İqtisadi İnkişaf Nazirliyi “Unibank” ın fırıldağını aşkara çıxardı

İqtisadi İnkişaf Nazirliyi “Unibank” ın fırıldağını aşkara çıxardı

Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən reklam bazarında aparılan monitorinq zamanı “Unibank”  ASC-yə məxsus bukletdə və www.unibank.az saytında “Albalıkart çox-çox sərfəli kart!, Hissə-hissə ödə, faizsiz ödə, bonuslar qazan”  məzmunlu reklam xarakterli məlumatların verildiyi müəyyən edilib.

Nazirlikdən Publika.Az –a verilən məlumata görə, aparılmış araşdırmalar zamanı  “Unibank”la müqavilə bağlamış bəzi üzv ticarət obyektləri tərəfindən istehlakçılara  “Albalıkart”  kredit kartı vasitəsilə mallar satıldıqda, malın qiymətinin üzərinə ödəniş müddətinə uyğun faizlər əlavə olunduğu və bonusların verilmədiyi müəyyən edilib.

Qeyd olunan hallarda qanunsuz reklam üsullarından istifadə olunmaqla istehlakçıların çaşdırılmasına və haqsız rəqabətə səbəbolma əlamətləri olduğu müəyyən edilib. Bununla əlaqədar “Unibank”  barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara kreditlə faizsiz alış-veriş edilməsi barədə reklamlarda diqqətli olmağı, bu xidmətləri təklif edən təsərrüfat subyektlərinin xidmət şərtləri ilə daha yaxından tanış olmağı tövsiyə edir.

Xatırladaq ki, bir qədər əvvəl Publika.Az  taksit  kartları ilə bağlı araşdırmasında  “Unibank” və “Bank of Baku” nun istehlakçıları necə aldatmasından bəhs etmişdi. Orada kartlarla alış-verişin əhaliyə necə  yüksək faizlərə başa gəldiyi, eləcə də heç bir bonus verilmədiyi geniş əksini tapmışdı. http://publika.az/index.php?action=static_detail&static_id=52595&project_id=15



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az