Aprelin 20-22-də Azərbaycan Texniki Universitetinin idman zalında kikboksinq üzrə XVIII Azərbaycan çempionatı keçirildi. Yarışda 48 klubdan 480 idmançı bacarığını nümayiş etdirdi. Respublika çempionatına regionlardan da çoxlu sayda idmançılar qatılmışdılar. Naxçıvan, Quba, Qazax, Gəncə, Göy-göl, Şəmkir, Samux, Kürdəmir, Goranboy, Salyan, Şirvan, Mingəçevir, Göyçay, Xaçmaz, Ağdam, Kəlbəcər, Qubadlı kimi digər şəhər və rayonların idmançıları Azərbaycan çempionatında qüvvələrini sınadılar. Paytaxt klublarından isə "Neftçi" İSM, "Sərhədçi" OİM, "DİN" İC, "Rabitə", "Qızıl əlcək", "Fərhad", "Məhəmmədəli", "Döyüşçü", "Asəf", "Sarvan" idman klublarının kikboksinqçiləri qalib adı uğrunda mübarizə apardılar.
Aprelin 21-də ölkə çempionatının təntənəli açılış mərasimi keçirildi. Açılış mərasimində Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev, Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi Tofiq Eyvazov, vitse-prezidentlər Güloğlan Cabbarov, Ramiz Quliyev, yığma komandanın rəisi Sadıx Bağırov, federasiyanın Baş katibi Rüstəm Rüstəmov, idman ictimaiyyətinin tanınmış nümayəndələri iştirak edirdilər. Azərbaycan Kikboksinq Federasiyasının prezidenti tədbir iştirakçılarını salamlayaraq, idmançılara uğurlar arzuladı. Ölkəmizdə idman sahəsində əldə olunan uğurlardan danışan Adil Əliyev bu sahəyə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açdı. "Ölkəmizdə idmana dövlət tərərəfindən xüsusi diqqət və qayğı göstərilir. Bu qayğının nəticəsidir ki, artıq respublikamiz inkişaf etmiş, formalaşmış bir idman ölkəsi kimi tanınıb. Ölkəmizdə idmanın daha da populyarlaşması və inkişaf etməsi, bu sahənin kütləviliyin təmin edilməsi istiqamətində lazımi işlər görülür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2012-ci ilin "İdman ili" elan olunması bunun əyani sübutdur. İqtisadi, siyasi və mədəni cəhətdən dünyanın inkişaf etmiş ölkələri sırasında olan Azərbaycan, həm də idman ölkəsi kimi tanınır. Beynəlxalq turnirlərdə iştirak edən təmsilçilərimiz onlara bəslənilən ümidləri layiqincə doğruldaraq istər Olimpiya, istərsə də, qeyri-Olimpiya idman növləri üzrə böyük uğurlar qazanırlar. Sevindirici haldır ki, digər idman növlərində olduğu kimi, kikboksinqdə də uğurlar əldə olunur. Döyüşçülərimiz müxtəlif mötəbər yarışlardan vətənə medallarla dönürlər", - deyə o əlavə etdi.
Sonra kişilər və katedlər arasında döyüşlərə start verildi. 51 kq çəki dərəcəsində "Gömrükçü" İK-in təmsilçisi Elşad Ələsgərov hamıdan üstün oldu. 54 kq-da "Qızıl əlcək" İk-in idmançısı Kamran Orucov qələbə qazandı. 57 kq çəkidə Cahangir Məmmədov ("Qızıl əlcək") fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin (DİN İC) üzvü Ramal Aslanov 60 kq-da çempionluq hissini yaşadı. 63,5 kq çəki dərəcəsində Arzuman Qədimov ("Naxçıvan" İK) çempionluğunu bayram etdi. 67 kq-da Məhəmməd Nəsirov ("Qızıl əlcək" İK), 71 kq-da Araz Pirməmmədov ("Neftçi" İSM) qızıl medala sahib çıxdılar. 75 kq-da Şamil Yusifov ("Kaspian" İK), 81 kq-da isə "Neftçi" İSM-in tələbəsi Kamil Şərifov qələbə qazanmaqla hamıdan güclü olduğunu nümayiş etdirdilər. 86 kq-da Samir Kazımov ("Qızıl əlcək") qələbə sevinci yaşadı. Bu klubun yetirməsi Anar Məmmədov 91 kq çəki dərəcəsində birinci yeri tutdu. Ən ağır çəkililərin mübarizəsindən isə "Neftçi" İSM-in idmançısı Ağalar Sadıxzadə qalib kimi ayrıldı. Ümumi hesabda "Qızıl əlcək" idman klubunun yetirmələri fəxri kürsünün ən yüksək pilləsində yer aldılar. Turnirin gümüş medalını isə "Neftçi" İSM qazandı. "DİN" İC-in təmsilçiləri üçüncü yerlə kifayətlənməli oldular. XVIII Azərbaycan çempionatının qalibləri federasiya rəhbərliyi tərəfindən üzərində "2012-ci il İdman ili" qeyd olunmuş kubok, medal və diplomlarla mükafatlandırıldılar.
Ölkə çempionatı başa çatdıqdan sonra idman rəsmiləri və məşqçi-mütəxəssislər yarışla bağlı təəssüratlarını bizimlə bölüşdülər:
Güloğlan Cabbarov (Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti):
- Kişilərin və kadetlərin XVIII Azərbaycan çempionatında perspektivli və mübariz idmançıların döyüşlərinin şahidi olduq. Bu, çempionata başqa bir gözəllik qatdı. Final görüşləri, əvvəlki illərə nisbətən, daha maraqlı və gərgin keçdi. Bu yarışdan sonra yığma komandamızın tərkibi də bəlli oldu. Yığma komanda ilə birlikdə təlim-məşq proseslərimizi davam etdirəcəyik. İdmançılarımızı mayda Macarıstanda təşkil olunacaq Dünya kuboku gözləyir. Əsas məqsədimiz beynəlxalq yarışda uğurla çıxış edib, daha çox medal qazanmaqdır. Bütün idmançılarmızdan razıyam. Hakimlər də yarışda ədalət prinsipini axıra qədər qorudular.
Rüstəm Rüstəmov (Azərbaycan Kikboksinq Federasiyasının Baş katibi):
- Ölkəmizdə idmana dövlət tərərəfindən xüsusi diqqət və qayğı göstərilir. Bu qayğının nəticəsidir ki, artıq respublikamız bir idman ölkəsi kimi tanınıb. Ölkəmizdə idmanın daha da populyarlaşması istiqamətində lazımi addımlar atılır. Respublikamızda inkişaf etmiş idman növlərindən biri də kikboksinqdir. İstər paytaxtımızda da, istərsə də regionlarımızda bu idman növünə olan maraq günü-gündən artmaqdadır. Bu növün populyarlığını artırmaq üçün Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev tərəfindən böyük işlər görülür. Federasiya tərəfindən idmançılara müvafiq imkanlar, onların beynəlxalq yarışlarda çıxışları üçün şərait yaradılır. Kikboksinqin kütləviliyini artırmaq məqsədi ilə paytaxtda və bölgələrdə klub, cəmiyyət və məktəblər istifadəyə verilir. Dövlətimizin diqət və qayğısı nəticəsində bu idman klubları, cəmiyyətlər və məktəblər öz fəaliyyətlərini genişləndirərək yüzlərlə gənci idmana cəlb edirlər. Hər il keçirilən ölkə çempionatı və birinciliklərində yüzlərlə idmançı qüvvəsini sınayır. XVIII Azərbaycan çempionatı da çox maraqlı keçdi. Qalib gəlmiş idmançıları təbrik edir, onlara müvəffəqiyətlər arzulayıram.
Hikmət Hacıyev (Yeniyetmə və gənclərdən ibarət yığma komandanın baş məşqçisi, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin kikboksinq üzrə baş məşqçisi):
- Kişilər və kadetlərarası XVIII Azərbaycan çempionatında bizim idman cəmiyyətindən 31 nəfər kişilərdə, 4 nəfər kadetlərdə olmaqla, 35 idmançı turnirin qızıl medalları uğrunda mübarizəyə qoşuldu. Ümumilikdə yarış çox gözəl keçdi. Bildiyiniz kimi, kikboksinq artıq paytaxda deyil, bölgələrimizdə də, öz inkişaf yolunu tapmağa başlayıb. Bu gün biz bunun bir daha şahidi olduq. Bölgə təmsilçilərimizin mükafatçılar siyahısına düşməsi, onların paytaxt idmançıları ilə bərabər rəqabət aparması inkişafdan xəbər verir. Bizim idman cəmiyyəti də, idmanın bütün növlərinə diqqət ayırdığı kimi, kikboksinqə də böyük önəm verir. Kikboksinq bölməmizdə 270 nəfərdən çox idmançı məşq edir. Bu idmançıların əksəriyyəti beynəlxalq yarışlarda yüksək nəticə göstərənlərdir. Ümumiyyətlə, kikboksinq, qeyri-Olimpiya idman növlərinə daxil olmasına baxmayaraq, ölkəmizdə kifayət qədər populyarlıq qazanıb.
Ehram Məcidov ("Neftçi"İSM-in kikboksinq üzrə baş məşqçisi):
- Ölkəmizdə kikboksinqə maraq günü-gündən güclənir, idmançılarımızın sayı artır, bu idman növünə olan maraq dairəsi genişlənir. XVIII Azərbaycan çempionatında paytaxt idmançılarının üstünlük təşkil etməsinə baxmayaraq, bölgə idmançıları da, yüksək səviyyədə çıxış etdilər. Builki ölkə çempionatı çox yüksək səviyyədə təşkil olundu. Azərbaycan çempionatında bölgələrimizi təmsil edən idmançıların çox güclü döyüş nümayiş etdirməsi, şəxsən məni çox sevindirdi. İnşallah, onlar da respublikamızı digər ölkələrdə layiqincə təmsil edəcək və bayrağımızı yüksəklərə qaldıracaqlar. Qarşıda bizi Brazilyada keçiriləcək Dünya kuboku gözləyir. İnanırıq ki, idmançılarımız bu yarışda ölkəmizin idman şərəfini layiqincə qoruyacaqlar. Yığma komandanın tərkibində "Neftçi"İSM-in idmançıları üstünlük təşkil edir. Yetirmələrimiz XVIII Azərbaycan çempionatında ümumi komanda hesabında ikinci yerlə kifayətlənməli oldular.
Rəhim Allahverdiyev ("Qızıl Əlcək" klubunun baş məşqçisi):
- Çempionat yüksək səviyyədə təşkil olundu. Kadetlər üzrə yarışların baş hakimi idim. Baş məşqçisi olduğum "Qızıl əlcək" klubu respublikamızda kikboksinq sahəsində öz sözünü demiş, ən qabaqcıl idman ocaqlarından biridir. Klubumuz həmişə kadetlərin və yeniyetmələrin Azərbaycan çempionatında komanda hesabında birinci olub. Bu çempionatda da, həm kişilərin, həm də kadetlərin yarışında idmançılarımız yüksək nəticələr göstərdilər.
XVIII kişilər və kadetlərarası Azərbaycan çempionatında bizim klubdan 15 nəfər kişilərdə, 25 nəfər katedlərdə olmaqla, 40 nəfər idmançı turnirin baş mükafatına sahib çıxmaq uğrunda mübarizəyə qoşuldu. Tələbələrim 5 qızıl, 4 gümüş və 2 bürünc medal qazandılar. Bu göstəricilərə əsasən, "Qızıl əlcək" klubu ümumi komanda hesabında birinci yerə layiq görüldü. Məşqçi olaraq, onu da qeyd edə bilərəm ki, paytaxtımızda, o cümlədən bölgələrimizdə perspektivli və mübariz idmançılar yetişir. Final oyunlarına vəsiqə qazanan idmançıların arasında artıq bölgə təmsilçilərimizin də adına rast gəlirik. Bu fakt onu göstərir ki, kikboksinq idman növü təkcə paytaxtda deyil, bölgələrdə də inkişaf edir. Bir daha qələbə əldə etmiş bütün idmançıları təbrik edirəm.
Rafiq Xudayev (“Sarvan” idman klubunun baş məşqçisi):
- Bildiyiniz kimi, Azərbaycan Kikboksinq Federasiyası ölkə idmanın inkişafına öz töfhəsini verir. İdmançılarımızın sayı günü-gündən artır. Bu çempionatdan məşqçi kimi çox razı qaldım. Kadetlərin yarışında biz yeddi nəfər idmançı ilə təmsil olunduq. Az sayda idmançı ilə iştirak etməyimizə baxmayaraq, bir qızıl, bir gümüş və bir bürünc medal əldə etdik. Tələbələrimin çıxışlarından razı qaldım. Bu gün ölkə çempionatında birinci yer tutan kikboksinqçilərimizə isə dünya və Avropa birinciliklərində ölkəmizin idman şərəfini layiqincə qorumalarını arzu edirəm.
Eduard Məmmədov, "Neftçi"İSM-nin məşqçisi:
- Mən bir idmançı kimi, həmişə respublika biriniciliklərində iştirak etmişəm və 15 dəfə çempion titulunu qazanmışam. Budəfəki yarışda isə gənclərə üstünlük verilmişdi. "Neftçi"İSM bu dəfə komanda hesabında ikinci pilləyə yüksəldi. Tələbələrimdən ikisi çempion titulunu qazandı. Mən özüm may ayında Braziliyada keçiriləcək Dünya kubokuna hazırlaşıram. İnanıram ki, orada inamla döyüşərək bayrağımızı ucaldacağam. Qələbə qazanan idmançılarımıza müvəffəqiyyətlər diləyirəm.
Fuad Zeynalov (Sərhədçi Olimpiya İdman Mərkəzinin kikboksinq üzrə baş məşqçisi):
- Respublika çempionatına 12 nəfər idmançı ilə qatılmışdıq. Bu yarışda idmançılarımız iki qızıl, iki gümüş və üç bürünc medal əldə etdilər. Nəzərə almaq lazımdır ki, bizim komanda yeni yaradılıb, hələ gəncdir. Bu baxımdan qazanılmış nəticə qənaətbəxş hesab oluna bilər. Ümumilikdə yarış çox maraqlı keçdi.
Ceyhun Abbasov (yarışların hakimi):
- Ölkə çempionatı çox yüksək səviyyədə təşkil olunmuşdu. Mən bu yarışda hakim qismində iştirak etdim. Ümumiyyətlə, ölkə çempionatı 5 beynəlxaq dərəcəli hakim tərəfindən idarə olunurdu. Ədalət təmsilçiləri bütün görüşlərdə düzgün qərarlar verdilər. Yəni hakimliklə bağlı heç bir narazılıq olmadı.
Kikboksinq üzrə
XVIII ölkə çempionatının qaliblərı:
Kişilər:
51 kq
1. Elşad Ələsgərov ("Gömrükçü" İSM)
54 kq
1. Kamran Orucov ("Qızıl əlcək" İK)
57 kq
1. Cahangir Məmmədov ("Qızıl əlcək" İK)
60 kq
1. Ramal Aslanov (DİN İC)
63,5 kq
1. Arzuman Qədimov ("Naxçvan" İK)
67 kq
1. Məhəmməd Nəsirov ("Qızıl əlcək" İK)
71 kq
1. Araz Pirməmmədov ("Neftçi" İSM)
75 kq
1. Şamil Yusifov ("Kaspian" İK)
81 kq
1. Kamil Şərifov ("Neftçi" İSM)
86 kq
1. Samir Kazımov ("Qızıl əlcək" İK)
91 kq
1. Anar Məmmədov ("Qızıl əlcək" İK)
+91 kq
1. Ağalar Sadıxzadə ("Neftçi" İSM)
Ümumi komanda hesabı:
1. "Qızıl əlcək" İK
2. "Neftçi" İSM
3. DİN İC