Müdafiə Nazirliyindən Ohanyanın müharibə iddiasına cavab
Azərbaycan Müdafiə Nazirliyi: "İşğalçılar torpaqlarımızdan qovulmalıdır."
"Azərbaycanın dinc əhalisinə qarşı amansızlığı və qəddarlığı ilə seçilən, cinayətlər törətmiş Seyran Ohanyanın, heç şübhəsiz, xarici auditoriya üçün ünvanladığı siyasi terminlərlə dolu növbəti boşboğazlıq Ermənistanın hərbi-siyasi rəhbərliyindəki şəxslərin tam məsuliyyətsizliyi, öz xalqının gələcəyini düşünməyən kəslərin riyakarlığı və ikiüzlülüyünü bir daha sübut edir".
Bunu Ermənistanın müdafiə naziri Seyran Ohanyanın cəbhədəki vəziyyət və münaqişənin həlli ilə bağlı fikirlərinə cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.
Dağlıq Qarabağ münaqişəsinin yeganə həlli Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tamamilə, birdəfəlik və qeyd-şərtsiz çıxarılmasındadır. Məsələ ya Ermənistanın beynəlxalq hüquq norma və prinsiplərə riayət etməsilə həll olunmalıdır, ya da Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması məqsədilə Silahlı Qüvvələrimiz tərəfindən qarşıda qoyulan tapşırıq tam icra edilməklə işğalçılar torpaqlarımızdan qovulmalıdır.
Ermənistanın müdafiə naziri Seyran Ohanyan Azərbaycanla genişmiqyaslı müharibə haqqında danışaraq, bu barədə erməni mətbuatına açıqlama verib.
Müdafiə nazirinin sözlərinə görə, erməni ordusu hər gün müharibəyə hazırlaşır.
"Müharibənin yenidən başlaması Qarabağ münaqişəsinin erməni xalqı üçün nə qədər müqəddəs olmasından asılıdır”, - deyə Ohanyan bildirib.
Onun sözlərinə görə, müharibəyə hazır olmaq üçün Müdafiə Nazirliyi, Baş qərargah və digər müvafiq qurumlar daim işlər görür: "Amma yaranmış hərbi-siyasi vəziyyət, regional və beynəlxalq inkişaflar bu gün genişmiqyaslı müharibənin başlana biləcəyini göstərmir. Biz bütün işlərimizi milli və beynəlxalq zəmanətlərin formalaşması yolu ilə edirik. Amma əgər hərbi manevrlər olacaqsa, biz vətənimizi qorumalı olacağıq".
Cəbhə xəttində baş verən son gərginliklərdən sonra Ermənistan rəhbərliyinin Azərbaycan-Ermənistan dövlət sərhədinə və Dağlıq Qarabağ zonasına səfərləri artıb. Həmçinin Ohanyan yenə sərsəm bəyanatlar yaymağa başlayıb.
Keçən ay Ohanyan qondarma Dağlıq Qarabağ respublikasına səfər edib. O, qondarma respublikanın "prezidenti" Bako Saakyanla görüşüb. Görüşdə qondarma rejimin "müdafiə naziri" Levon Matsakanyan iştirak edib. Ümumilikdə son vaxtlar Ermənistan rəsmilərinin Dağlıq Qarabağa səfərlərinin sayı artıb.
Miq.az