İnsan hüquqları məsələləri üzrə birgə işçi qrupundan Turbyorn Yaqlanda cavab
2015-ci il oktyabrın 7-də Avropa Şurasının baş katibi Turbyorn Yaqland
öz nümayəndəsinin insan hüquqları məsələləri üzrə işçi qrupunun
tərkibindən geri çağırılması barədə qərarını açıqlayıb.
Vətəninfo.az-ın məlumatına görə, Trend-ə daxil olan bəyanatda deyilir ki, bununla əlaqədar olaraq birgə işçi qrupu aşağıdakı bəyanatı qəbul edib:
"2005-ci ildə insan hüquqlarının müdafiəsi təşkilatlarının və Azərbaycan
hakimiyyətinin nümayəndələrindən ibarət tərkibdə Azərbaycanda insan
hüquqları məsələləri üzrə birgə işçi qrupu yaradılmışdır. Ölkəmizdə
insan hüquqlarının müdafiəsi ilə bağlı bir sıra məsələlərin ortaya
çıxarılması ilə əlaqədar olaraq işçi qrupu bu məsələlərin insan
hüquqlarının müdafiəsi təşkilatlarının nümayəndələrinin dövlət
hakimiyyəti ilə əməkdaşlığı çərçivəsində ölkə daxilində həll edilə
biləcəyini vurğulamışdır.
Lakin anti-Azərbaycan qüvvələri, o cümlədən Avropa Şurasındakı bəzi
dairələr ölkəmizdə vətəndaş cəmiyyəti ilə hökumət arasında dialoqun
qarşısını almağa səy göstərmişlər. İşçi qrupunun üzvləri Avropa Şurasını
bu dialoqa maneələr törətməməyə çağırmış, lakin Avropa Şurasının
Parlament Assambleyası öz qərəzli yanaşması nəticəsində 2008-ci ildə
işçi qrupunun fəaliyyətinin dayandırılmasına nail olmuşdur. Baxmayaraq
ki, işçi qrupunun fəaliyyəti dövründə məsələləri hüquq-müdafiə
təşkilatları tərəfindən qaldırılmış 150-yə yaxın məhkum azad edilmişdir.
2014-cü ildə Avropa Şurasının baş katibi Turbyorn Yaqland Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə müraciət edərək birgə işçi
qrupunun fəaliyyətinin bərpa olunmasını xahiş etmiş və Azərbaycan
Prezidenti xoş niyyətini nümayiş etdirərək buna razılıq vermişdir.
Azərbaycan vətəndaş cəmiyyətinin və hakimiyyətinin nümayəndələrindən
ibarət birgə işçi qrupu 2008-ci ildən sonra birinci iclasını 2014-cü il
oktyabrın 22-də keçirmişdir. Birgə işçi qrupunun Avropa Şurası baş
katibinin nümayəndəsinin iştirakı ilə keçirilmiş iclaslarında qrupun
üzvləri hüquqlarının pozulduğu ehtimal edilən şəxslərlə bağlı məsələləri
müzakirə etmiş və bu məsələlərin həlli üçün müvafiq dövlət orqanlarına,
o cümlədən məhkəmələrə təkliflər hazırlamışlar. Bundan əlavə, birgə
işçi qrupunun iclaslarında insan hüquqları və vətəndaş cəmiyyətinin
inkişafı ilə bağlı aktual məsələlər müzakirə edilmiş, bəzi problemlərin
həll edilməsi üçün konkret tədbirlər həyata keçirilmişdir.
Qısa müddətdə işçi qrupunun fəaliyyəti nəticəsində insan hüquqlarının
müdafiəsi təşkilatlarının siyahılarında qeyd olunmuş 16 nəfər azad
edilmiş, 1 nəfərin cəza müddəti azaldılmışdır.
Bu nəticələr göstərir ki, işçi qrupunun fəaliyyəti insan hüquqları ilə
bağlı məsələlərin səmərəli şəkildə həll olunmasına, Azərbaycanda
vətəndaş cəmiyyəti ilə hakimiyyət nümayəndələri arasında konstruktiv və
açıq dialoqun inkişafına xidmət etmişdir.
Bu şəraitdə Avropa Şurası baş katibinin bəyanatı yalnız təəccüb və təəssüf hissləri doğura bilər.
Biz, birgə işçi qrupunun üzvləri əminik ki, beynəlxalq hökumətlərarası
təşkilatlar müəyyən dairələrin göstərişlərini yerinə yetirmək əvəzinə,
hər bir üzv dövlətdəki vəziyyətə obyektiv yanaşmalı, əməkdaşlıq
sayəsində əldə edilən müsbət nəticələri düzgün qiymətləndirməli,
vətəndaş cəmiyyəti ilə hakimiyyət arasında dialoqu dəstəkləməlidir.
Hesab edirik ki, anti-Azərbaycan qüvvələrinin təkidi və təsiri
nəticəsində Avropa Şurası baş katibinin qəbul etdiyi bu əsassız qərar
yalnız Avropa Şurasının nüfuzuna xələl gətirir.
İşçi qrupu anti-Azərbaycan qüvvələri öz çirkin oyunlarına son qoymağa
çağırır və bəyan edir ki, bu oyunlar Azərbaycanda insan hüquqlarının
inkişaf etdirilməsinə və vətəndaş cəmiyyəti ilə dövlət orqanları
arasındakı dialoqun davam etdirilməsinə maneə törədə bilməyəcək!”