Sadıq Murtuzayev: «Bu yenilik ölkənin ixrac potensialını artıra bilər»
Artıq daxili bazarda bəzi yerli məhsulların idxal məhsullarından qat-qat keyfiyyətli olması danılmaz reallıqdır. Bu istehlakçılar tərəfindən də qəbul edilib. Əlbəttə ki, xaricdə, eyni zamanda MDB məkanında da Azərbaycan məhsulları özünün yüksək keyfiyyəti ilə tanınır. Bu məhsulların genetik modifikasiyaya məruz qalmadıqlarını hər bir xarici vətəndaş yaxşı bilir.
Lakin xoşagəlməz hal ondan ibarətdir ki, bəzən xarici bazarda yerli məhsullarımız digər ölkənin məhsulu kimi təqdim edilir. Bunun qarşısının alınması üçün artıq buğda sortlarının, eləcə də Göyçay narı, Quba alması, Lənkəran limonu, Şamaxı üzümü və digər yerli meyvə-tərəvəzin pasportlaşdırılması aparılacaq. Buna əsasən də məhsulların xarici bazarlara çıxışı asanlaşacaq.
Ekspertlərin fikrincə, xarici bazar istehlakçılarının hər zaman təmiz məhsullara üstünlük verdiklərini nəzərə alsaq, bu yenilik ölkənin ixrac potensialını artıracaq. Azərbaycan Fermerlər İttifaqının sədri Sadıq Murtuzayevin sözlərinə görə, pasportlarda həmin məhsullar haqqında bütün genetik məlumatlar öz əksini tapacaq:
«Kənd təsərrüfatı sahəsində tətbiq ediləcək bu yenilik nəticəsində həm də ixrac üçün yaxşı potensial yarana bilər. Kənd təsərrüfatı məhsullarının pasportlaşdırılması ölkədə kənd təsərrüfatının inkişafı, istehsalçıların bazara çıxışının yüngülləşdirilməsi üçün əsas vasitələrdən biridir. Hər hansı məhsulu xarici bazara çıxarmaq üçün həmin məhsulun kimliyi sübut olunmalıdır. Bu əvvəllər sertifikatla müəyyənləşdirilirdi. İndi isə bu sertifikatlar konkret olaraq birləşdirilərək ümumi pasportun hazırlanması nəzərdə tutulur. Əgər bu pasport hazırlanarsa, artıq məhsullarımızın xarici bazarlara çıxarılması asanlaşır».
Ekspertin sözlərinə görə, üzərində belə sənəd olan məhsul üçün xarici bazarlarda daim yaşıl işıq yanacaq: «Məhsullara pasport verilməsi kooperasiyaların yaradılması üçün zəmindir. Çünki istehsalçılar məhz satış birliyində birləşdikləri halda onların yüksək rəqabətə davamlı məhsulla xarici bazara çıxış imkanları genişlənəcək. Bu gün kiçik istahsalçıların paspotlaşmanı müstəqil aparmaq imkanları zəifdir. Azərbaycanda kənd təsərrüfatı sahəsində xidmət, məsləhət sahələrinin genişlənməsi artıq bu gün tələbdən doğan obyektiv reallığa çevrilib. İstehsal var, son dövrlərdə, xüsusilə ötən il Azərbaycanda çox böyük miqdarda kənd təsərrüfatı məhsulları istehsal olunub. İstehsaldan sonra məhsulun bazara çıxarılması, satışının təşkil olunması, emala göndərilməsi istiqamətində fermerin bilgiləri və imkanları azdır. Bu işlə həmin yaradılan xüsusi şirkətlər məşğul olmalıdır».
Qeyd edək ki, kənd təsərrüfatı məhsulları ilə yanaşı ölkədə istehsal olunan bütün məhsullara pasportların verilməsi planlaşdırılır. Bu işin təşkili isə mövcud qanunvericiliyə dəyişikliklərin edilməsi ilə mümkün ola biləcək.