Ortay Şirəliyev və Mikayıl Cabbarov Azərbaycan mentalitetinə tüpürdü: “Aybaşı” SORĞUSU

Ortay Şirəliyev və Mikayıl Cabbarov Azərbaycan mentalitetinə tüpürdü: “Aybaşı” SORĞUSU


Səhiyyə Nazirliyi və Təhsil Nazirliyinin birgə addımı ölkədə ciddi rezonansa səbəb olub.

Miq.az xəbər verir ki, rezonansa səbəb Səhiyyə Nazirliyinin məktəblərdə "aybaşı” sorğusunu keçirməsidir.

Unikal.org saytının əldə etdiyi məlumatda qeyd olunur ki, Səhiyyə Nazirliyi adıçəkilən sorğunu paytaxtın 5 məktəbində şagirdlər arasında keçirib.

Qız şagirdlərə ünvanlanan suallar arasında iki məqam xüsusilə biabırçıdır:

1. Busqalter geyinirsiniz?
2. Aybaşı olmusunuz?

Yasamal rayonunda yerləşən Telman Abbasov adına 225№-li tam orta məktəbin direktoru Sevda Eminova deyir ki, sorğu Bakı şəhəri üzrə Təhsil İdarəsinin göstərişi və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilir.

"Sorğudan sonra şagirdlər noyabr ayının 28-i, həftənin 2-ci günü həkimlərin müayinəsindən də keçəcəklər. Məqsəd uşaqların sağlamlığını yoxlamaqdır”, - deyə o bildirib.

S.Eminova sorğuda bəzi sualları anlamdığını və bu haqda layihənin təşkilatçılarından soruşduğunu bildirib. Səhiyyə Nazirliyinin nümayəndələri olan Nərmin və İnara adlı xanımlar qeyd ediblər ki, burada qəbahət bir şey yoxdur.

Məktəbin direktoru Sevda Eminova açıqlamasında bildirib ki, sözügedən sorğu Bakı şəhəri üzrə Təhsil İdarəsinin göstərişi və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilir:

"Bizim məktəbdə 60 şagird arasında bu sorğu keçirilir. Sorğu 11-12, 15-16 yaşlı şagirdlər arasında baş tutacaq. Sorğudan sonra şagirdlər noyabr ayının 28-i, həftənin 2-ci günü həkimlərin müayinəsindən də keçəcəklər. Məqsəd uşaqların sağlamlığını yoxlamaqdır”.

Sorğuda ünvanlanan bəzi suallara gəldikdə isə Sevda Eminova vurğulayıb ki, bu barədə daha ətraflı Səhiyyə Nazirliyinin müvafiq qurumu və rayon poliklinikası aydınlıq gətirə bilər: "Bəzi sualları özüm də anlaya bilmirəm. Yaxşı olar ki, bu sualları təşkilatçıların özləri açıqlasınlar. Hər halda, bu sorğu məktəbimizə gəlməzdən əvvəl müvafiq qurumların süzgəcindən keçib”.

Həmin layihənin təşkilatçıları və Səhiyyə Nazirliyinin nümayəndələri Nərmin və İnara adlı xanımlar sualımıza belə cavab verib:

"Tədbir, Bakının 5 məktəbində 60 şagird arasında Dövlət Proqramı çərçivəsində Səhiyyə və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə, Moskvadan gələn bir qrup professor həkimlər tərəfindən keçirilir. Burada qəbahət bir şey yoxdur. Sorğudan sonra həkimlər şagirdləri müayinə edəcək və bundan sonra nəticələri valideyinlərə təqdim edəcəklər. Müayinəni valideynlər istəsə müdaxilə etməmək şərti ilə, kənardan gəlib izləyə bilərlər”.
Onlar anketdəki bəzi sualların valideynlərin narahatlıq yaratmasına da münasibət bildirib: "Sözügedən anket Rusiyadan bizə göndərilib. Bəzi valideynlər rus dilini başa düşmədiyi üçün Azərbaycan dilində də tərcümə etmişik. Suallarda isə qəbahət heç nə yoxdur”.

Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov sayta sorğu göndərməyi tövsiyyə edib. Bildirib ki, sorğu göndərildikdən sonra məsələ ilə bağlı araşdırma aparılıb, onlara ünvanlanan suallar cavablandırılacaq.

Bu sorğunu şagirdlərin sağlamlığı məqsədilə keçirilməsi anlayışla qarşılana bilər. Lakin sorğudakı bəzi suallar həqiqətən də düşündürücüdür. Misal üçün, aybaşı, yaxud buzqalterin taxılıb-taxılmaması kimi intim məsələləri gündəmə gətirmək və bunu məktəbdə şagirlərə ünvanlamaq nə dərəcədə doğru ola bilər.

Bu sorğunu təşkil edən Səhiyyə və Təhsil nazirliklərinin fəaliyyəti onsuz da kifayət qədər problemlidir.

Miq.az-ın araşdırmalarına görə, hər iki nazirliyə rəhbərlik edən şəxslərin fəaliyyəti dövründə neqativ halların sayı kifayət qədər olub.

Səhiyyə naziri Oqtay Şirəliyev bu quruma rəhbər gətiriləndən sonra Azərbaycanda ana və uşaq ölümlərinin sayı artıb. Bəzən hər gün bir uşaq, yaxud ana ölümü xəbəri yayılır. Bununla yanaşı, səhiyyə sistemində rüşvət halları, xəstələrin soyulması, dövlət tərəfindən verilməli olan dərmanlarn pulla satılması və saydıqca bitməyən neqativ hallar gündəlik həyatımızın bir hissəsinə çevrilib.

Təhsil naziri Mikayıl Cabbarov isə bu posta əyləşəndən sonra ona olan ümidləri alt-üst etdi. Hazırda ölkədə təhsil sisteminin olduqca bərad olduğu müşahidə olunur. Diqqət çəkən digər məqam isə təhsil və tərbiyə ocağı olan məktəblərdə Mikayıl Cabbarovun nazir olduğu dövrdə əxlaqsızlıq hallarının artmasıdır. Mediada tez-tez "direktodan müəllimə əxlaqsız təklif”, "müəllimdən şagirdə qarşı nəlayiq hərəkət” və s. kimi xəbərlər bunun göstəricisidir. İndiyə qədər baş vermiş halları bir-bir sadalamaq olar, lakin bu onsuz da heç nəyi dəyişmir.

Lakin orta məktəblərdə belə bir sorğunun keçirilməsi isə Azərbaycan adət-ənənəsinə, mentalitetinə sözün həqiqi mənasında tüpürməkdir.




Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az