüqar Rüfətoğlu
Hərçənd dostluğundan keçə bilmirəm,
Amma bu sağlığa içə bilmirəm…
"Hürriyyət" sözünü asta de, dostum...
"Hürriyyət" sözünü elə asta de -
Nə ləçək titrəsin,
nə yarpaq əssin…
Nə də ki, nəfəsin havanı kəssin…
"Hürriyyət" "sevirəm” deməkdi, dostum,
"Sevirəm" sözünü pıçıldayarlar
"Hürriyyət" sözünü asta de, qardaş,
Sakitcə otlayır hələ ilxılar…
Bəzən bir dayçanı
Kəməndləməkçün
bütöv bir ilxını hürkütmək olar…
"Hürriyyət" dediyin siqaret deyil,-
Onu çəkə-çəkə tərgitmək olar…
"Hürriyyət" dediyin dayça deyil ki...
"Hürriyyət" dediyin elə bir köhlən...
Elə bir köhlən ki, minəndən sonra
Tapmazsan nə yəhər, nə də üzəngi…
"Hürriyyət" sözünü asta de, qardaş,
Sən hələ cavansan,
nə görmüsən ki?...
Miq.Az