Milli mətbuatımız ağır, keşməkeşli və şərəfli yol keçib
Ceyhun Ələkbərov: 140 illik yubileyini qeyd edən Azərbaycan
mətbuatı Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində həyata
keçirilən siyasətin təbliği məsələsində daha aktiv olmalıdır
"Bu
gün ermənilərin Qafqazda yürütdüyü işğalçılıq siyasəti, Ermənistanın
hərbi təcavüzü nəticəsində ölkəmizin müvəqqəti də olsa torpaq itkisi ilə
üzləşməsi, həmçinin, qaçqın və məcburi köçkünlərin pozulan hüquqları
ilə bağlı məsələ dünya mətbuatında istənilən səviyyədə işıqlandırılmır”.
Bunu "Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədri
Ceyhun Ələkbərov deyib.
Bu istiqamətdə jurnalistlərimizin üzərinə
böyük məsuliyyət düşdüyünü deyən C.Ələkbərov onu da əlavə edib ki, 140
illik yubileyini keçirən milli mətbuatımız ağır, keşməkeşli və şərəfli
yol keçib. O, mətbuatımızın müasir inkişafının Ulu öndər Heydər Əliyevin
adı ilə bağlı olduğunu deyib: "Ümummilli lider Heydər Əliyevin
Azərbaycanda mətbuat üzərində senzuranı ləğv etməsi Onun azad sözə,
fikir azadlığına, ümumilikdə jurnalistikaya olan qayğısının nəticəsi
idi. Mətbuat tarixində bu cür humanist addımlara görə "Jurnalistlərin
dostu” seçilən Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti
Prezident İlham Əliyev uğurla davam etdirir. Mətbuat işçilərinin mənzil
probleminin həlli, hər il onlarla jurnalistin müxtəlif fərmanlarla
təltif edilməsi bunun bariz nümunəsidir”.
Azərbaycanda fikir və söz
azadlığının yüksək səviyyədə təmin edildiyini deyən "Soyqırımı
Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədri Ceyhun Ələkbərov
bununla yanaşı onu da vurğulayıb ki, bəzən bu azadlıqdan sui-istifadə
edən bəzi dırnaqarası jurnalistlər də tapılır.
Ümumilikdə Azərbaycan
mətbuatının bugünkü vəziyyətinin qənaətbəxş olduğunu vurğulayan QHT
sədri eyni zamanda, bir vacib məqama da toxunub. O, qeyd edib ki,
hazırda dünyada informasiya müharibəsi hökm sürür, ona görə də biz
Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində
haqqımızın tələbi baxımından mətbuatımızdan daha səmərəli addımlar
gözləyirik: "Texnologiya o qədər sürətlə inkişaf edib ki, istənilən
informasiya bir dəqiqə ərzində bütün dünyaya yayılır. Böyük dövlətlər
kiçik ölkələrə məhz bu vasitə ilə savaş açır. Balaca bir dezinformasiya,
məqsədli şəkildə yazılan kiçik məlumat bir çox böyük məsələləri həll
edə bilir və ya hansısa dəyişikliyə imza atır. Nəzərə alsaq ki,
Azərbaycan da informasiya müharibəsinin aktiv "kart”ıdır, o zaman
mətbuat işçiləri bu istiqamətdə ölkə rəhbərliyinin yaratdığı şəraitdən
səmərəli yararlanmalıdır. 140 illik yubileyini qeyd edən Azərbaycan
mətbuatı Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində həyata
keçirilən siyasətin təbliği məsələsində daha aktiv olmalıdır. Çünki biz
Azərbaycanda sözün və qələmin gücünü yaxşı dərk edirik, əks halda bu
mətbuatın 140 il kimi uzun bir tarixi keçmişi olmazdı. Öz növbəmdə mən
də Azərbaycan mətbuatına, ölkəmizdə söz, fikir azadlığına neçə belə və
daha uğurlu 140 illiklər arzu edirəm”.