Prezident kommunikasiya mərkəzi yaratdı

Prezident kommunikasiya mərkəzi yaratdı
Prezident İlham Əliyev İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
 
Miq.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

Fərmanda qeyd edilir: aparılan iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsini və bu sahədə işlərin səmərəli əlaqələndirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
 
1. "İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi” publik hüquqi şəxs yaradılsın.
 
2. "İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
 
3. Müəyyən edilsin ki:
 
3.1. "İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (bundan sonra – Mərkəz) 3 nəfər üzvdən ibarət Müşahidə Şurası yaradılır, Şuranın sədrinin və üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir;
 
3.2. Mərkəzin icra orqanının funksiyalarını Mərkəzin Müşahidə Şurası tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İcraçı direktor həyata keçirir.
 
4. Mərkəzdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət orqanlarına həvalə edilsin:
 
4.1. Azərbaycan Respublikasının Prezidentinə:
 
4.1.1. nizamnamənin və maliyyə hesabatlarının təsdiq edilməsi;
 
4.1.2. nizamnamə fondunun miqdarının müəyyən edilməsi;
 
4.1.3. Mərkəzin yenidən təşkil və ləğv edilməsi;
 
4.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:
 
4.2.1. təsərrüfat cəmiyyətlərinin yaradılması, habelə idarə, filial və nümayəndəliklərin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;
 
4.2.2. xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), habelə Mərkəzə aidiyyəti olan şəxslərlə əqdin (əqdin dəyəri aktivlərin 5 faiz və daha çox hissəsini təşkil etdikdə) bağlanmasına razılıq verilməsi.
 
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
 
5.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
 
5.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
 
5.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
 
5.4. Mərkəzin nizamnamə fondunun formalaşdırılması və fəaliyyətinin təşkili ilə əlaqədar məsələləri həll etsin;
 
5.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
 
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
 
7. Azərbaycan Respublikasının Vergilər Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az