Mehriban Əliyevadan kömək istədi

Mehriban  Əliyevadan kömək istədi
Azərbaycan Respublikasının Milli Məclisinin deputatı,
Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın
Birinci  xanımı  Mehriban  Əliyevaya
Sumqayıt şəhər sakini Esmira Babayeva tərəfindən
Ümid  ərizəsi
Hörmətli  Mehriban xanım!

Sizə yenidən müraciət etmək məcburiyyətində qaldım. Ailəmizin və çoxlarının ümid bəslədiyi bir ünvana müraciət edirik. Heç bir nəticəyə nail olmasaq da ümidimiz qırılmayıb. Əminik ki, ərizəmizdən xəbərdar deyilsiniz. Buna nail olana qədər çalışacağam. Böyük ümid hissi ilə Sizə müraciət edirəm.

Hörmətli Mehriban xanım !

Azərbaycan respublikasının ictimai-siyasi və mədəni həyatında, eləcə də müxtəlif sahələrdə həyata keçirdiyiniz genişmiqyaslı və fədakar işləriniz, xarici ölkələrdə xalqımızın müsbət imicinin möhkəmlənməsində ardıcıl fəaliyyətiniz dövlətimizin daha qüvvətli və qüdrətli olmasına yönəlibdir. Birinci Avropa idman oyunlarının Azərbaycanda keçirilməsinə nail olmağınız və qazanılan uğurlarla ölkəmizin nüfuzunu daha da yüksəkliklərə qaldırmağınız Sizin xalqımızın əvəzsiz bir övladı olduğunuzu bir daha təsdiqlədi. Əgər almanlar Klara Setkini, fransızlar Janna Darkı, polyaklar Mariya Küri, amerikalılar  Rahibə Trezası ilə öyünürlərsə,  azərbaycanlılar da Mehriban Əliyevası ilə qürur hissi keçirirlər.

Hörmətli  Mehriban xanım!

Bu məktubumla heç də Sizin qızıldan qiymətli vaxtınızı almaq istəməzdim. Əvvəllər müəllimə işləmişəm. İndi  2-ci qrup əliləm. Sumqayıt şəhərində  avtomobil dayanacağı yerimiz vardı. Bura dolanışığımız üçün bir ümid yeri olub. Şəhər rəhbərliyi  Sumqayıtda gedən tikinti-abadlıq işlərinə uyğun dayanacağı yenidən qurmaq tapşırığı verdi. İcra hakimiyyətinin başçısı Eldar Əzizov şəxsən özü bir neçə dəfə dayanacaqda olub və buraya lazımi xərcin çəkilməsi üçün göstərişini verdi. Biz ona etibar edib, çəkinmədən bankdan kredit götürüb tapşırığa əməl etdik. Ailəmiz hələ də bu borcun əzziyyətini çəkir. Bir neçə aydan sonra isə İH-nin rəsmiləri dayanacağın yerində uşaq bağçasının tikiləcəyini bildirdilər  və burada hər nə varsa  yerlə yeksan etdilər. Ən acınacaqlısı isə bunu  Sizin,- Heydər Əliyev Fondunun  adı ilə edirlər. Amma düşünmürlər ki, minlərlə ailəyə sevinc, gülüş, xoşbəxtlik gətirən bu fond  və onun rəhbəri Mehriban xanım Əliyeva heç vaxt bir ailəni gözü yaşlı qoymayıb. Ümid edirik ki, 20 ildən artıq bizə məxsus olan bu yerin başqa bir sahə ilə əvəzlənməsinə, yaxud  İcra Hakimiyyəti rəhbərliyinin göstərişi ilə buraya çəkdiyimiz halalca xərcin ödənilməsinə  və  dağıdılan əmlakımızın geri qaytarılmasna  öz xeyirxah köməkliyinizi göstərəcəksiniz.

Biz buna  Sizə inandığımız kimi inanırıq!

 Hörmətlə  Esmira Zeynal qızı Babayeva

 Əlaqə tel: 0124092645

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az