Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deputat Elmira Axundova bir qədər öncə qəbul edilmiş "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" qanun layihəsindən danışaraq bildirib ki, sənədlə bağlı hesabat yazılsa da, sonradan buna imkan verməyiblər.
Deputatın bu fikrinə münasibət bildirən vitse-spiker Ziyafət Əsgərov Elmira Axundovaya başqa məsələ haqda danışmağı tövsiyyə edib.
Səsverməyə çıxarılan qanunun mahiyyətini anlamadığını deyən E.Axundova isə öz etirazını bildirib:
“Mən mahiyyətini başa düşə bilmədiyim qanuna səs verirəm? Belə vacib qanun barəsində bizə ekspertlər danışmalıdırlar. Mən sadəcə olaraq, bilmək istərdim qurumlar rayon İcra hakimiyyətlərinin tərkibində olacaq, yoxsa müstəqil şəkildə fəaliyyət göstərəcəklər?”.
Z.Əsgərov deputat həmkarının çıxışına cavab olaraq ona iradlarını bildirib.
“Elmira xanım, bura orta məktəb deyil, siz 15 ildir deputatsınız. Siz bunu niyə öyrənməmisiniz? Sabah da jurnalistlər yazacaq ki, 15 ilin deputatı hələ bilmir ki, nə müzakirəyə qoyulub, nəyə səs verir. Qanun layihəsini təklif edənlər deputatlardır, başa düşmürsünüzsə, kitab, ensiklopediya oxuyun”.
Daha sonra deputat Valeh Ələsgərov məsələ ilə bağlı çıxış edərək deputatları anlaşılmaz hesab etdikləri qanun layihələrini qabaqcadan öyrənməyə çağırıb.
“Mən burada dəfələrlə demişəm ki, qanun çətin olanda deputatlar müzakirələrdən əvvəl əlaqə saxlamalıdırlar. Müvafiq komitələrlə birlikdə bu məsələləri həll etməlidirlər. Deputatlar başa düşmədikərini öyrənməlidirlər.
Arif Rəhimzadə millət qarşısında, xalq qarşısında böyük xidmətləri olan şəxsdir. Arif Məlikov kimi ağsaqqal adam bu məsələlərlə bağlı mənə zəng elədi. Mən utanıb yerə girdim. Elmira xanım bu məsələdə yeni bir şey yoxdur. Sadəcə olaraq, burada bələdiyyə belə gəldi, İcra Hakimiyyəti belə getdi deyə, fikir səsləndirmək lazım deyil”-deyə V.Ələsgərov bildirib.