İNSANLIQ naminə DÖYÜNƏN 65 yaşlı ÜRƏK
Tural Şiriyev
Həyatın qəribə təbiəti vardır: zamanın öz müasirini dəyərləndirməkdə aciz qalması mütləq həqiqətdir!
İnsana heç bir həyatşünaslıq kitabının öyrədə bilmədiyi ən dəyərli həqiqətləri məhz zaman izah edir, aydınlaşdırır. İnsana ən mühüm dərsləri, həm də ən kamil şəkildə, yalnız həyat öyrədə bilir və minnət duyğusunu bəxş etdiyi bütün dəyərlərin, sanki, yeni nəslə ötürülməsilə qəbul edir. Bəli, həyatın qayəsi belədir: bir insan valideynlərinin haqqını yalnız övladına ödəyə bilər və ödəməlidir. Bu haqqı tam mənasında valideynin biləvasitə özünə qaytarmaq isə mümkünsüzdür və həyat qaydalarına ziddir. Necə də acı bir həqiqətdir!
Dünyanın taleyi bir insanın həyat yoluna çox bənzərdir! Əgər biz diqqət etsək, görərik ki, bəşər tarixində ən ibtidai mərhələlərdən bu günə kimi bütün mütərəqqi inkişaf prosesinin, dəyişikliklərin əsası bilavasitə insanların elmi, əqli və mədəni təkamülünə bağlı olmuşdur. Bəşəriyyət isə sahib olduğu bütün maddi və mənəvi dəyərlərinə görə, müəllim adlanan daha müqəddəs və əzəmətli bir "valideyn”in haqqını qaytarmaqda həmişə aciz qalmışdır.
Bəli, Ulu Yaradan yer üzünə insanlığın mənəviyyata doğru inkişafı, hər cür tərəqqisi üçün məhz müqəddəs müəllimləri – peyğəmbərləri göndərdi. Təsadüfi deyil ki, Hz.Əli (ə) məhz bunu nəzərə alaraq: "Mənə bir hərf öyrədənin qulu olaram” – demişdir. Demək, buna görə müəllimlik ən müqəddəs peşə, müəllim isə cəmiyyətin ən üstün dəyəri hesab edilirmiş! Demək, həqiqətən də, müəllim cəmiyyətdə bütün üstünlüklərin və hər bir gözəlliyin təməlidir. Müəllimlik paklıqdır, vicdanlı olmaqdır, lazım gələrsə, təmənnasız zəhmətdir! Müəllim əriyən elə bir şamdır ki, gələcəyin insanlıq yoluna işıq saçır. Çünki bir insana verilən töhfə onun gələcək nəsillərinin səadəti üçün də zəmin yaradır, ilkin amilə çevrilir. Yəni, müəllim əməyi cərgəyə düzülmüş daşlara bənzəyən nəsillərin bir-birindən əxz etdiyi dəyərlərinə elə bir toxunuşdur ki, dünya durduqca, onun sirli aləmində hədəfə doğru irəliləyər, var olacaqdır!
Bu sual çox düşündürücüdür; ətrafımızda olan insanlar arasında valideynlik haqqı ilə müqayisəyə gələn bir haqq sahibi ola bilərmi?! Bəli, ola bilər! Çünki insana bəxş edilən nemətin haqqı, dəyəri, onu bəxş edənin məqsədinə və potensialına uyğun qiymətləndirilməlidir. Ehtiyacı olan birinə sərvəti aşıb-daşanla bir yoxsulun verdiyi eyni payın haqqı bərabər olmadığı kimi, övlad üçün edilən heç bir fədakarlıq da, sıradan bir insan üçün edilən fədakarlıqdan üstün sayıla bilməz. Çünki fədakarlığa dəyər qazandıran məhz insan sevgisidir. Övlada məhəbbət isə fərdilik səciyyəsi daşıyır və daha çox instinktdir.
Varlığında bütün bu həqiqətlərin aşkar olduğu bir şəxsiyyəti – bu gün müəllimlik peşəsinin bütün məziyyətlərini özündə daşıyan və sözün həqiqi mənasında gözlərinin nurunu bu yolda fəda edən, nadir insani keyfiyyətlərə sahib Rövşən müəllimi yaxından tanımanızı istəyirəm, dəyərli oxucular!
Rövşən Əhəd oğlu Ağayev 1951-ci ilin noyabr ayının 6-da Lerik rayonunun Züvüç kəndində, zəhmətkeş ailədə dünyaya göz açmışdır. Orta təhsilini başa vurduqdan sonra, N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun "Azərbaycan dili və ədəbiyyatı” ixtisasına daxil olmuşdur. Ali təhsilini müvəffəqiyyətlə başa vuran Rövşən müəllim doğulduğu rayonda əmək fəaliyyətinə başlayır və gənc olmasına baxmayaraq, bir il ərzində özünəməxsus elmi-pedaqoji bacarığına görə Lerikin təhsil ictimaiyyəti arasında böyük nüfuz qazanır. Bununla belə, həmin illərdə məktəb direktoru kimi də apardığı islahatlar, təlim-tərbiyə işində nizam-intizama olan yüksək tələbkarlığı və qısa bir zamanda əldə etdiyi yüksək nailiyyətlər bu gün də onu tanıyanların dilində dastandır.
Azərbaycanın hər bir diyarını özünə Vətən hesab edən Rövşən müəllim 1991-ci ildən həyatını həmişəlik olaraq Lənkərana bağladı. Lənkəranın Girdəni kənd orta məktəbində
Azərbaycan dili və ədəbiyyatı fənni üzrə tədris fəaliyyətinə başlayan Rövşən müəllimin gəlişi qısa müddət ərzində, bütövlükdə rayonun təhsil həyatında böyük əks-səda doğurdu. 90-cı illərin əvvəllərindən başlayaraq Lənkəran rayonu Girdəni kənd orta məktəbinin təhsil tarixində heç zaman görünməmiş sıçrayış və köklü dəyişiklik bu böyük şəxsiyyətin adı ilə bağlıdır. Qeyd edək ki, bir əsrlik yaşı olan sözügedən məktəbin bu günə kimi ali təhsilə yiyələnmiş məzunlarının 90 faizindən çoxu məhz Rövşən müəllimin bilavasitə əməyi ilə tələbə adını qazanmışdır. Onun dərs dediyi şagirdlər, demək olar ki, işitirak etdikləri bütün rayon və Respublika bilik olimpiadalarında, müxtəlif inşa-yazı müsabiqələrində ən yüksək nəticələrlə çıxış etmişlər. Onun pedaqoji nüfuzu bir neçə il ərzində şəhər və ətraf kəndləri də əhatə etdi və təhsil sahəsindəki xidmətlərinə görə 2004-cü ilin oktyabr ayında, Rövşən müəllim,
"Azərbaycan Respublikasının əməkdar müəllimi” fəxri adına layiq görüldü.
Özünün dediyi kimi, qəlbi daim gəncliklə döyünən Rövşən müəllim, bu gün də həyatını xalqımıza, gələcəyimiz olan gənclərimizin maariflənməsi işinə həsr etməkdədir.
Bu gün Rövşən müəllimin 65 yaşı tamam olur. Ömrünü insanlığın sağlam gələcəyi naminə fəda edən bu vətənpərvər insanı – əziz müəllimimizi biz də təbrik edir və ən xoş arzularımızı bildiririk!
Ömrünüz uzun, sevinciniz bol olsun, əziz Rövşən müəllim!
Miq.az