Osloda “Azərbaycan Evi”nin təşkilatçılığı ilə Cavid Təbrizli konsert proqramı ilə çıxış edib.
"Veteninfoaz" xəbər verir ki, Osloda “Azərbaycan Evi”-nin dəvəti ilə Norveçə təşrif buyurmuş Cavid Təbrizli və musiqi qrupu (10 Noyabr) möhtəşəm konsert proqramı ilə Osloda yaşayan Azərbaycanlılara unudulmaz bir gecə yaşatdılar. Proqramın aparıcısı Şəbnəm xanım qonaqlara xoş gəldin deyərək “Azərbaycan Evi”-nin keçirdiyi son beş tədbir haqqında onlara geniş və ətraflı məlumat verib.
Şəbnəm xanım Cavid Təbrizlinin konsertini açıq elan etməzdən öncə konsert iştirakçıları ilə birlikdə Güney Azərbaycanın Vərzigan bölgəsində baş vermiş dağıdıcı zəlzələ qurbanlarının əziz xatirəsini 1 dəqiqə sükutla yad edib. Sonra isə qonaqların alqışları ilə Cavid Təbrizli və onu müşaiyyət edən musiqi qrupu səhnəyə dəvət olundu. Cavid bəy Təbrizli “Sizə salam gətirmişəm” mahnısı ilə konsərtə başlayaraq bir-birindən gözəl və rəngarəng mahnılarla konsert istirakçıları qarşısında çıxış edib.
Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO) fəal üzvü olan Hüseyn Abbaszadə konsert günü “jiu-jitsu” idman növü üzrə ölkə çempionatında ən yüksək nəticə göstərərək qızıl medala layiq görülüb. Hüseyn Abbaszadə Cavid Təbrizlinin təqdimatında konsert iştirakçıları tərəfindən ayaqüstdə sürəkli alqışlarla təbrik olunub. Norveçdə azərbaycanlı gəncin nəaliyyəti xalqımızın və Norveçdə yaşayan azərbaycanlıların uğru kimi qiymətləndirilib.
Osloda yaşayan tanınmış aşıq sənətinin gözəl saz ustası Cəfər Cəfərzadə də cıxış edərək aşıq musiqisi ifa edib. Konsert proqramının ikinci hissəsində Azərbaycan Evinin idarə heyyətinin üzvü Şahin Xiyavlı qonaqlar və Norveçə təşrif buyurmuş musiqiçilərə xoş gəldin deyərək “Azərbaycan Evi”-nin məqsəd və hədəfləri haqqında bir daha qısaca məlumat verərək “Azərbaycan Evi”-nə üzvülük və bu ilin sonuna qədər keçiriləcək tədbirlər haqqında məlumat verib.