Paşinyan sülhdən danışır, Ermənistan sürətlə silahlanır: Proses yenə pozulacaq?
"Sülhə mane olan əsas problemin aradan qaldırılması geniş imkanlar yaradıb. Azərbaycan ərazisinin erməni hərbi birləşmələri və terroristlərdən təmizlənməsi artıq başa çatıb”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovun BƏƏ-li həmkarı Abdullah bin Zayed Al Nəhyan ilə görüşündə səsləndirdiyi fikrini şərh edərkən deyib:
"Bunun özü də yeni imkanlar deməkdir. İkinci məsələ isə kommunikasiyaların açılmasıdır. Son dövrlər Paşinyan bu məsələyə toxunur. Onun fikirləri reallığı və sülhə gedən yolu ehtiva etmir. Lakin buna baxmayaraq, pozitiv əhval-ruhiyyə duyulmaqdadır. Prinsipial məsələlərdən biri də sərhədlərin delimitasiya və demarkasiyasıdır ki, bu istiqamətdə də addımlar atılmasının vaxtı çatıb. Sadalanan bu 3 arqumenti müqayisə etsək görərik ki, ən əsas maneələrdən biri, Azərbaycan ərazisinin terrorçular və erməni silahlı birləşmələrindən təmizlənməsidir. Bu, yeni imkanlar yaradır. Ermənistan bundan sonra da mövcud reallıq və öz öhdəliyini yerinə yetirməyə hazır olarsa, sülh üçün imkanlar mövcud olacaq”.
Lakin həmsöhbətimiz sülh istiqamətində addımların bundan sonra daha sürətli xarakter alacağını düşünmür. Bu məsələdə deputat optimist deyil:
"Paşinyan qeyri-sabit siyasətçidir. Bir tərəfdən sülhdən danışır, difər tərəfdən isə ölkəsini silahlandırır. Onlar hərbi büdcəyə 750 milyon dollarlıq yeni vəsait əlavə etdilər. Bu da 2018-ci illə müqayisədə hərbi büdcənin 125 faiz artırılması deməkdir. Belə olan halda sülhə doğru addımların sürətlənəcəyini proqnozlaşdıra bilmərik. Digər tərəfdən, bir müddət bundan öncə Ermənistanın müdafiə naziri Fransada səfərdə idi və Paris ilə silah almaqla bağlı razılığa gəldi. Bir tərəfdən də Hindistandan İran üzərindən keçməklə intensiv şəkildə Ermənistana silahlar gəlir. Bunlar isə sülh addımları deyil. Sülh istəyən ölkə kasıb büdcəsindən silahlanmaya bu qədər vəsait ayırmaz. Amma bütün hallarda regiona sülh gələcək və Ermənistan buna razı olmalıdır".
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Abdullah bin Zayed Al Nəhyan ilə görüşü zamanı Azərbaycan Ermənistan məsələsinə toxunarkən sülh quruculuğu prosesi üçün yeni imkanların yarandığını deyib. Nazir Azərbaycan tərəfindən həyata keçirilən antiterror tədbirləri nəticəsində sülh danışıqları, habelə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasının qarşısındakı maneələrin aradan qaldırıldığını, bu istiqamətdə sülh quruculuğu prosesi üçün yeni imkanların yarandığını bildirib.