Onlara “sülhməramsız” missiya daşıyan qurum kimi baxırlar - Polkovnik Ramaldanov
Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası artıq beş gündür ki, davam edir. Aksiya iştirakçıları artıq yeni tələblər irəli sürürlər.
Bəs bu etirazlar nə vaxta kimi davam edəcək? Keçirilən aksiyaların əhəmiyyətli nəticəsi olacaqmı?
Məsələ ilə bağlı Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Şair Ramaldanov Bakupost.az -a açıqlama verib.
O, böyük əhəmiyyətə malik olan bu aksiyaların davam etməli olduğunu bildirib. Etirazların Azərbaycan xalqının iradəsini və öz torpağına yiyə durmasını göstərdiyini qeyd edib:
"Yumşaq və sərt güc var. Sərt güc yəni, silah gücü ilə biz torpaqlarımızı azad etdik. Yumşaq güclə isə aksiyalar formasında cəmiyyətin aktivliyi fonunda qarşısına qoyulan hədəflərə nail olur. Bunlar da beynəlxalq normalar çərçivəsində olan ümumi hədəflərdir. Əsas məqsəd işğaldan azad olunmuş ərazilərdə infrastrukturu bərpa etmək, Rusiyanın sülhməramlı qüvvələrinin yerləşdiyi ərazilərdə Azərbaycan və Ermənistan cəmiyyətinin inteqrasıyasına nail olmaqdır. Ona görə ki, gələcəkdə bu iki xalq birlikdə yaşaya bilsin, bizim qaçqınlarımız o ərazilərdə yaşasın, yaxud oradan qaçqın düşənlər öz vətənlərinə qayıda bilsin. Bu proseslər bir günə əmələ gəlmədiyi üçün Rusiya sülhməramlı qüvvələrinin həmin ərazilərdə 5 il müddətində qalması nəzərdə tutulub. Artıq 2 il keçib, amma biz istədiyimiz nəticəni görə bilmirik. Onlara "sülhməramsız” missiya daşıyan qurum kimi baxırlar. Biz bu 2 il ərzində Rusiya "sülhməramsızlarının” çox kobud əməllərini və Azərbaycanın maraqlarına zidd hərəkətlərini müşahidə etdik”.
Ekspert, baş verən proseslərin Azərbaycan ərazisində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Rusiya sülhməramlı qüvvələri tərəfindən razılaşdırılmış şəkildə monitorinq keçirilməsinə imkan verilməməsi fonunda olduğunu söyləyib. 2 il davam edən qanun pozuntularına və maraqlara zidd davranışların nəticə etibarilə aksiyalara səbəb olduğunu vurğulayıb:
"Biz düşünürdük ki, sülhməramlıların 5 illik müddəti bitəndə onlar həmin ərazilərdən gedəcək. Amma vaxt azdır. 3 il ərzində bu qədər iş görmək sülhməramlıların bu mövqeyi ilə çətindir. Azərbaycan jurnalistinin silahlı sülhməramlı nümayəndənin qarşısını kəsdiyi ilə bağlı videoları gördük. Halbuki bunun əksi olmalıdır. Azərbaycan vətəndaşı istədiyi zaman öz ərazilərinə gedə bilməlidir. Sülhməramlı qüvvələrin əsas missiyası Azərbaycan və Ermənistan vətəndaşlarının təhlükəsizliyini təmin etməkdir. Amma onlar buna fikir vermir. Sanki o ərazilər Azərbaycana aid deyilmiş kimi davranırlar. Aksiya iştirakçılarının tələbləri həqiqətən narahat olduğumuz mövzulardır. Bu bizim yalnız sərt güclə deyil, yumşaq güclə də mübarizə apara bildiyimizi, reaksiya göstərdiyimizi bildirir. Bu çox sevindirici haldır. Düşünürəm ki, aksiyaların tələblərinə müsbət qarşılıq verilənə qədər çıxışlar davam edəcək”.