"Mən jurnalistlərimizə bu cür məqamlara diqqət etmələrini tövsiyə edirəm”
Həmkarımız Rasim Əliyevin ölümü hamıya pis təsir edib. Bu, adi kriminal
hadisədən daha böyük effektə malik bir olaydır. Bəzi beynəlxalq
dairələr isə məsələni tam siyasiləşdirmək yolu tutub belə cəhdlərin
gələcəkdə də olmayacağına təminat yoxdur. Hadisənin digər və ən vacib
yönü isə Rasimə qarşı edilən həkim səhlənkarlığı ilə bağlıdır.
Bir çoxları əmindar ki, Həmkarımıza lazımi və peşəkar həkim müdaxiləsi
vaxtında edilsəydi, bu acı sonluq da yaşanmazdı. Bunlar aydındır.
Ancaq məsələyə bir qədər professional aspektdən yanaşmanın ortaya
qoyulmasını istərdik ki, bu vacib və bizi ciddi narahat etməyə başlayan
məqam gələcəkdə bu tip faciələrə səbəb olmasın. Amma maraqlıdır ki,
hadisənin bu aspektinə heç kim toxunmaq istəmir. Bu üzücü hadisə ilə
bağlı fikirləşəndə, istər-istəməz sual yaranır: hadisədə Rasimin hansı
səhvi olub?
Əvvəlcədən bildirək ki, bu səhvin Rasimin öz fb səhifəsində nə yazması
ilə bağlantısı yoxdur. Çünki tənqidə görə jurnalistlə belə haqq-hesab
çürütmürlər. Hətta həmin yazıda təhqir elementləri olubsa belə, onu həll
etmək üçün daha sivil yollar mövcuddur. Heç kim Rasimə qarşı edilən
cinayətə haqq qazandıra bilməz.
İndisə gəlin görək, jurnalistin başına bu faciə necə və hansı şəraitdə gəlib? O, yazdığı yazıya görə əvvəlcə onu təhqir edən, sonra görüşə çağıran tanımadığı, heç sifətini belə görmədiyi bir şəxslə görüşə çıxıb. Özü də harda? Küçənin ortasında! Professionallıq nöqteyi-nəzərindən yanaşsaq, bu böyük yanlışlıqdır. Ciddi jurnalistika ilə məşğul olanlar üçün beynəlxalq qurumların maliyyə dəstəyilə media nümayəndələrinin təhlükəsizliyinin necə qoruması ilə bağlı çoxsaylı təlimlər keçirilir. Həmin təlimlərə dünyanın ən ciddi və risqli mövzularından yazan, bu sahədə böyük təcrübəsi olan jurnalistlər mühazirə demək üçün dəvət olunur. Bu təlimlərdə jurnalistlərə başa salınır ki, jurnalistin peşə fəaliyyətilə bağlı kiminləsə naməlum yerdə görüşməsi doğru deyil. Belə görüşlər bir neçə nəfərin iştirakı ilə yalnız redaksiyada baş tutmalıdır. Bəlkə də bu xatırlama bəzilərinə adi görünə bilər. Əminəm ki, bu qaydanı bilən və ona əməl edən jurnalistlərimiz də az deyil. Ancaq bilməyənlər üçün belə maarifləndirmənin böyük təsiri olur. Hər halda, bu cür məqmlarla bağlı ciddi təbliğatın aparılması vacibdir ki, gələcəkdə oxşar hadisələr baş verməsin.
Tanınmış media eksperti Azər Həsrətə də bu sualla müraciət etdik: jurnalistin tanımadığı adamla görüşə çıxması nə dərəcədə doğrudur?
Ekspert qəzetimizə açıqlamasında bildirdi ki, jurnalistlərin hansı şəraitdə kiminlə görüşməsi olduqca önəmlidir: "Bu
məsələdə həmkarlarımız diqqətli olmalıdır, xüsusən də tanımadıqları
adamlarla görüşərkən. Jurnalistlərin təhlükəsizliyi məsələsində bu
olduqca önəmli faktordur. Son hadisədə də jurnalist barəsində tənqid
yazdığı adamların qohumlarının dəvətini qəbul edərək görüşə çıxıb.
Nəticədə
ona şiddət tətbiq olunub, o döyülüb. Belə bir faktın özü başqa
jurnalistlərə çağırış olmalıdır ki, təsadüfi adamların dəvətilə görüşə
getmək lazım deyil. Xüsusilə də ortada mübahisəli mövzu olanda. Hazırda
bizim jurnalistlər arasında bu səhvi təkrarlayacaq adamlar az deyil.
Bunun üçün də həmkarlarımızla bu mövzuda maarifləndirici iş
aparılmalıdır.
Təhlükəsizlik
məsələsinə bütün dünya mediasında xüsusi önəm verilir. Dünyanın
müxtəlif yerlərində keçirilən kurslarda iştirak edərkən dəfələrlə bu
məsələyə diqqət yönəldildiyini görmüşük.
İzah
olunub ki, jurnalist şübhəli çağırışlara getməməlidir. Getdikdə isə
yanında mütləq adam olmalıdır. Mən jurnalistlərimizə bu cür məqamlara
diqqət etmələrini tövsiyə edirəm”.