“Orada-burada forslanırlar ki, Yazıçılar Birliyinin üzvüyəm”
"Yazıçılar Birliyinə üzvlük haqqı illik 15 manatdır. Yazıçısansa, birliyin üzvüsənsə, 15 manatı niyə ödəmirsən?”
Bu sözləri "Yeni Sabah”a Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Aqil Abbas deyib.
O xatırladıb ki, yazıçılar daima AYB vasitəsi ilə öz problemlərini, qayğılarını dilə gətirirlər:
"İndiki partiyaların nizamnamələrini bilmirəm, sovet dövründə partiyaya üzvlük haqqını 2 ay ərzində ödəməyənləri kənarlaşdırırdılar. Yazıçılar Birliyi də böyük bir təşkilatdır. Hamının bir-birinə işi düşür. Bu təşkilat vasitəsilə problemlərini, qayğılarını səsləndirirsən, ev, maddi yardım tələb edirsən, amma ildə 15 manat ödəmək istəmirsən. Ona görə də belə bir qərar verilib ki, üzvlük haqqını ödəməyənlər AYB-dən çıxarılsın”.
Yazıçı vurğulayıb ki, bəziləri üçün AYB-yə üzvlük sadəcə reklam mahiyyəti daşıyır:
"Çoxu üzvlük biletini cibinə qoyub, heç tədbirlərə, iclaslara da getmir. Orada-burada elə forslanırlar ki, Yazçılar Birliyinin üzvüyəm. Nə var-nə var, imzalarının yanında "Azərbaycan Yazçılar Birliyinin üzvü” yazılsın.
AYB-nin bu qərarını alqışlayıram. Üzvlərdən elələri var ki, artıq vəfat edib, amma digər yazıçıların xəbəri yoxdur. O qədər münasibət qurmayıb, gəlib-getməyib, mətbuatda çıxış etməyib ki, Yazıçılar Birliyinin xəbəri yoxdur filan üzv artıq dünyasını dəyişib”.
Xatırlatma: AYB qurumda təmsil olunan, lakin üzlük haqqını ödəməyən şair və yazıçıların adlı siyahısını tərtib edib. Həmin şəxslərə fevralın 1-dək möhlət verilib. Üzvlük haqqı borclarını ödəməyənlər AYB-dən xaric ediləcək.