“Milli dəyərlər və demokratiya məfhumlarını qarşı-qarşıya qoymaq düzgün deyil”

“Milli dəyərlər və demokratiya məfhumlarını qarşı-qarşıya qoymaq düzgün deyil”

Vətəndaş və İnkişaf Partiyası (VİP) sədrinin müavini Ramil Hüseynovun müsahibəsi

– Ramil bəy ölkədə demokratik cəmiyyətin inkişafını əngəllədən səbəblər hansılardır?

– Birmənalı olaraq, bildirmək istəyirəm ki, ölkədə demokratik cəmiyyətin inkişafinı əngəlləyən səbəblərin ən əsası hakimiyyətin bu çərçivədə siyasi iradəsizliyidir. Hakimiyyətə rəbərlik edən səxlər ölkədə demokratiya və digər problemlərə görə birbaşa məsuliyyət daşiyırlar. Əgər diqqət etmisinizsə, hakimiyyət rəsmiləri hər çıxışlarında çox güclü olduqlarını, xalqın onların ətrqafında birləşdiyini və onları dəstəklədiyini bildirirlər. Bu iddia doğru olsaydı, o zaman hakimiyyət ölkədə demokratik cəmiyyətin formalaşmasından çəkinməməli idi. Hakimiyyətdəkilər öz iddialarının əsassız olduğunu bildikləri üçün siyasi fəaliyyət imkanlarını məhdudlaşdırır və normal siyasi sistemin təşəkkülünə imkan vermir. Eyni zamanda, beynəlxalq birlik də hələ ki Azərbaycanda demokratiya sahəsində mövcud olan problemlərə yetərincə diqqət göstərmir. Bəzi halarda isə özlərini “demokratiya mənbəyi” kimi göstərən xarici çevrələr Azərbaycanda demokratik prosesin tormozlanmasına səbəb olan siyasi bazarlıqlara getməkdən də çəkinmilər. Eyni zamanda, bu problemi başqa aspektdən də dəyərləndirmək olar. Ölkədə fəaliyyət sərbəstliyi, o cümlədən iqtisadi fəaliyyət sərbəstliyi və bundan da yana azad kapital yoxdursa, ölkədə demokratiya necə bərqərar oluna bilər? Amma bütün hallarda demokratiya uğurunda davamlı və prinsipial mübarizə aparılmalıdır.

– Bəzi ekspertlər vurğulayırlar ki, milli mənəvi dəyərlərə qayıdış, bu dəyərlərin inkişafı demokratik mexanizmə mənfi təsir edir. Bu nə dərəcədə düzdür?

–Fikrimcə, tamamilə yanlış təsəvvür və yanaşmadır. Əslində, milli dəyərlərimizi qoruyub inkişaf etdirə bilməsək, bəşəri dəyərləri necə mənimsəyə bilərik? Xalqımızın mövcudluğu ərzində özündə formalaşdırdığı dəyərlər bütün dünya üçün bu gün də vacib örnəkdir. Biz öz milli-dini dəyərlərimizdən niyə imtina etməliyik ki? Ümumiyyətlə, milli dəyərlər və demokratiya məfhumlarını qarşı-qarşıya qoymaq düzgün deyil. Onların biri digərinə əsla mane olmur. Biz öz milli mənəvi dəyərlərimizi qorumalı və inkişaf etdirməliyik.

Vaxtilə Sovet imperiyası dönəmində, hətta bəlli çevrələr tərəfindən bu gün də Azərbaycan xalqını öz kökündən qoparıb milli-dini assimlyasiyaya uğratmaq üçün davamlı proqramlar tətbiq edilib və edilir.

– Ümumiyyətlə, Azərbaycan xalqının əlindən milli mənəvi dəyərləri alınıb başqa bir, qeyri-ənənəvi mədəniyyət təqdim olunsa, bu nə ilə nəticələnər? 

– Bu ehtimalı heç bir halda real hesab etmirəm. Bilirsiniz ki, istər çar Rusiyası, istərsə də digərləri tərəfindən buna dair proqramlar tətbiq edilib. Amma bunların heç bir nəticəsi olmayıb. Azərbaycan xalqı özünün milli və dini köklərinə o dərəcədə bağlıdır ki, bu bağlılığı sarsıtmaq mümkün deyil. Özünüz də baxın, hazırda dünyanın köklü xristian ölkələrində İslama meyllilik halları sürətlənməkdədir. Bu tendensiya da göstərir ki, həmin ölkələrdəki mənəvi mühit o qədər korlanıb ki, insanlar daxili rahatlıq tapmaq üçün İslam dininə tapınırlar. Dünya bizə, bizim mədəniyyətimizə və dinimizə doğru gəlirsə, bu faktın özü ən düşündürücü amildir. 

"Birlik.az"



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az