Mehman Əliyev: “İcra başçılarından sonra nazirlərin həbsi gözlənilir”
Son zamanlar Azərbaycanda bir neçə rayonun icra başçısı həbs edilib. İsmayıllı, Biləsuvar, İmişli, Masallı, Quba, Cəlilabad və digər rayonların icra nümayəndələri vəzifədən azad edilib, bəziləri haqqlarında isə cinayət işi açılıb.
Həbs olunan icra başçılarının kabinetlərində rüşvət sövdələşməsi əks olunan videogörüntülər yayılıb.
Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatdan sonra icra başçılarından bəziləri əməllərindən utandıqlarını, xalqdan üzr istədiklərini söyləyiblər.
Prezident İlham Əliyev Baş prokuror Kamran Əliyevlə videokonfrans zamanı söhbətində deyib: "Korrupsiyaya və korrupsionerlərə qarşı amansız mübarizə aparılacaq. Onu da bildirməliyəm ki, bu hallar təkcə yerli icra orqanlarında müşahidə edilmir, mərkəzi icra orqanlarında da belə hallar, belə siqnallar var və bu siqnallar araşdırılır. Verilən məlumata görə, bəzi mərkəzi icra orqanlarında, bəzi nazirliklərdə, - hələ bu siqnallar araşdırılır, - vəzifəyə təyin olunmaq üçün insanlardan bəzi hallarda rüşvət tələb edilir. Bu, cinayətdir, bu, bizim cəmiyyətimizin əsaslarını sarsıdan addımlardır, çirkin addımlardır”.
Bir neçə gün əvvəl Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov da bəyan edib ki, nazirlər və komitə sədirlərinin həbsi gözləniləndir: "Korrupsiyaya bulaşan, rüşvətlə insanları işə götürən, öz yaxınlarına yüksək vəzifə verən nazirlər, komitə rəhbərləri var. Həmçinin bəzi yüksək vəzifəli məmurlar tenderləri öz şirkətlərinə, yaxın qohumlarına verirlər. Görünür ki, onlar bu çirkin əməllərindən əl çəkmək niyyətində deyillər. Bu kimi şəxslərin həbs ediləcəyi də qaçılmazdır”.
Hüquqşünas Xalid Bağırovun qənaətincə, nazirlərin həbsi o halda mümkündür ki, prezidentlə mövqeləri uyğun olmasın: "Bu ölkə nazir həbsi görüb, əgər indi də həbs olunacaqsa, bu birinci dəfə olmayacaq. Bu yalnız o halda baş verib ki, həmin nazirin mövqeyi və yaxud da fəaliyyəti birinci postda olan şəxsin maraqlarına ziddir, maraqları üst-üstə düşmür”.
Deputat Fazil Mustafa isə hesab edir ki, dövlət korrupsiya ilə mübarizə apardığı zaman nazirlərin də həbsi mümkündür: "Dövlət orqanları korrupsiyaya qarşı prinsipial mövqe tutanda burda potenisal olaraq çox sayda insanların müəyyən dərəcədə vəzifə səlahiyyətlərini aşması ortaya çıxacaq. Bu baxımdan mümkündür”.
Deputat indiki halda icra başçılarının həbsini pandemiya ilə əlaqələndirir: "Bundan əvvəl də həbs olunan icra başçıları var idi. Ona görə də bütün bunlar üzə çıxdıqca, aydın olduqca, qarşısı alınır. İndi də daha çox yardımların paylanmasında olan problemlər, mənimsənilməsi, ümumiyyətlə koronavirus dövrü bunu daha qabarıq göstərdi ki, bu istiqamətdə addımlar atılsın”.
"Turan”informasiya agentliyinin direktoru Mehman Əliyev pandemiya dövründə üzə çıxan nöqsanların nəinki icra başçılarının, hətta nazirlərin həbsinədək uzanmasını istisna etmir: "Vətəndaşlara ayrılan yardımlar barədə çox adama əssasız mesajlar gəlməsi haqda məlumatlar aldıq. Onlara cavabda deyilirdi ki, siz yardım ala bilmirsiz, sizin əmlakınız var və sairə. Ancaq müraciət edənlər deyir ki, adıma nə mənzil var, nə də başqa əmlak. Ola bilər ki, onlara bu vəsaitlər gəlir, amma başqa adamlara verilir. Əvvəl təqaüd sahəsində də bu problemlər var idi. Mövcud olmayan adamlara təqaüd, maaşlar yazılıb götürülürdü. Bunlar hamısı yoxlanmalıdır. Nazirliklərdə çoxlu yeyintilər var”.
Mehman Əliyev prezidentin bir müddət öncə yeni icra başçıları ilə görüşdə çıxışının xəbərdarlıq xarakteri daşıdığını düşünür: "Keçən il yeni təyinatlar gələndə İlham Əliyev publik çıxış edirdi və onlara tövsiyə edirdi ki, siz gedin, yerli əhali ilə təmas qurun, işləyin, xalqı narazı salmayın, qayğı göstərin. Amma birinci dəfə idi ki, İlham Əliyev yeni təyin olunmuş icra hakimləri ilə görüşdə bunu deyirdi. Sanki hamıya çatdırırdı ki, yeni bir vəziyyətdir, yeni qaydalardır. Faktiki olaraq bununla xəbərdarlıq elədi ki, qanun pozuntularına görə məsuliyyət daşıyacaqlar”.
Korrupsiya ilə mübarizə çərçivəsində həbslər yetərlidirmi? Regionlarda, eləcə də paytaxt Bakıda icra orqanlarından şikayətlər gəldiyi halda icra başçılarının indi cəzalandırılmasında məqsəd nədir? Bu addımı islahat saymaq olarmı?
Xalid Bağırov icra nümayəndələrinin cəzalandırılmasını isə gecikmiş addım kimi dəyərləndirir və bunu "sistemin istəyi” adlandırır: "Sistem özü belə istəyirdi. Sistem cinayətkarcasına işləyirdi. Başdan-ayağa hamısı belə işləyir. İndi hansısa səbəbdən içindəki bəzi çürük "armudları” çıxarır. Öz seçimlərinə görə edirlər bunu. Ölkənin 90-a yaxın rayonu, inzibati vahidi var, qalanlarında həbs olan yoxdur deyə, bu o demək deyil ki, onların icra başçısı cinayətkar deyil. Bütün icra başçıları eyni işləyir”.
O baş verənləri islahat saymır. Hüquqşünasın fikrincə, çıxış yolu icra başçılarının əhali tərəfindən seçilməsidir: "Bu, o vaxt islahat olardı ki, sistem tamam fərqli işləyərdi. İslahat odur ki, rayonlar özləri icra başçısını seçsin, yuxarıdan prezident təyin etməsin. Rayonlar özləri özlərini idarə etməyi öyrənməlidirlər. Səlahiyyətlər verilməlidir rayonların seçdiyi bələdiyyələrə, çünki onu yerli əhali seçir. Yuxarıdan, Bakıdan adam göndərirsən ki, get mənim adamım kimi oranı idarə elə, bu mərkəzçilkdir. Demokrtiya desentralizasiyanı tələb edir. Bu desentralizasiya olsa, idarəetmədə islahat olar”.
M. Əliyev fikrincə, bu tədbirlər yerli orqanların işini düzəltməsi üçün aparılır və davamlı olacaq: "Ona görə də bu gün cəmiyyətlə işləmək, yerlərdə problemləri həll etmək, dialoq aparmaq vacibdir. Məncə, indi bu icra başçılarına, icra nümayəndələrinə aiddir, sonra bu şamil olunacaq polis rəislərinə, prokurorlara və başqalarına. Belə bir dalğa davam edəcək ki, onlar özlərini bir az yerlərdə yığışdırsınlar”.
Prezident İlham Əliyev mayın 6-da Vilyam Hacıyevin İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət Təhlükəsizlik Xidməti aprelin 29-da Biləsuvar Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. İcra başçısı Mahir Quliyevlə birgə müavinləri Xanlar Məmmədov, Elsevər Həsənov, Ləman Yüzbaşova da saxlanıblar.
Bundan 2 gün əvvəl isə İsmayıllı rayon icra hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsi Məhərrəm Əhmədov haqqında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb, o, şübhəli şəxs qismində tutulub.
Məhərrəm Əhmədovun həbsindən 1 həftə əvvəl isə İsmayıllının icra başçısı Nahid Bağırov Azərbaycanda koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozmasına görə töhmət alıb. Həmçinin 2020-ci ilin martında Qaradağın icra başçısı Süleyman Mikayılova da töhmət elan edilib.
Arzu Çinarlı