“Moskva terrorunun ciddi siyasi nəticələri olacaq”

“Moskva terrorunun ciddi siyasi nəticələri olacaq”
Moskva vilayətində törədilən və yüzdən çox insanın ölümü ilə nəticələnən məlum terror aktı bütün dünyanın əsas diqqət mərkəzindədir.

 

Maraqlıdır, bəs bu terror aktının hansısa siyasi nəticələri olacaqmı?

 

Moderator.az-a açıqlama verən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bu terror aktının bri sıra siaysi nəticələrə səbəb olacağını qeyd edib:

 

"Amerikaya qarşı 11 sentyabr terrorunu həyata keçirənlərin əksəriyyəti Səudiyyə Ərəbistanı vətəndaşları idi. Bu ölkə ABŞ-ın müttəfiqi olduğundan Vaşinqton Ər-Riyada qarşı tədbir həyata keçirmədi. Terroru "Əl-Qaida” lideri Üsamə Ben Laden planlaşdırmışdı, o isə keçmişdə Səudiyyə Ərəbistanı vətəndaşı olsa da, Əfqanıstan dağlarında gizlənirdi. Terrorda iştirak edən gənclər isə Almaniya universitetlərində təhsil alan ərəb gənclərdən seçilmişdi. Səudiyyə Ərəbistanının terrorla heç bir əlaqəsi yox idi. Eyni sözləri Moksvada terroru törədənlər barədə demək olar. Terrorçular Tacikistan vətəndaşlarıdır. Tacikistan Rusiyanın müttəfiqi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Amerika 11 sentyabr terroruna görə müttəfiqi Səudiyyə Ərəbistanına qarşı hər hansı sanksiya tədbiri görmədiyinə görə, Rusiya da Moskvada törədilən terrora görə Tacikistana qarşı hər hansı tədbir görməyəcək. Tacikistanın terror olayına aidiyyatı yoxdur.

 

Buna baxmayaraq, Moskvanın siyasi dairələrində iki mövzu gündəmə gətiriləcək. Birincisi, Rusiya ərazisinə daxil olan Mərkəzi Asiya ölkələrinin vətəndaşlarına qarşı viza rejiminin tətbiqi və ya onların xüsusi qaydada yoxlanılması tələb ediləcək.

 

İkincisi, başda paytaxt Moskva olmaqla Rusiyanın şəhərlərində çalışan Mərkəzi Asiya vətəndaşlarının bir qisminin deportasiyası tələb ediləcək. Rusiyanın müttəfiq ölkələrin vətəndaşlarına qarşı viza rejiminin tətbiqi Mərkəzi Asiyada mənfi qarşılanacaq və bu münasibətlərə mənfi təsir edəcək. Miqrasiya qaydalarının sərtləşdirilməsi isə Rusiyanın özünə əlavə problemlər yaradacaq. Rusiyanın miqrant işçilərə ehtiyacı var. Bu isə İŞİD və digər terror təşkilatların işinə yarayır. Moskvadakı terror olayı təsdiq etdi ki, terror təşkilatları məhz Rusiyaya keçid üçün viza tələb olunmayan miqrantlar içərisindən tərəfdarları seçir və onları qatilə çevirirlər. Bu olaylardan isə heç bir günahı olmayan, Rusiyada ağır işlərdə çalışaraq aiələlərinə cüzi maliyyə göndərmək məcburiyyətində qalan miqrantlar əziyyət çəkəcəklər”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az