Mənim Təsəvvürümdəki Bakı

Mənim Təsəvvürümdəki Bakı

Namiq HACIHEYDƏRLİ

Mənim təsəvvürümdə iki Bakı var:

 1. Bizə təqdim olunan Bakı;

  Bu, “keyfiyyətdə tək olan yağ”lar kimi reklamların bizə təqdim etdiyi Bakıdır. Bu Bakıda hər şey gözəldir. İnsanlar qayğısız və şəndir. Bu Bakının   təmizliyi və yaşıllığı göz oxşayan  parklarında insanlar azad və rahat gəzir, yaşlılar skamyalarda əyləşib ağsaqqallıq və ağbirçəkliklərinin dadını çıxarır, gənc qızlar və oğlanlar həyatlarının gənclik dönəmindən doyumsuz zövq alır, valideynlərinin yanında o tərəf-bu tərəfə qaçan şən çocuqlar böyüklərin sevincini birə-on artırır. Bu Bakını mavi rəngli Xəzər əhatə edir. Üzərində qağayıların qayğısız uçuşduğu, sahilində insanların  gözəlliyindən zövq aldığı təmiz, duru və gözəl Xəzər...

Gecələri... Bu Bakının nağıllar dünyasını xatırladan ay-ulduzlu gecələri gündüzlərindən daha gözəl, sirli və möcüzəlidir...

Bakıdan uzaqda, ucqarlarda yaşayan və Bakını yalnız mavi ekranlardan seyr edən əyalət adamları (Professor İmamverdi Əbilovun təbirincə desək “xəyalət” adamları)  bir qayda olaraq Bakını bu cür görürlər. Nə gözəldi Bakımızı bu cür düşünmək və belə görmək...

2. Gerçək Bakı;

Qısaca desəm: İnsanda insanlığın öldüyü yerdir gerçək Bakı...

İşsizlər ordusu, arasında zavallı ziyalıların belə yer aldığı qul bazarı, bir parça çörək ardınca ayrı-ayrı bölgələrdən gəlib göydələnlərdə fəhlə adıyla qul kimi işlədilərək hər gün hüququ tapdanan gənclər, kirayələrdə və yataqxanalarda ömür çürüdən qələm adamları, zirzəmilərdə qalan tələbələr, qara qızılın qarasına bulaşıb qızılını görməyən əli qabarlı, alnı qat-qat qırışlı zümrələr, maviliyindən nişan qalmayan Xəzər, yadların 10 qat əmək haqqı aldığı, doğmaların qul əməyi haqqı belə almadığı məzlumlar, müəllimi, həkimi, polisi rüşvət içində boğulan (daha çox boğulmağa məcbur və məhkum olan), insan cisminin zatına dönüş yerinin – məzar torpağının belə pulla satıldığı bir məkandır gerçək Bakı...

Bütün bunlar əyalətdən görünmür. Reklamların təbliğ və təqdim etdiyi havaya uyub da sakini olandan sonra görünməyə başlayır  gerçək Bakı...

Hamının minbir xəyalla, tükənməz arzularla, böyük ümidlərlə, üstəlik  sapsağlam gəldiyi, sonunda xəyalların, arzuların, ümidlərin öldüyü və ya  sapsağlam, ayaqda gələn hər kəsin yurduna tabutda döndüyü şəhər...



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az