Polkovnik: "Proseslər arzuolunmaz istiqamətdə cərəyan edir"
"Qarabağla bağlı Azərbaycan ən xain zərbəni Ermənistandan deyil, Rusiyadan gözləməlidir"
Bizim baş ağrımız olan, bizə üzümüzə gülüb, arxadan min hoqqalardan çıxan Rusiya ilə bağlı bəzi fikirlərimi sizlərlə bölüşmək istərdim. Dünən Ermənistanda gözləmədiyi və heç cürə proqnozlaşdırmadığı bir vəziyyətlə üzləşən Rusiya çox çətin bir durumla üzləşib. Səhərin gözü açılmamış mətbuatı nəzərdən keçirirəm, pahh, aləm dəyib biri birinə. Hiss olunur ki, Putinin komandası bir tərəfdən Qərbdən ardı arası kəsilməyən basqılardan bilmir yaxasını necə qurtarsın, digər tərəfdən də Ermənistan kimi uzun illər öz vassalı kimi saxladığı yağlı bir tikəsi "əlindən guppagurupla yerə düşür". Tam düşməsə də, artıq möhkəm silkələnib. İndi sizə sadalayacağım bir neçə məqam dediklərimə bir növ sübutdur.
Çoxlarının, xüsusən də Rusiyada Ermənistanla bağlı aparıcı siyasi-hərbi rəhbərlərin gözləmədiyi bir vəziyyət çaşqınlıq yaradıb. Gecəykən ATƏT-in Minsk qrupundakı Rusiyadan olan həmsədrin tələm-tələsik hazırladığı sənədi bəyanat kimi yayımladılar ki, bəs sən demə bu biveclər çox narahatdılar ki, Azərbaycan tərəfi Qarabağla bağlı güc amilindən istifadə edə bilər. Əvvala, biz bir müstəqil dövlət olaraq, torpaqlarının 20 ildən artıqdır ki, məhz rus-erməni, amerikan-fransız cütlüklərinin dəstəyi ilə işğalda qalmasının canlı şahidləriyik.

İndi bu səhər BMT-nin bivec rəhbərinin də adından bir narahatçılıq sənədi yayımlanıb. Vallah, bunlar özlərini əməlli-başlı axmaq yerinə qoyublar. Ay insanlar, siz nədən bu münaqişəni həll etmirsiniz ki, hələ üstəlik Azərbaycandan öz addımlarını işğalçı Ermənistandakı vəziyyətə uyğun olaraq atmasını həm xahiş edirsiniz, həm də bəzən cızığından çıxaraq şantaj xarakterli addımlar atırsınız? Buyurun, Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin gecəynən Putindən aldığı tapşırığı təcili səhərin gözü açılmamış Bakıya çatdırıb. Ahha, necə deyərlər, axı "xoruzun quyruğu əməlli başlı görsənir".
İndi bir daha əmin oldunuz ki, məhz Putinin və komandasının hikkəsidir, yekəxanalığıdır Qarabağ düyününün bu vaxta kimi açılmamasının ƏSL SƏBƏBİ.
Bir də, sizi yormamaq üçün, bir məqamı da qeyd etmək istərdim.
Azərbaycan mətbuatı bir qədər özünə hörmətlə yanaşmalıdır. Rusların bizə özümüzünkülərin əli ilə "soxuşdurduğu" Siyasi Tədqiqatlar İnstitutunun Sergey Markov adlı bir direktoru var. Şəxsən mən bu adamı çox qeyri-ciddi və xüsusi öyrədilmiş, bizim az qala əsəblərimizlə oynayan şəxs kimi qəbul edirəm. Təəssüflənirəm ki, bizim rəsmi mətbuatdan tutmuş ta saytlara kimi bu adamdan gen-bol müsahibələr, sitatlar gətirirlər. Yenə Ermənistanın baş naziri Serj Sarkisyanın istefası ilə bağlı bu qeyri-ciddi şəxsdən münasibət Azərbaycan saytlarını, efir məkanını "bəzəyir". Bə binəva 2016-17-ci illərdə Putinin səlahiyyətli şəxsi kimi Kremldən bizə guya xəbər gətirmişdi ki, "vot-vot" Azərbaycan qaçqınları 100 faiz əminliklə öz doğma yer-yurdlarına qayıdırlar. Mən onda da dedim ki, Markov kimi qeyri-ciddi adamlar sadəcə əsəblərimizlə oynayır və faktiki xalqımızı hardasa təhqir edirlər. İndi bu adam yenə başlıyıb ki, Serj Sarkisyanın və "Qarabağ klanı”nın gedişi Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi təsir göstərəcək. Ay adam, get ciddi işlərlə məşğul ol. Sən gözəl bilirsən və hər gün də Moskva televiziyalarında bəzi Solovyov- Kisilyov səviyyəli verlişlərdə Ermənistana görə efirə çıxartdıqları həyasız erməni-rus politoloq və hərbi ekspertlərinin dili ilə Azərbaycana yönəlik hansı hədyanları səsləndirilir və deyilir.

Yetər artıq. Siz keçmiş SSRİ-nin üzvü olmuş bu gün müstəqil dövlət kimi bütün dövlətlərə, içərisində Azərbaycan da olmaqla hörmətlə, etiramla yanaşmağa borclusunuz. Qurtarın öz şovinist, "böyük qardaş" rolunda yekənxanalığınızı. İnsanlar artıq 90-cı illərin insanları deyillər. Ermənistanda baş verənlər də, bir daha sizin hansı biliyə və bacarığa sahib olduğunuzu dünyaya bəyan etdi.
Qarabağla bağlı Azərbaycan ən gözlənilməz və mən deyərdim ki, ən xain, faciəvi zərbəni Ermənistandan deyil, məhz Rusiyadan və onu dəstəkləyən və dəstəkləyəcək Qərbdən almağa hazır olmalıdır. Proseslər o arzuolunmaz istiqamətdə cəryan edir.
Tanrı Azərbaycanımızı məkrli rus-erməni siyasi hoqqabazlarından və fitnə-fəsadlarından qorusun!"
Üzeyir Cəfərov
Tanınmış hərbi ekspert,
ehtiyatda olan polkovni-leytenant