İrəvan Azərbaycan raketlərinin hədəfində
Azərbaycan Müdafiə Nazirliyi Serj Sarkisyanın cavabını verdi
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan prezidenti Serj Sarkisyanın "İsgəndər” operativ-taktiki raketlərindən istifadə edilməsinə əmr verəcəyi barədə bəyanatına cavab verib.
İstiPress-in məlumatına görə, nazirliyin mətbuat xidmətindən bildirilib ki, Serj Sarkisyanın bu bəyanatı öz cinayətkar dəstəsinin itirilmiş nüfuzunu bərpa etmək və seçkiqabağı xal toplamaqla reytinqini yüksəltmək məqsədilə daxili auditoriyaya hesablanmış primitiv bir addımdır:
"Düşmən tərəf anlamalıdır ki, Azərbaycanın işğal edilmiş əraziləri, o cümlədən Ermənistanda yerləşən bütün hərbi təyinatlı və digər strateji əhəmiyyətli obyektlər ordumuzun son illər ərzində əldə etdiyi ən müasir raket və artilleriya qurğularının daim hədəfindədir.
Ermənistan tərəfindən yarana biləcək istənilən təhdid və hədələrin qarşısı dərhal və qətiyyətlə alınacaq. Görüləcək cəza tədbirləri nəticəsində Ermənistanın məruz qalacağı irimiqyaslı itkilər və dağıntılar qaçılmaz olacaq, onun üçün faciəvi və bərpası mümkün olmayan fəsadlara gətirib çıxaracaq. Odur ki, Ermənistanın rəhbərliyi belə məsuliyyətsiz bəyanatlar verməzdən əvvəl əhalisinin aqibətini düşünməlidir”.
Qeyd edək ki, Serj Sarkisyan işğal edilmiş Azərbaycan torpaqlarına səfəri zamanı Azərbaycanı hədələməkdən çəkinməyib. "Bu gün bizim oğlanlar düşmənin ərazisinin dərinliklərində onun hərəkətini izləyə bilirlər. Bu gün qonşumuzun ərazisinin bütün istiqamətləri üzrə ən vacib infrastrukturlara qədər müasir güclü zərbə qüvvəsi istiqamətlənib. Zərurət yaranarsa, Ermənistan Silahlı Qüvvələrinin baş komandanı, gözünü belə qırpmadan, "İsgəndər” komplekslərinin tətbiqi barədə əmr verəcək”, - deyə Sarkisyan bildirib.
Təbii ki, Ermənistan prezidentinin bu sözləri də seçki kampaniyası çərçivəsində işlədilib. Hər halda, "İsgəndər” kompleksləri Ermənistana məhz Kollektiv Təhlükəsizlik Təşkilatı Müqaviləsi (KTMT) çərçivəsində verilib və Qarabağda yox, Ermənistan ərazisində yerləşdirilib. Ermənistan ordusunun komandanlığı artıq bir neçə ildir ki, Moskvaya tabe idilib. Yəni "İsgəndər"lərin icazəsi Moskvanın əlindədir. Moskva isə dəfələrlə bəyan edib ki, Azərbaycanın hüquqi ərazisində, yəni işğal edilmiş torpaqlarda gedən müharibənin KTMT-yə dəxli yoxdur.
İşdir - şayət, Ermənistanda kimsə partizanlıq edərək raketləri Azərbaycan tərəfə raket yönəltmək istəsə, ordumuzun İrəvanı viran qoymasına presedent yarada bilər. Metsamor Atom Elektrik Stansiyasının yaxınlığında kiçik bir ərazidə yerləşən Ermənistan paytaxtı bir-iki raket zərbəsindən sonra uzun illər boyunca xaraba qala bilər. Son illərin təcrübəsi göstərir ki, ermənilər Gümrü və Vanadzor kimi viran qalmış şəhərlərə heç vaxt qayıtmaq istəmirlər.