Mehriban Əliyeva Milli Məclisdə vida çıxışı etdi
Bu gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilir.
Publika.az xəbər verir ki, parlamentin iclasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevada iştirak edir.
Parlamentin sədri Oqtay Əsədov onu təbrik edib:
"Bildiyiniz kimi Mehriban xanımın çoxşaxəli fəaliyyəti var və bunun biri də Milli Məclisdi. Mehriban xanım 12 ilə qədər parlamentdə fəaliyyət göstərib. Bir sıra qanun layihələrinin müəllifi olub. Dörd Amnistiya Aktının təşəbbüskarı olub, 10 minlərlə insanın azadlığa çıxması üçün öz töhfəsini verib. Eyni zamanda, Mehriban xanım həm də Azərbaycan parlamentinin beynəlxalq əlaqələrinin möhkəmlənməsində iştirak edib. Mən əminəm ki, Mehriban xanım yeni dövlət vəzifəsində də xalqın millət vəkili olacaq. Mehriban xanımın bu çətin və şərəfli işində ona uğurlar arzulayırıq”.
Birinci vitse-prezident Mehriban Əliyeva isə Milli Məclisdə vida çıxışı edib. O bildirib ki, 10 ildən artıq parlamentin üzvü olub:
"Bu 10 ildən artıq Milli Məclisin üzvü olmağım mənim üçün böyük şərəf olub. Cənab Prezidentin sərəncamı ilə yeni vəzifəyə təyin olunmağımla əlaqədar Milli Məclisdəki deputat fəaliyyətimi dayandırıram. Ölkəmizdə keçirilən islahatlar və dövlətçiliyin inkişafına töhfələrini verən digər sahələrdə çalışmışam. Fəliyyətim dövründə insanlara yardım etməyə və edilən müraciətləri yerinə yetirməyə çalışmışam. Yeni təyin olunduğum vəzifədə də çalışacam ki, hər zaman insanlara kömək edim”.
Çıxışının sonunda Mehriban Əliyeva 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan xanımlarını təbrik edib.
Spiker Oqtay Əsədov isə deputatların adından Mehriban Əliyevaya təşəkkür edib:
"Hörmətli Mehriban xanım, biz hamımız sizin səmimi çıxışınıza görə minnətdarıq. Əmin olun ki, Milli Məclis deputatları olaraq, biz hər zaman sizin işlərinizə dəstək verəcəyik”.
Daha sonra Milli Məclisin deputatları – Siyavuş Novruzov, Fəzail İbrahimli və digər şəxslər çıxış ediblər
Miq.az