Meksika Konqresi Azərbaycanla bağlı qətnamə qəbul edib
Meksika Konqresinin Daimi Komissiyasının Xarici Əlaqələr, Müdafiə və
İctimai Təhsil üzrə İkinci Komitəsində "Federal icra hakimiyyətini
Azərbaycan Respublikası ilə Meksika arasında münasibətlərin
genişləndirilməsi üçün zəruri addımlar atmağa çağıran razılaşma mövqeyi
üzrə birgə təklif” adlı qətnamə qəbul edilib.
Vətəninfo.az-ın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi
məlumata görə, sənəd Daimi Komissiyaya Meksika Senatı Xarici əlaqələr
komissiyasının sədri senator Qabriela Kuevas Barron, senator Pilar
Orteqa Martinez və senator Xuan Karlos Romero tərəfindən təqdim edilib.
Qətnamədə Azərbaycan haqqında məlumat verilərək 1992-ci ildə iki ölkə
arasında diplomatik əlaqələrin qurulduğu, Meksikanın Azərbaycan ilə
Latın Amerikası arasında bir körpü rolunu oynadığı, müstəqilliyini əldə
etdikdən sonra ölkəmizin neft iqtisadi inkişafa nail olduğu və bütün
bunların ölkədə kommunikasiya, elm və texnologiya, sosial rifahın
yüksəlişi, müasirləşmə və innovasiyalara səbəb olduğu qeyd edilib.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu vurğulanaraq,
Qafqazın ən strateji ölkələrindən biri olduğu diqqətə çatdırılıb.
Ölkəmizin neftin hasilatı, istismarı və emalı sahəsində 150 ildən artıq
təcrübəyə malik olduğu və Meksikanın bu təcrübədən bəhrələnə biləcəyi və
Azərbaycandan əldə ediləcək biliklərin köməyi ilə hazırda Meksikada
mövcud olan neft resurslarının istismar edilə biləcəyi kimi məqamlar da
sənəddə öz əksini tapıb.
Azərbaycanın kənd təsərrüfatı, turizm, yoxsulluğun azaldılması,
qeyri-neft sektorunun inkişafı sahələrindəki nailiyyətləri barədə
məlumat verilərək ölkənin enerji, turizm, mədən sənayesi,
telekommunikasiya, elm, texnologiya və digər sahələrə beynəlxalq
sərmayələr yatırdığı bildirilib.
Sözügedən sənəddə eləcə də hər iki ölkənin zəngin mədəni irsə malik
olduğu qeyd edilərək Azərbaycan xalçalarının bəşər irsinin bir hissəsi
olduğu, musiqi, ədəbiyyat, rəqs, incəsənət, mətbəx, kino və bayramların
ölkə mədəniyyətinin əsas elementlərini təşkil etdiyi bildirilib.
Qətnamədə iki ölkə arasında iqtisadi, enerji, mədəniyyət, kənd
təsərrüfatı tədqiqatları, texnoloji inkişaf səhələrində əməkdaşlığın
vacibliyi vurğulanaraq Meksika Federal Hökumətinə Azərbaycan və Meksika
arasında münasibətlərin gücləndirilməsinin zəruriliyi ilə bağlı çağırış
edilib.
Qətnamə Meksika Senatının rəsmi internet ünvanında yerləşdirilib.