Saxta pivələr insanları ölümə aparır
Havalar isti keçməsi sərinləşdirici içki növləri ilə yanaşı, pivənin də bazarına müsbət təsir göstərib. Məlumdur ki, yerli istehsalla yanaşı, xarici ölkələrdən də respublikamıza pivə idxal edilir. Statistik məlumata görə, Azərbaycan xarici ölkələr arasında ən çox pivəni Rusiyadan idxal edir. Amma bütün bunlara baxmayaraq, yerli pivə bazarında təmiz rəqabət hökm sürmür. Pivəyə tələbatın artması bəzi işbazları qazanc xatirinə kustar üsulla pivə hazırlayan kiçik sexlər açmağa sövq edib. Gizli fəaliyyət göstərən belə sexlərin istehsal etdiyi pivələr isə, əsasən, butulkalarda deyil, boçkalarda bazara buraxılır.
Belə məhsullar lazımi qaydalarla hazırlanmadığından onu içən insanların səhhətində bəzi problemlər yaradır. Uroloq Hafiz Cəfərovun sözlərinə görə, keyfiyyətsiz pivə, ilk növbədə, insan orqanizmində böyrəkləri sıradan çıxarır, ümumiyyətlə, böyrəyi xəstə olan insanlar bu içkini qəbul etməkdən çəkinməlidirlər. O bildirir ki, belə pivələri içən insanların böyrəkləri funksiyasını get-gedə itirir. Onun sözlərinə görə, tərkibinə zərərli maddələr qatılan ucuz və keyfiyyətsiz pivələrdən mütəmadi istifadə isə böyrəklərin çürüməsinə gətirib çıxara bilər.
Pivənin hazırlanması üzrə mütəxəssis Rafiq Əsgərovun sözlərinə görə, pul qazanmaq üçün məşhur pivələri saxtalaşdıran işbazlar kustar üsuldan ən çox pivənin açıq satışında istifadə edirlər. R.Əsgərovun qənaətincə, açıq halda satılan pivələrin hər dörd bakalından biri saxtadır. R.Əsgərov deyir ki, pivənin istehsalında texnoloji dövr 7 gündən 42 günə qədər olduğu halda, gizli yolla pivə istehsal edən sexlərdə istehsal müddəti uzun olduğundan istehsal sadələşdirilir. Həmin sexlərdə pivənin tərkibinə qatılan bahalı xammal əvəzinə ucuz və keyfiyyətsiz xammal qatılır. Nəticədə pivə dadsız və uzunmüdətli olmur. Mütəxəssis deyir ki, əgər pivənin tərkibinə qatılan hansısa bahalı inqridiyent dəyişdirilərsə, bu, saxtakarlıq deyil: "Ancaq kustar üsula əl atan istehsalçılar pivənin mayasını da dəyişdirirlər. Bu, əsl saxtakarlıqdır".
Əsgərovun sözlərinə görə, pivənin keyfiyyətini onun rənginə və qatı olan köpüyünə görə müəyyən etmək olar. Təmiz pivə şəffaf və parıltılı olur. Mütəxəssis deyir ki, saxta pivəni təmiz pivədən alıcılar özləri də ayıra bilərlər. "İstehlakçılar butulkada olan pivənin saxta olub-olmadığını müəyyənləşdirmək üçün butulkanı tərsinə çevirsinlər. Əgər o zaman butulkanın arxasında çoxlu qovucuqlar qalırsa, deməli, həmin pivə saxtadır. Ən qorxulu və sağlamlığa zərəli pivə odur ki, pivəni az süzürsən ancaq həddən artıq köpüklənir". Əsgərov deyir ki, pivə həddən artıq köpüklənməməlidir. Əgər pivəni az süzəndə həddən artıq köpüklənirsə, deməli, işbazlar köpükəvəzedici kimi pivəyə yuyucu toz qatıblar:
"Keyfiyyətli pivə odur ki, süzəndə 30 millimetrdən köpüyü az olmasın. Və 2 dəqiqə ərzində aşağı ensin".
R.Əsgərovun sözlərinə görə, pivədə spirt də çox olmalı deyil. Mütəxəssis deyir ki, pivədə ənənəvi olaraq 2,5 faizdən 7,5 faizə qədər spirt olur. Əgər tündlük 8 faizdən çox olarsa, bu, o deməkdir ki, onun tərkibinə şəkər atıblar, yaxud da hazırlanan pivəyə sonradan spirt əlavə olunub. R.Əsgərov onu da əlavə etdi ki, pivəni xaricdən gətirəndə uzun müddət saxlamaq üçün onun tərkibinə müxtəlif qatqılar əlavə olunur. Həmin qatqıların çoxu kimyəvi tərkibə malik olduğundan insan orqanizmi üçün təhlükəlidir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə pivənin saxlanılması müddətinə düzgün riayət edilmədiyini bildirdi. Onun dediyinə görə, pivə qablaşdırılmış variantda 2-4 dərəcə temperaturda maksimum 20 gün müddətində saxlanıla bilər. Lakin təəssüf ki, satışdakı pivələrin yararlıq müddəti üzərində göstərilmir. Çəlləklərdəki pivənin isə ömrü 3 gündür. AİB sədrinin sözlərinə görə, saxlama müddəti başa çatandan sonra pivənin tərkibində turşuma prosesi gedir: "Bəzən xarab olan mal itkiyə getməsin deyə onu təzə pivə ilə qatışdırırlar. Açıq pivə satışı şəbəkələrində çəlləyə 3 krant qoyurlar. Təzə pivəyə köhnəsi qatılandan sonra üzərinə su əlavə edilir. Əmtəə bazarında satılan pivələrin çoxunun qaiməsi yoxdur. 5 il bundan öncə Almaniyadan Azərbaycana gətirilmiş "Heyneken" pivələrinin qalan çəlləklərinə naməlum şəraitdə hazırlanan pivəni töküb məşhur pivə markaları adı altında satırlar". E.Hüseynovun sözlərinə görə malların saxtalaşdırılması, əsasən, satış şəbəkələrində baş verir.
"Ekspress" qəzeti