Məşədi Dadaş məscidinə yeni imam təyin edildi
Məşədi Dadaş məscidinə yeni imam təyin edilib.
Miq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Sədr bildirib ki, məscidə Əli Şərbətov imam təyin olunub və o bu gün təqdim olunacaq.
O, həmçinin məscidə yeni təyinatların olacağını vurğulayıb: "Məscidə əlavə təyinatlar da olacaq. Eyni zamanda qadın dini ayinlərinin icraçısı da təyin ediləcək".
Məşədi Dadaş məscidinin yeni imamı kimdir?
Miq.az xəbər verir ki, Əli Şərbətov Cəlilabadda anadan olub. 46 yaşlı yeni imam keçmiş Bakı İslam Universitetində ali təhsil alıb.
Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə Liviyaya oxumağa göndərilən Şərbətov 2000-2019-cu illərdə İslam Universitetində müəllim işləyib.
Saray Cümə məscidi və Ceyranbatan məscidində imam olaraq çalışan Əli Şərbətov bu gün Məşədi Dadaş məscidinə imam vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Məşədi Dadaş məscidinin imamı Hacı Şahin Həsənli bu il martın 2-də ürəktutmadan vəfat edib. O, 2002-ci ildən sözügedən məsciddə imam kimi fəaliyyət göstərirdi.
Əli Şərbətov təyinatı ilə bağlı "Qafqazinfo”ya açıqlama verib. İmam bildirib ki, Hacı Şahinlə münasibəti çox yaxşı olub: "Onun itkisi hələ də bizə ağır təsir edir, böyük itkidir. Doğrusu, onun xatirəsinə görə bir az tərəddüd edirdim, amma məsləhət oldu, gəldim... Ona hörmətimiz sonsuzdur”.
O əlavə edib ki, köhnə icma ilə tanış olacaq: "Ola bilsin ki, çoxları gəlməyəcək, başqa işləri var. Yeni icma qurmaq məsləhət olacaqsa, o da qurular. İş prosesində müəyyən olunacaq, mən indi heç nə deyə bilmirəm”.
Əli Şərbətov qeyd edib ki, imam olaraq artıq bu cümə vəzifəsini icra edəcək.
"Yenisabah.az”ın məlumatına görə, Hacı Əli Şərbətov dini çevrələrdə o qədər də populyar şəxs deyil. O, əvvəllər Bakı İslam Universitetində pedaqoji fəaliyyət göstərib. Əli Şərbətov bu təyinata kimi Abşeron rayonu Saray qəsəbəsinin, daha sonra Ceyranbatan qəsəbəsinin məscidinin imamı olub.
Hacı Şahin Həsənlinin xələfi sosial şəbəkələrdə o qədər də tanınmır. O, "Facebook” və "İnstagram” kimi populyar sosial şəbəkələrdə fəaliyyətə həvəs göstərmir. Əli Şərbətov dini sferada təmsil olunduğu çoxillik zaman kəsiyində cəmi bir-iki dəfə "YouTube” üzərindən fəaliyyət göstərən dini kanallarda qonaq olub.
İnternet resurslarında Hacı Əli Şərbətovun şəxsi həyatı ilə bağlı hər hansı informasiya yoxdur.