O, Ermənistanda ictimai qınaqla qarşılaşmamaq üçün nala-mıxa vurmaq məcburuyyətindədir.
Bu sözləri “Vətəninfo.az”a Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın baş müşaviri olmuş Jirayr Libaridyanın Bakıda söylədiyi açıqlamaları şərh edərkən bildirib.
“Ermənistan Rusiyanın təsir dairəsindən çıxmayana qədər Azərbaycanla ikitərəfli danışıqlar apara bilməz. Olsa da, müsbət nəticəsi olmaz. Çünki Rusiya Dağlıq Qarabağ münaqişəsini yaratmaq və Ermənistanda hakimiyyətə Qarabağ klanını gətirməklə Ermənistanı Qarabağ vasitəsilə Rusiyanın girovuna çevirib.
O da həqiqətdir ki, Qlobal oyunçular səviyyəsində bu gün Qarabağ probleminin həlli görünmür və regional səviyyədə belə bir uzlaşmanın olması da üfüqdə görünmür”,-deyə politoloq qeyd edib.
Politoloq onu da qeyd edib ki, ABŞ artıq Rusiyanı Yaxın Şərqdən, sonra isə Cənubi Qafqazdan tamamilə çıxarmaq yönündə fəaliyyət planını işə salıb: “O ki qaldı qarşılıqlı güzəştlərə, Azərbaycanın bugünkü səbirli davranışı Ermənistan və regionda geosiyasi və geoiqtisadi maraqları olan güclərə olan ən böyük güzəşt sayılmalıdır. Azərbaycan getdikcə hər cəhətdən güclənən, Ermənistan isə bütün parametrlər üzrə tükənən ölkədir və bu proses dərinləşməkdə davam edəcək. Ona görə də Ermənistan gələcək baxımından var olmaq istəyirsə, bu yöndə ciddi qərarlar verməlidir. Ancaq proseslər göstərir ki, Ermənistan uçuruma gedir və hər gün daha çox xarici faktorlardan asılı vəziyyətə düşür”,-deyə Natiq Miri vurğulayıb.
Elnur Eltürk