Koronavirusla müharibənin döyüşçülərindən biri: doktor Elşən Əliyev
Dünyanın koronavirus, COVİD- 19 pandemiyası ilə savaşında insanların diqqətlə izlədikləri hadisələr ancaq bu qorxunc virusla bağlı xəbərlər olmadı, hər bir dövlətdə olduğu kimi, bizdə- Azərbaycanda da cəmiyyət günün və günlərin qəhrəmanlarını tanıdı.
Əlbəttə, koronavirus pandemiyasının "dünyanı dolaşdığı” və sərhədlərimizə yaxınlaşmaq məqamlarında ölkə vətəndaşlarının bütün diqqəti məmləkətimizin ali siyasi rəhbərliyinə, Prezident İlham Əliyevə yönəldi. Bu qeyri- standart məqamlarda ölkə rəhbərinin vaxtında, situasiyanı öyrənib qiymətləndirdikdən sonra atdığı addımların birinci uğurlu cəhəti ondan ibarət idi ki, dövlətin tədbirləri, ilk növbədə, əhali arasında vahimə və çaşqımlıq yaratmadan, sistemli ardıcıllıqla hazırlanıb həyata keçirilirdi. İlk belə tədbir daha çox risk yükü olan sərhəd qapılarını bağlamaqla bağlı oldu. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və digər dövlətlərin təcrübələrini nəzərə alaraq, koronavirus riskinin yayılması ilə əlaqədar 29 fevral 2020-ci il tarixindən saat 16.00-dan etibarən iki həftəlik müvəqqəti dövr ərzində Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dövlət sərhədlərinin məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar qəbul edildi. Ölkə üzrə vahid koordinasiya mərkəzinin yaradılması ideyası da dövlətin başçısının adı ilə bağlı oldu və Nazirlər Kabineti yanında Operativ Qərargah beləcə təşkil edilərək fəaliyyətə başladı. Bu fəaliyyət zamanı müxtəlif dövlət qurumlarının dəqiq və qüsursuz bir mexanizm halına gətirilməsi xüsusi olaraq diqqəti cəlb edən hal idi və o mexanizmdə səhiyyə nazirliyinin üzərinə düşən əsas yükün ağırlığı ilə bərabər məsuliyyəti də seçilirdi. Operativ Qərargahın
ölkədə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar müvafiq xəstəxanalar ayrılıb, karantin zonaları yaradılması haqqında qərar həmin yükü aydın fokuslaşdıra bildi. Üstəlik, koronavirusun aşkar olunduğu ölkələrdən gələn şəxslərin müayinəsi ilə bağlı zəruri tədbirlər həyata keçirilməsi, ixtisaslaşmış xəstəxanalar və laboratoriyalarda xəstəliyin müayinəsi-müalicəsi üçün müvafiq avadanlıqlarla və dərman preparatları ilə təmin edilməsi qarşıda duran vəzifələrin asan olmadığını göstərirdi. Operativ Qərargahın tədbirlər planına uyğun olaraq peşəkar həkimlərin bölgələrdə bu məqsədlə ayrılmış xəstəxanalara ezam olunmaları, infeksiyaya yoluxmuş şəxslərin müalicəsinə cəlb edilmələri praktikasının işə salınması da bu istiqamətdə işlərin məhsuldarlığına yönəldi.
COVİD- 19.a qarşı mübarizə çərçivəsində paytaxtla bərabər, ölkənin bütün regionlarını əhatə edən Mərkəzlər yarandı. Belə qurumlardan biri Ağdaş,Qəbələ,Yevlax,İsmayıllı,Göyçay,Mingəçevir,Ucar,Zərdab və Ağsunu əhatə edən Ağdaşdakı Mərkəzi Xəstəxananın bazasında təşkil edilmiş regional Pandemiya ilə mübarizə Mərkəzi oldu. Mərkəzlə rabitə əlaqəsi saxlayaraq görülən işlərin gedişi ilə maraqlanırıq. Baş həkim ümumi məlumat verməklə kifayətlənir, statistika ilə bağlı sualların səhiyyə nazirliyinə ünvanlanmasını xahiş edir və biz bu "diplomatik yayınmanı” koronavirusun elan etmədən başladığı müharibə qanunlarından biri kimi qəbul edirik. Paytaxtdan ezam olunan həkimlərlə bağlı sualımıza isə İntiqam həkim həvəslə cavab verir, Mərkəzdə Bakıdan gəlmiş iki həkimin çalışdığını çox yüksək əhval-ruhiyyə ilə bildirir və "onlardan biri yanımdadır,yeri gəlmişkən,bu gün onun 60 yaşı tamam olur, istəsəniz danışın”- deyir.
Beləcə, ancaq doğmaları və tanışlarının, bir də həmkarlarının tanıdıqları,ancaq cəmiyyətimizin, xüsusilə gəncliyimizin tanımalı olduğu həkimlə tanış oluruq. Onunla telefonda, uzaqdan-uzağa söhbət edirik, apardığım qeydlərdən isə bəlkə özünün də xəbəri olmur. Mən isə qeydlərimi aparıram: Bakının Rəsulzadə qsəbəsindəki Əjdər Məlikov adına 6 nömrəli Birləşmiş şəhər Xəstəxanasının reanomotoloqu Elşən Nurəddin oğlu Əliyev. Onu da öyrənirəm ki, bu, səhiyyə nazirliyinin koronavirusla mübarizə çərçivəsində regionlara getmək çağırışna könüllü qoşulan doktor Əliyevin ilk "könüllülük səfəri” deyil. Bir vaxtlar, 1990-cı ildə, erməni silahlı birləşmələrinin artıq Dağlıq Qarabağda apardıqları hərbi əməliyyatlar fonunda Ermənistanla həmsərhəd rayonlarımızı da hədəfə aldığı məqamlarda Zəngilan,Qubadlı, Laçın rayon sakinlərinə tibbi dəstək üçün də könüllü getmişdi. Müharibənin artıq Dağlıq Qarabağ sərhədlərini aşdığı məqamlarda, qanlı hərbi əməliyyatlar zamanı da doktoq Elşən Əliyev hərbi səhra həkimlərinin çatışmadığı vaxtlarda, 1992-ci ilin yaında Ağdamın Mahrızlı kəndində yerləşən hərbi hospitalda peşəkar reanomotoloq kimi könüllü olaraq aylarla çalışıb.
Bu- belədir, bütün əxlaqlı adamlar kimi, bütün söhbətimiz ərzində doktor Əliyevin "vətənpərvərlik”lə dolu hansısa pafoslu danışığını eşitmədik və deyim ki, onun bu cəhəti bizi çəkdi: Vətən üçün sakitcə, haysız-küysüz nəsə bir iş görmək istəyi.
Doktor Elşən Əliyevin həmkarları arasında ancaq peşəkarlığına görə deyil,bir həkim kimi öz üzərində çalışmağını isə o fakt təsdiq edir ki, o, iki dəfə, 2000 və 2002-ci illərdə Amerika Birləşmiş Ştatlarının Virciniya ştatındakı Riçmand şəhərində, nüfuzlu "Mein hospital” –da kursları bitirib.
"Doktor, bəs bu göstəricilərinizlə niyə çalışdığınız 6 nömrəli xəstəxanada sıravi həkim kimi qalıbsınız”- sualımı isə sanki gözləyirmiş kimi, "Yox, sıravi olmamışam, uzun illər həmin xəstəxanada Reanimasiya şöbəsinin müdiri kimi çalışmışam, bu yaxınlarda məsləhət gördülər ki, sıravi həkim keçim və keçdim”- deyir. İnciksiz-filansız deyir, sanki belə də olmalıymış...
Onu da öyrənirik ki, doktor Əliyev ölkənin ictimai-siyasi həyatına laqeyd qala bilmir, bəlkə buna görə də çalışdığı xəstəxanada YAP-ın ilk təşkilatını hələ 90-cı illərin əvvəllərində o yaradıb, YAP I qurultayının nümayəndəsi olubdur.
Əlbəttə, bütün bunları onun portretini tamamlayan ştrixlər kimi qəbul etmək olar.
Amma hesab edirik ki, Elşən Əliyevin tale ştrixlərini Azərbaycan Tibb Universitetində müəllimliklə bərabər, doktor Əliyevin, iki oğlu bərabər, nəvələrinin yükünü də ən böyük səadət bilən bir Qadın tamamlayır.
Bu,istənilən ailə üçün xoşbəxtliyin formulasıdır.
Firuz Kazımoğlu,
"Polemik.az”