Milli Qəhrəman Vəzir Orucov-Bu gün Onun ANIM günüdür

Milli Qəhrəman Vəzir Orucov-Bu gün Onun ANIM günüdür
"Burdakı uşaqların hamısı sözün əsl mənasında qəhrəmandır. Heç kim heç kimdən artıq deyil. Bütün döyüşən uşaqlara minnətdaram",- deyib döyüşlərin birində onu lentə alan jurnalistə. Söhbət Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovdan gedir. 

Şəhid Milli Qəhrəman Vəzir...  O Vəzir ki, adı  təkcə Azərbaycanda yox, Qarabağ munaqişəsi haqqında danışan hər kəsin dilinin əzbəri idi. Həm də o Vəzir ki, bütün Rusiyanı qəhrəmanlığı ilə heyrətləndirən adam. (Bu barədə növbəti yazımızda

Düşmən Vətənimizin təcavüzünə qalxanda əlinə silah alıb ilk qalxanlardan olub dəyərli qardaşımız, qandaşımız, şəhidimiz... Düşmənə sarsıdıcı zərbələr vurmaqla yanaşı arxa cəbhədəkilərə də örnək olmaqdan çəkinmədi. Özündən geridə qoyduğu nəsilə də örnək oldu. Qəhrəman Tərtərə, igid qanı tökülmüş məmləkətə igidliyi, qəhrəmanlığı, vətənpərvərliyi əmanət qoyub getdi. Həə... bir də rəhmətlik Mahı ananı... Öz anasını... 
 
Vəzir şəhadətə qovuşub əbədi və ali zirvəyə ucaldıqdan sonra onun geridə qoyduğu ən ali və müqəddəs dəyər Mahı anaya Vəzirin adına layiq hörmət göstərildi. (Təbii ki, aşağıdaki foto hazırda dediyim kəlmələri təsdiq edir. İllər öncə rayonda olan bir tədbirdə çəkmişdim bu FOTONU.)  İcra başçısı Müstəqim Məmmədovun həmişə qayğısına qaldığı Mahu ana həm də ona görə xoşbəxt idi ki, O Azərbaycana Vəzir kimi Qəhrəman bəxş etmişdi.  

 
Fotoda: Milli Qəhrəman Vəzir Orucovun anası Mahı ana və Tərtərin icra başçısı Müstəqim Məmmədov

Bu gün Vəzirin anım günüdür.  Qəhrəmanları tanımaq, xatırlamaq və həm də tanıtmağı özümüzə borc bilməliyik. 

Təbii ki, xalqımızın qəhrəmanları xalqımız üçün xüsusi dəyərdir. Amma onun dəyər hesab edib geridə qoyduqlarını qoruyub dəyərləndirmək xüsusi Vətənpərvərlik tələb edir. 

Məlumat üçün bir daha qeyd edək ki, Vəzir Orucov 1956-cı ildə Tərtər rayonunun Xoruzlu kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1974-cü ildə Bakı Yüngül Sənaye Texnikumuna daxil olub, təhsilini və hərbi xidməti başa çatdırdıqdan sonra 1982-ci ildən 1992-ci ilə qədər Rusiyanın Arxangelsk vilayətində yaşayıb. Ermənilərin torpaqlarımıza hərbi təcavüzü başlayanda Vəzir Azərbaycana qayıdıb, "Tərtər” özünümüdafiə batalyonuna yazılıb. 1992-ci ilin sentyabrında Çıldıran kəndi uğrunda gedən döyüşlərdə ağır yaralanıb, 1993-cü il yanvarında tam sağalmasa da, yenidən cəbhəyə qayıdıb. Ağdərədə gedən döyüşlərdə cəsurluq göstərib, qorxmazlığı ilə döyüş yoldaşlarına nümunə olub. Vəzir Orucov 1993-cü il martın 22-də Ağdərə bölgəsinin "Qlobus” yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub. 1993-cü il mart ayının 27-də ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Bakıda Şəhidlər xiyabanında dəfn olunub.
 
2015-ci ildə Tərtər şəhərindəki Veteranlar bağında Vəzir Orucovun büstü ucaldılıb, həmin il 3 iyulda isə  adına küçə verilib.
 
Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun adını daşıyan küçənin açılışı olub
Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun adını daşıyan küçənin açılışı olub
Elgün Gəncimsoy



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az