İnsanlar humanitar yardım gözləyir - Yəməndə

İnsanlar humanitar yardım gözləyir  - Yəməndə

Ölkəyə yardım çatdırılması məsələsi növbəti dəfə Tehran və ər-Riyad arasında gərginliyə səbəb olub

Yəməndə mayın 11-dən etibarən 5 günlük atəşkəs qüvvəyə minsə də, ölkənin müxtəlif bölgələrində rəqib qruplar arasında toqquşmalar baş verir. Hava zərbələri isə atəşkəsin qüvvəyə minməsinə az qalmışa qədər davam edib və atəşkəsə qısa müddət qalmış həyata keçirilmiş bombardmanlar nəticəsində 90 nəfər insan ölüb, 300 nəfər isə yaralanıb.
Ancaq bütün çatışmazlıqlara rəğmən artıq iki gündür ki, ölkəyə hava zərbələri dayanıb. Yəmən əhalisi isə 5 gün ərzində xaricdən qida və dərman yardımlarının gəlməsini gözləyir. Ancaq Səudiyyə Ərəbistanı bəyan edib ki, xarici yardımlar, o cümlədən İranın göndərdiyi humanitar yardımlar yalnız BMT-nin müvafiq razılığı olduqdan sonra Yəmənə buraxılacaq.
Bu isə İranda sərt etirazla qarşılanıb. İranın rəsmi ərəbdilli “əl-Aləm” kanalına İran ordusu Baş Qərargah rəisinin müavini, briqada generalı Məsud Cazayiri bildirib ki, rəsmi Tehran içərisində humanitar yardım olan və Yəmənə yollanan “İran şahid” gəmisinə hücum etməyə cürət edən istənilən dövlətə qarşı müharibəyə başlayacaq. General Cəzayiri bildirib ki, İranın humanitar yardım daşıyan gəmilərinə müdaxilə olacağı halda nəzərə almalıdırlar ki, İranın da səbrinin həddi var.
Bu arada körfəz ərəb ölkələri liderlərinin iştirakı ilə ABŞ-ın KempDevid şəhərində keçiriləcək sammitin əsas mövzuları bəlli olub. ABŞ prezidenti Barak Obamanın iştirak edəcəyi toplantıda əsas mövzular hərbi əməkdaşlıq, terrorizmə qarşı mübarizə və İranın nüvə fəaliyyəti olacaq. Bu barədə məlumatı Səudiyyə Ərəbistanının “əl-Ərəbiyyə” telekanalı bu ölkənin xarici işlər naziri Adil əl-Cubeyrə istinadən yayıb. əl-Cubeyr bildirib ki, toplantıda ərəb liderlər İranın nüvə proqramı ilə yanaşı Tehranın Suriya, Livan, İraq və Yəmənə müdaxilələrinin də müzakirə olunacağını və İranın dəstəklədiyi qruplaşmalara qarşı koordinasiyanın yaradılması ümzakirə olunacaq. Eyni zamanda Adil əl-Cubeyri Kemp-Devid sammitinin əsas hədəfinin Amerika ilə əlaqələrin daha da inkişaf etdirilməsi olduğunu qeyd edib.
Yəməndə qüvvəyə minən atəşkəsə toxunan xarici işlər naziri bildirib ki, atəşkəsin uzanması husilərdən və keçmiş prezident Əli Abdullah Salehin davranışlarından asılı olacaq. Qeyd edək ki, körfəz ölkələrinin Amerikada keçiriləcək toplantısına Səudiyyə kralı qatılmayacaq. Bir sıra ekspertlər bu qərarın arxasında ABŞ-İran yaxınlaşmasından doğan narazılığın dayandığını iddia etsələr də, rəsmi ər-Riyad kralın KempDevidəgetməməsinin ABŞ-Səudiyyə münasibətlərindəki fikir ayrılıqları ilə əlaqəsinin olmadığını bildirib.
İranla yanaşı ABŞ-da Yəmənə humanitar yardım göndərməyə hazırlaşır. ABŞ dövlət katibi ConKerri bəyan edib ki, ölkəsi Yəmənə 67 milyon dollar dəyərində humanitar yardım göndərəcək.
Xatırladaq ki, bu il martın 26-da körfəz ərəb ölkələri koalisiyası Yəməndə devrilmiş prezident Mansur Hadini vəzifəsinə qaytarmaq məqsədilə bu ölkəyə qarşı hava hücumlarını başladıb. Hava zərbələrinin əsas məqsədi üsyançı husi qüvvələri və keçmiş prezident Əli Abdullah Saleh tərəfdarlarını M.Hadi hökumətini tanımasıdır. Ancaq hava zərbələri nəticəsində ölkə boyunca 1300-dən artıq dinc insan öldürülüb, minlərlə insan yaralanıb.

musavat.com



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az