On ayda ev bazarında 26 faiz ucuzlaşma...

On ayda ev bazarında 26 faiz ucuzlaşma...

Ölkənin ev bazarında yenidən qiymət enməsi müşahidə edilir. Qiymət ucuzlaşması həm təkrar, həm də ilkin mənzil bazarında müşahidə olunur. Neftin ucuzlaşması, həmçinin təkrar devalvasiya ehtimalları da qiymətlərə təsir göstərməkdədir. Ekspertlər bildirirlər ki, yaxın üç ay ərzində qiymətlərin artması gözlənilmir. Əksinə, qiymətlərin daha da azalması gözləniləndir.

 

Vizual.az xəbər verir ki, "MBA” Konsaltinq və Qiymətləndirmə şirkətinin rəhbəri Nüsrət İbrahimov musavat.com-a açıqlamasında bildirib ki, bu ilin oktyabrında təkrar mənzil bazarında 3,1 faiz ucuzlaşma olub. İlkin mənzil bazarında isə bu rəqəm 1,1 faizdir:

"Ümumən 1,2 faiz qiymətlər düşüb. İlin əvvəli ilə müqayisədə ümumi mənzil bazarında 26 faiz ucuzlaşma var. Qiymət azalmasının əsas səbəbi xarici faktorlardır, regionda baş verən hadisələrdir. Dünya maliyyə bazarlarında baş verən hadisələr qiymətlərin ucuzlaşmasına təsir göstərir. Nəticəsi kimi neftin qiymətinin aşağı düşməsi və bunun Azərbaycana təsiri də mühüm rol oynayır. İkinci səbəb də insanların neqativ gözləntiləridir. İnsanlar hələ ki risk etmirlər əllərində olan vəsaiti mənzil bazarına yönəltsinlər”.

 

Onun sözlərinə görə, yaxın üç ay ərzində qiymətin artması ehtimalı yoxdur: "Yanvarın sonuna qədər bahalaşma olmayacaq”.

 

Növbəti devalvasiya ehtimallarının da mənzil bazarına təsir etməyəcəyini bildirən ekspert, devalvasiya başverdiyi halda belə, mənzil bazarında bahalaşmanı istisna edir:

"Devalvasiya olsa da, qiymət artımına təsir etməz. Fevral devalvasiya elə də təsir göstərmədi. Təsir qısamüddətli oldu. Bu dəfə də devalvasiya olarsa, mənzil bazarına təsiri ehtimal olunmur. Bu gün mənzil bazarına yatırım çox azalıb. Həm banklar, həm fərdlər tərəfindən yatırım azalıb”.

 

Qeyd edək ki, bir müddət əvvəl "Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması barədə imzalanan fərmanın mənzil bazarında canlanmaya yol açacağı bildirilirdi.

 

Ekspert Samir Əliyevin sözlərinə görə, hazırda mənzil bazarında süstlük müşahidə edilir:

"Mənzil bazarında nə alış var, nə də satış. Bu da bir tərəfdən, dünya bazarında neftin ucuzlaşması ilə, digər tərəfdən, Rusiya amili ilə bağlıdır. Çünki Rusiyadan ölkəmizə kifayət qədər maliyyə vəsaiti gəlirdi, həmin vəsait də bazarda aktivliyi kifayət qədər saxlayırdı. Birinci devalvasiya baş verəndə mənzil bazarındakı qiymətlər buna uyğunlaşmağa başladı. Dollar ifadəsində mənzillərin ucuzlaşması baş verdi, manat ifadəsində isə əksinə, bahalaşdı. Ancaq bu, ilkin dövrdəki reaksiya idi. Sonrakı dövrdə manatla da mənzillər ucuzlaşmağa başladı. İndi daha çox köhnə evlərin qiymətində azalmalar baş verir. Yeni tikililərin qiymətində dəyişiklik, azalma yoxdur”.

 

Ekspertin sözlərinə görə, ikinci devalvasiya baş verərsə, bu, mənzil bazarına mənfi təsir göstərəcək:

"Belə ki, əhalinin alıcılıq qabiliyyəti aşağı düşəcək, bu da eyni zamanda evlərin qiymətini aşağı salacaq. Devalvasiya olmasa belə, mənzil bazarında ucuzlaşma davam edəcək. Təbii ki, neft bahalaşmayacağı təqdirdə bu, belə olacaq. ”İpoteka Fondu" ilə bağlı istənilən müsbət addım bazara mütləq təsir göstərir. Ancaq bu təsir bir qayda olaraq, qısamüddətli təsir daşıyır. Çünki istənilən informasiyanın arxasında fəaliyyət dayanmalıdır, konkret əmtəə dayanmalıdır. Əgər fəaliyyət yoxdursa, canlanma aradan qalxır. Prezident ipoteka kreditləşməsi ilə bağlı dövlət büdcəsindən əlavə 200 milyon manat vəsait ayrılacağını dedi. Bu qərar həyata keçiriləcəyi halda, bazarda canlanma yaradacaq. Çünki 200 milyon kifayət qədər böyük məbləğdir. Bu, xüsusilə 2-3 otaqlı, qiyməti 100 minə qədər olan evlərin satışına müsbət təsir edəcək",- deyə ekspert milli.az-a bildirib.

 

Ekspertlər qeyd edirlər ki, ümumən ötən ilin mart ayından Rusiyada rublun məzənnəsinin yüksəlməsi, Ukrayna hadisələri və ətraf regionda, dünya siyasi səhnəsində baş verən hadisələrin mənzil bazarına təsiri qaçılmazdır. Bu, tək bizim ölkədə deyil, regionda bu vəziyyət müşahidə edilir. Biz də bu bazarın tərkib hissəsi kimi qiymət azalmasını hiss edirik. Bildirilir ki, mənzilə tələbat da azalıb ki, burada da psixoloji faktor rol oynayır. Çünki insanların dünya ilə əlaqəsi var, informasiya vasitələrini izləyirlər, məlumatlıdırlar, bu da öz psixoloji təsirini göstərir.

 

Ekspertlər qeyd edirlər ki, real alıcıların böyük bir hissəsi bazarı tərk ediblər. Səbəb isə əllərindəki pulu qoruyub saxlamaqdır. Hər zaman bazarda canlama yaradan və qiymətləri artıranlar daha çox investorlar idi. Artıq onlar da bazarı tərk ediblər. Məhz onlar da əllərindəki vəsaiti bazara yatırmaqdan ehtiyat edirlər.

 

Bundan başqa, kredit təşkilatları da daşınmaz əmlak bazarında öz fəaliyyətlərini məhdudlaşdırıblar. Onlar da bu sahəyə pul ayırmağın risk olduğundan ehtiyatlanırlar. Təbii ki, bütün bunlar da mənzillərin qiymətində özünü qabarıq şəkildə büruzə verir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az