“Televiziya insanların zövqünün formalaşmasında böyük rol oynayır”
Vətəninfo.az-ın bu dəfəki qonağı Xalq artisti Mübariz Tağıyevdir.
- Mübariz bəy, ötən il əməliyyat olundunuz. İndi səhhətiniz necədir?
- Şükür Allaha hər şey yaxşıdır. Ürək damarlarımda problem olduğu üçün əməliyyat keçirdim. Amma artıq səhhətim normaldır. Hələki yeni mahnı və ya klip üzərində işləmirəm. Əməliyyatdan öncə yarımçıq qalan işləri tamamlayıram.
- Son zamanlar bayağı mahnılar dəbə düşüb. Belə mahnıların dinləyicisi günbəgün artır. Sizin bu mahnılara münasibətiniz necədir?
- Mənə xoş gəlməyən mahnı digərinə xoş gəlir. Bayağı mahnılar isə insanların zövqünü korlayır. Kiməsə deyə bilmərik ki, bayağı mahnıları dinləmə. Biz qadağa etsək, gedib başqa bir küncdən-bucaqdan tapıb alacaq və dinləyəcək. Ona görə zamana buraxmaq lazımdır. Zaman yaranan bütün mahnıları ələkdən keçirərək, incəsənəti düzəldəcək. Televiziyanın, radionun redaktorları özlərinə hörmət etməlidirlər. Efirə nə verdiklərinə baxmalıdırlar. Çünki onlar insanların zövqünün formalaşmasında böyük rol oynayırlar.
- Gənc müğənninlərin ifasından, səhnə mədəniyyətindən razısınızmı?
- İndi keçirilən müsabiqələr istedadlı ifaçıların üzə çıxarılmasında, səhnəyə gətirilməsində böyük rol oynayır. Əgər münsiflər heyəti istedadlı və peşəkar şəxslərdirsə, gənclər belə müsabiqələrdən qaçmamalıdır. Müsabiqədə seçim edilir, yaxşı ifaçılar seçilib səhnə üçün hazırlanır. Ən pisi isə budur ki, müsabiqədə məktəb keçmiş ifaçıların səsi toyxanalardan gəlir. İndi incəsənətimiz axtarışdadır. Ona görə hələ çoxları gələcək sənətdə özünü sınayacaq. Lakin vaxtı gələndə hər şey düzələcək. Zaman ifaçıları öz sınağından keçirəcək. Səsi, səhnə mədəniyyəti olmayanlar bu imtahandan keçə bilməyəcəklər. Onda incəsənətimiz öz yolunu tapmış olacaq.
- Xalq artisti kimi indiki Xalq artistlərimizə münasibətiniz?
- Bizim vaxtımızda Mədəniyyət Nazirliyinin tərkibində birlik vardı. Burada prodüserlər, jurnalistlər təmsil olunurdu. İfaçılar onlarla rayonlara gedirdi, konsertlər verirdi. Camaat işləyirdi, müğənninin planını ödəyirdi. Əməkdar artist adı buradan gəlir. Əhali təyin edirdi ki, filan kəsə Əməkdar artist adını vermək olar, ya yox. İndi toyda Əməkdar artist olurlar. Hələ xalq artistlərini demirəm. Tüpürüm belə Xalq artistinə... Nə səhnə mədəniyyəti var, nə özünü apara bilir. O gün bir müğənni deyir ki, mənə Əməkdar artist adını veriblər. Dedim, onlar verib, sən niyə götürürsən?
- Vətənpərvərliyi aşılayan mahnılar sizin ifanızda daha çox sevilir. Sizcə, bunun səbəbi nədir? Vətənpərvərlik hissi xalqımıza indi nə qədər aşılanır?
- Vətənpərvər mahnılar ifa etmək üçün gərək bu hiss qəlbində güclü olsun. Gərək mahnını ürəklə ifa edəsən. Mən müharibənin ağrı-acısını yaşamışam, gözlərimlə görmüşəm. Yəqin, ona görə də mənim ifamda vətənpərvər mahnılar daha gözəl alınır. Vətənpərvərlik hissi aşılayan mahnıların, filmlərin, tamaşaların cəmiyyətdə rolu böyükdür. Tez-tez vətənpərvər mahnılar yazılmalıdır, filmlər çəkilməlidir ki, xalqımız arasında bu hiss yayılsın.
- Müsahibə üçün çox sağ olun.
- Siz sağ olun. Sizə uğurlar arzulayıram.