"İnternet mediada Qarabağ mövzusunun stimullaşdırılması” - Füzulidə dəyirmi masa
"Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə "İnternet media resurslarında Qarabağ mövzusunun stimullaşdırılması” layihəsi çərçivəsində Füzuli rayonunun Horadiz qəsəbəsində dəyirmi masa keçirib.
İctimai birlikdən verilən xəbərə görə, dəyirmi masada cəbhə bölgəsinə yaxın ərazidə yaşayan və informasiya mənbəyi hesab oluna biləcək insanlar iştirak edib.
Əvvəlcə Qarabağ mövzusunda internet resurslarda yazılan yazıların monitorinqinin nəticələri ilə bağlı MJTHY İB-nin sədri Asəf Quliyevin hesabatı dinlənilib. Bundan sonra mövzu ətrafında müzakirələr olub.
Daha sonra cəbhə bölgəsində yaşayan insanların media resurslarda Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı görmək istədikləri yazılarla bağlı fikirləri səsləndirilib.
Təhsil şöbəsinin metodisti Fazil Məhərrəmov hesab edir ki, bəzən yazılan yazılar yersiz həyəcan yaradır ki, bu da arzuolunan deyil.
Həkim Azad Məmmədov aprel döyüşləri barədə danışıb və həmin hadisələr zamanı yayılan yanlış xəbərlərdən söz açıb.
Müəllim Kənan Quliyev bildirib ki, məlumatlar hazırlanarkən konkret mənbələrə istinad olunmalıdır.
Həkim Sahib Səfərov müşahidəsini diqqətə çatdırıb: "Aprel döyüşləri vaxtı cəbhə bölgəsindən daha çox yazılmağa başlandı, lakin indi o aktivlik görsənmir. Səngərdə xidmət edən əsgərlərin yanına daha çox getmək lazımdır. Cəbhə xəttində baş verənlər barədə daha çox yazılmalıdır”.
Müzakirələrdən sonra layihənin yekununda müvafiq qurumlara təqdim etmək üçün hazırlanacaq müraciətdə yer alacaq təkliflər səsləndirilib. İctimai birliyin üzvləri tərəfindən dəyirmi masada səsləndirilən təkliflər qeydə alınıb və yekun hesabatda əksini tapması nəzərdə tutulub.
Miq.az