May döyüşləri niyə də olmasın? - VİDEO

May döyüşləri niyə də olmasın? - VİDEO
"Hərbi yolla düşmənə zərbə endirilərsə, işğalçı masa arxasına əyləşib, minimumla da qane ola bilər..."

Bu gün Ermənistan xarici işlər naziri Zöhrab Mnasakanyan parlamentdə xarici əlaqələr komissiyası qarşısında çıxış edib və əsasən Qarabağ problemi ilə bağlı sualları cavablandırıb. 


Mnasakanyanın cavablarına münasibət bildirməzdən əvvəl bir məsələni qeyd edək. Düşmən ölkənin parlamentində Qarabağ məsələsi az qala hər həftə müzakirə mövzusudur və keçən həftə də parlament komissiyası "Aprel döyüşləri” ilə əlaqədar səlahiyyətli və məsuliyyət daşıyan şəxslərin sorğusunu davam etdirdiyini xəbər vermişdik. 

Bundan əvvəlki yazımızda da paralel müqayisələr aparıb Azərbaycan parlamentinin illərdir Qarabağ münaqişəsi ilə əlaqədar nəinki ümumparlament, hətta komissiyalarda belə müzakirə aparılmadığını vurğulamışdıq. Mnasakanyan həmişə olduğu kimi yenə Dağlıq Qarabağın müstəqilliyindən danışsa da, nitqində əvvəlki döyüşkən, mübariz ruhun olmadığı açıq hiss olunur. 21 apreldə RF XİN naziri Sergey Lavrovun məlum bəyanatına Mnasakanyanın cavabı çox sərt olmuşdu. Erməni nazirin açıqlamalarına Rusiyanın soyuqqanlı yanaşması, Azərbaycanda isə onun həmkarı Məmmədyarovun tənqidi ilə müşayət olundu. Həmin günlərdə erməni mətbuatı Azərbaycandakı reaksiyaları diqqətlə təqib edir, hadisələrin gedişini həyəcan və narahatlıqla izləyirdilər. Paşinyanın susmasını isə müxalifət kəskin tənqid etdi. 

 Nəhayət, Mnasakanyan bu gün bəzi açıqlamalar verdi. Lavrovun bəyanatında səslənən mərhələli plan həllinə kəskin reaksiya verən Mnasakanyan bu dəfə "Ermənistan münaqişənin mərhələli həll variantını istisna etmir, lakin güzəştlərin qarşılıqlı və bərabər həddə olması vacibdir”-dedi. XİN başçısı əlavə etdi ki, "..danışıqları dayandırmaq və onu dalana salmaq niyyətimiz yoxdur. Sülh danışıqlarının alternativi yoxdur, alternativ-fəlakətdir". 

Ermənistan XİN rəhbərinin iki həftə əvvəl süngü ilə qarşıladığı təkliflərə münasibəti bu gün belə oldu. Düşmənin səmimiyyətinə inanmaq olarmı? Ona görə bu sual doğurur ki, 27 ildə Ermənistan tərəf buna bənzər vədlər versə də, son anda geri çəkiliblər və danışıqlar uzandıqca uzanıb. Açığını deyək ki, qarşı tərəfin bu taktikası hər dəfə onlar üçün işə yarayıb. Danışıqlar uzanır, status-kvo qalır, ermənilər məskunlaşmaqda davam edir və sairə. Mnasakanyan niyə bu dərəcədə sakitləşdi? Birinci səbəb əlbəttə ki, Lavrovun bəyanatıdır, ikincisi isə Azərbaycanda Mnasakanyanın cavab bəyanatına və bundan sonra da Məmmədyarova qarşı tələbkarlıq və izahat istənilməsi oldu.Yeri gəlmişkən, Azərbaycan XİN rəhbərinin bir neçə gün əvvəl yayılan müsahibəsi təxminən izahat xarakterli hesab oluna bilər. Bu nəyi göstərir? Deməli, düşmənin üzərinə getmək, özümüzün hərəkətinə tənqidi yanaşma bəzi nəticələr verə bilər. Deməli, daha sərt cavablar verməklə, yəni hərbi yolla düşmənə zərbə endirilərsə işğalçı masa arxasına əyləşib, minimumla da qane ola bilər. Mnasakanyan bu dəfə qəti şəkildə bildirdi ki, "Aprel müharibsi bir daha təkrarlanmayacaq”. Bu, dolayısı yolla düşmən üçün özlərinin dediyi kimi "fəlakətlə” yekunlaşa bilər. Erməni söz deyib yenə qaçacaq və danışıqları uzatmaq xəttini götürəcək. Aprel döyüşləri tarixə qovuşub, bəlkə " may döyüşləri” başlasın. Müdafiə naziri Zakir Həsənov da bir neçə gün əvvəl bildirdi ki, "düşmənin son mövqeyi, hərbi müdaxiləni qaçılmaz edir”. Olsun. Sonda düşmənin Füzuli istiqamətində qurduğu müdafiə istehkamlarının videosunu təqdim edirik. Bu illərlə quraşdırılan, düzələn müdafiə obyektləridir. Biz problemiin həllini uzatdıqca düşmən təmas xəttində daha da möhkəmlənəcək. Bizimsə vaxtımız qalmayıb.../Moderator.az/

 

 

İlham İsmayıl


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az