Tovuz sakini bildirir ki, Rafiq Məmmədhəsənov Tovuz və Gədəbəy rayonlarının 40 mindən artıq əhalisini parlamentdə təmsil edir: "Bizim bölgənin çoxsaylı problemləri var. Kəndlərin yolları pis vəziyyətdədir, məktəblərin, uşaq bağçalarının əksəriyyəti bərbad haldadır. Həmçinin, aztəminatlı insanların dövlət qurumlarının həyata keçirdiyi sosial layihələrə əlçatımlılığı çox aşağı səviyyədədir. Vətəndaşlar üzləşdikləri çətinlikləri yuxarı dövlət qurumlarına çatdıra bilmirlər. On il ərzində bir dəfə də olsun deputat rayonda nə seçicilərlə görüşüb, nə də onların problemlərini dinləyib. Rayonda sorğu keçirilərsə, 100 adamdan biri bu deputatı tanımaz. Necə mandat alması da bizə məlumdur, birinci deputatlıq müddətində bir dəfə seçicinin problemini dinləməyən deputata kim yenidən səs verər? Rafiq müəllim bundan sonra deputat olmaq istəyi heyrətamizdir. Yaxşısı budur, daha 5 il bu kürsünü zəbt edib insanlara pislik etməyi davam etdirmək niyyətinə düşməsin”.
E.Rüstəmov daha sonra qeyd edib ki, Tovuzu parlamentdə təmsil edən başqa millət vəkili Qənirə Paşayevanın fəaliyyəti əhali tərəfindən təqdirəlayiq qarşılanır: "Rafiq Məmmədhəsənovun dairəsində olan seçicilər də problemlərini Qənirə xanıma çatdırmağa çalışırlar. O, doğrudan da camaatın problemlərini həll etmək üçün əlindən gələni edir. Ayda bir neçə dəfə kəndləri gəzir, insanlarla görüşür, onların problemlərini dinləyir, habelə bölgənin infrastruktur problemlərinin həllini dövlət qurumlarının qarşısında qaldırır və buna nail olur. Bəs Rafiq Məmmədhəsənov nə edir? Heç nə! Və bu fəaliyyətsizlik, insanlara qarşı yuxarıdan aşağı münasibət seçiciləri hiddətləndirir”.
Tovuz sakini qeyd edir ki, Rafiq Məmmədhəsənov bu 10 ildə minlərlə insanı millət vəkili dəstəyindən məhrum edib: "Biz bu qədər dözmüşük, daha R.Məmmədhəsənov kimi öz maraqlarını güdən, parlament kürsüsünü zəbt edən şəxsin deputat olmaq iddialarına dözməyəcəyik. Yaxşısı budur, Rafiq müəllim özü öz fəaliyyətsizliyindən nəticə çıxarıb iddiasından vaz keçsin”.