Paşa Talıblı: "Şükür, yenə hər nəfəsdə yoruldum..."

Paşa Talıblı:


*
( ...yenə şəkil çəkdirib göndərə bilmədim.)

Şəklim yaxşı düşmür, çəkdirəm, neylim...
Eh, belə demək də heç yaxşı düşmür.
...günahkar nə mənəm nə şəkil çəkən!
Bəlkə boyum çatmır ya yaşım düşmür.

Məsələn, birisi şəkil çəkdirir,
bəlkə yaza çıxdı bu həyacannan...
...kim filə ev tikir fil sümüyündən?
Nə şəkil çəkdirim filfilə cannan? 

...eşq də bir şəkildi ayrılıq qədər!
...şəkildi göy üzü deyilən dəyəm!
Şəklim yaxşı düşmür, çəkdirəm, ay dost,
düşmür bəlkə şair deyiləm deyə.

Dedim, bir şəkil də yaz əhdim olar...
Yaz dedi, eh mən də dedim...çəkdirim! 
...nə qədər üzüm ağ, alnım açıqdı,
hər necə olsa, da gedim çəkdirim! 


Mənzərə

Hərədə bir dil var elə...
Hamının dili bəllidi!
...niyə dilsiz doğulmayıb,
adamlar niyə dillidi?

...niyə dil tökür yalvarır,
niyə dil açır dillənir?
...kimi dilinin altında,
kimi dilucu dillənir!

Nədir bu dil mənzərəsi? 
Mənzərə xəstəsi kimdi? 
...bu dilləri kim yaradıb —
dilin ustası kimdi? 

Elə dil - dil ötür hamı...
—dilini özünə qoymur! 
...hamının dilini yaxşı bilir,
Allah o yerə özünü qoymur!

*
Mən də dövrün az tanınan şairi... 
...kim gecikdi, qarı qaldı — baxtıdı! 
...keçib igid - oğlan çağı dövranın,
qaranəfəs, qara quldur vaxtıdı.

...kor da bilir, koranə də, nə deyim! 
...seçə bilsən öz Tanrından şairi!
Bəlkə elə az tanınmaq yaxşıdı...
Mən də dövrün az tanınan şairi! 

...şahın qəsri, komanın da şairi!
...xəcil - xəşil kirləmədim sözü mən! 
...mən də dövrün az tanınan şairi!
...az - az yazdım, korlamadım sözü mən.


...şerin yolu

... bir yazı yoludu yazdan payıza! 
Rəvamı bir rəvan bürkü bağlasın? 
...yerbəyer eyləsin yerimi payız-
bir sarı yarpağa büküb saxlasın.

Qəribə deyilmi?..qəribə deyin —
"fərman padşahındı, dağlar" beləcə...
Bir sarı yarpağa büküb saxlasın...
Dərdman da dərdini saxlar beləcə! 

Qoymaz gedib bata barlı bağlara...
Xəzan oxlarını çəkər çənəmi?
Bilir xalpərəst yox, xəyalpərəstəm...
— payız bir çəliyə çəkər çənəmi!

Nə var?..barmaqlarım qələm olsaydı
Ay da nə deyirdi görən ayaza? 
...Ədirnə yolu var, durna yolu var!
Tək şer yolumu yazdan payıza? 

*
...dünya dardı qəfəs kimi, İlahi!
Dünya adlı bu qəfəsdə yoruldum...
...şükür, yenə hər aldığım nəfəsə,
şükür, yenə hər nəfəsdə yoruldum! 

Bu dünyadı...min dayaz var, yüz dərin...
...çalxalandı, keç dəryanı, üz dərin!
...yordu məni bir gözəlin gözləri!
...gəlib - gəlib axır gözdə yoruldum.

Fərqi yoxdu, ya qar, ayaz, dincəlim...
...ya bir payız, ya da bir yaz, dincəlim!
...aç qəbrimi, girim bir az dincəlim!
İnan, Tanrım, ayaq üstdə yoruldum! 


*
...bax, bu mənəm, bu da qələm!
Mən deyirəm, qələm yazır...
...ikimiz də bir sevdalı!
Mən deyirəm, qələm yazır...

...altı - üstü qalındayıq,
tutu quşlar halındayıq.
...hər gün masa dalındayıq!
Mən deyirəm, qələm yazır...

...suyam, odam, küləm.. bilməz!
Lap qızılam, lələm...bilməz!
Mən biləni qələm bilməz!
Mən deyirəm — qələm yazır...


*
(Təcnis)

...ağdı- ayüzlüdü hamının yarı!
Neyləyim, bir mənim sarıdı yarım. 
...nə gözəl-mən sarı, yarım sarıdı!
...var olsun, yaşasın sarı diyarım! 

Eh, gəlmirsə yumaq, ha sarı, gəlməz!
...divarı böyüməz, hasarı gəlməz. 
...bəxtdi, sarımasa ha sarı gəlməz!
Şükür, üzü mənə sarıdı yarım! 

...bu payız da yarpaq sarı, sarıdı! 
...saralıb, sarıya sarı sarıdı! 
...yalvardım:-yaramı sarı...sarıdı
yaramı yarpaqnan, sarıdı yarım! 

Paşa Talıblı
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Rusiya, Volqoqrad şəhəri

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az