Müstəqilliyə imza atan 43 nəfərdən biri, Konstitusiya Aktını hazırlayan 3 nəfərdən biri, döyüşçü, Milli Dirçəliş Hərəkatı Partiyası başqanı, 5 kitabın müəllifi, Millət Vəkili, özünü millətinin 50 milyonuncu əsgəri hesab edən Fərəc Quliyevlə gənclərin görüşü keçirilib.
Dünya Azərbaycanlıları İnformasiya Mərkəzində keçirilən tədbirdə ölkədəki və regiondakı ictimai-siyasi durum, MDHP-nin baxışları və gənclər siyasəti, o cümlədən gənclərin problemləri müzakirə olunub. Tədbiri MDHP Gənclər Təşkilatının sədri Seymur Həsənli açaraq milli məsələlər ətrafında bütün qurumların koordinasiyalı fəaliyyətinin vacibliyinə toxunub. MDHP və onun lideri Fərəc Quliyevin bu istiqamətdə çalışdığını diqqətə çatdırıb. Dövlət himni və Şəhidlərin ruhunu yad etməklə başlayan tədbirdə Seymur Həsənli gənclərin ölkənin ictimai-siyasi həyatında iştirakının vacibliyinə və bu yolun MDHP-dən keçdiyinə toxunub.
Sonra söz Fərəc Quliyevə verilib. O, Milli Azadlıq Hərəkatı, 1990-cı il parlament fəaliyyəti, səkkiz ilə yaxın məhbəs həyatı haqqında gənclər qarşısında çıxış edib. Və gənclərin suallarına müvafiq olaraq həyata keçirdiyi işlər və gələcək hədəflər haqqında danışıb. Sonra partiya başqanı olaraq gənclərin “niyə MDHP?” sualını cavablandırıb. “Biz MDHP olaraq ictimai rəyi dəyişməyi bacarmaq qədər güclü olmaq üçün çalışırıq. Ona görə ki, ictimai rəy dövlət və millət maraqlarına xidmət edən formada olmalıdır. Fikrin kim tərəfindən deyilməsinə yox, nə deməsinə baxmalıyıq. Milliyətçi fikrin hakim olması bizim ana məqsədimizdir. Hakimiyyət uğrunda mübarizədə hər kəs fərqli məkanlarda olub öz platformasını ortaya qoya bilər. Bizim hər məsələ ilə bağlı konkret və aydın platformamız var. Bu platforma hansısa qüvvənin deyil, millətimizin, dövlətimizin maraqlarına əsaslanır. Biz ədalətin bərpa olunması üçün çalışırıq və düşünürük ki, gecikən ədalət öz ən böyük ədalətsizlikdir.”
Görüşdə MDHP gəncləri ilə yanaşı müxtəlif təşkilatların gəncləri də iştirak edib və millət vəkilinə müxtəlif sullar ünvanlayıb. Bütün gənclərə Fərəc Quliyevin özünün qələmə aldığı “Missiya” kitabı hədiyyə olunub.
MDHP Mətbuat Xidməti