Prezident: "TANAP layihəsinin icrasına başlanıb"

Prezident: "TANAP layihəsinin icrasına başlanıb"

"Bu altı ayda neft-qaz sahəsində, xüsusilə “Cənub” qaz dəhlizi ilə bağlı ciddi addımlar atılıb. İlkin tenderlər elan edilib. TANAP layihəsinin icrası, demək olar ki, artıq başlanıb".

Vətəninfo.az xəbər verir ki, bu barədə İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.

Tikintiyə hazırlığın uğurla getdiyini deyən dövlət başçısı  bu böyük layihənin vaxtında icra ediləcəyinə inandığını deyib.

"“Cənub” qaz dəhlizinin təşəbbüskarı Azərbaycandır. Bu layihənin icrası nəticəsində həm Azərbaycan, həm də onun qonşuları və Avropa ölkələri böyük fayda götürəcəklər. Azərbaycan bu sahədə də liderlik keyfiyyətlərini göstərib. Bu üç layihə - “Şahdəniz-2”, TANAP və TAP Avropanın enerji xəritəsini dəyişdirəcək, Azərbaycanı çox önəmli iqtisadi və enerji tərəfdaşına çevirəcək və ən vacibi, Azərbaycan xalqının bundan sonra da iqtisadi və maliyyə məsələlərinin həlli sahəsində rifahını təmin edəcək. Biz bu layihənin icrası nəticəsində bundan sonra ən azı yüz il ərzində qaz ixracatından böyük fayda götürəcəyik və Azərbaycanın dünyadakı rolu daha da artacaq".

Enerji siyasətinin ölkənin ümumi siyasətinin tərkib hissəsi olduğunu deyən Prezident, bunun nəinki, Azərbaycan üçün, bütün ölkələr üçün milli təhlükəsizlik məsələsi olduğunu vurğulayıb." Son aylarda bölgədə, Avropada bu sahədə müşahidə olunan hadisələr və müəyyən gərginlik bir daha göstərir ki, enerji təhlükəsizliyi olmadan heç bir ölkə özünü rahat hiss edə bilməz, tam müstəqil siyasət apara bilməz.

Biz isə öz enerji təhlükəsizliyimizi çoxdan təmin etmişik və bu gün başqa ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolumuzu oynayırıq. Bu rol müsbət roldur. Bunu bizim tərəfdaşlar qiymətləndirirlər. Azərbaycan heç vaxt öz enerji resurslarından başqa məqsədlər üçün istifadə etməyib. Bizim bu sahədəki fəlsəfəmiz və yanaşmamız ondan ibarətdir ki, enerji resursları əməkdaşlığı dərinləşdirməlidir, birliyi möhkəmləndirməlidir və əlbəttə ki, biz bu siyasəti apararaq öz milli maraqlarımızı təmin edirik. Bu gün həm bölgədə, həm dünyada bizim maraqlarımız təmin edilir".

İlham Əliyev növbəti illərdə TANAP layihəsinin icrası ilə bağlı Azərbaycanda on minlərlə yeni iş yerinin qçılacağını söyləyib: "Azərbaycan şirkətləri bu layihələrdə iştirak edəcəklər. Son vaxtlar imzalanan kontraktlar üzrə tenderlərdə Azərbaycan şirkətləri ya birbaşa, ya da xarici şirkətlərlə birlikdə qalib gəliblər və bir neçə milyard dollar həcmində kontraktların icrası da Azərbaycan şirkətlərinə həvalə edilib. Bu da dövlətin özəl sektora göstərdiyi diqqət və qayğıdır".

Azərbaycanda əlverişli investisiya mühitinin olduğunu deyən dövlət başçısı yerli şirkətlərin ölkəyə yatırım etməsinin daha gəlirli olduğunu vurğulayıb: "İndi başqa ölkələrə investisiya qoymaq, əlbəttə ki, lazımdır və biz də dövlət kimi bunu edirik. Ancaq burada yaşayan və çalışan şirkətlər buraya investisiyalar qoysa, onlar üçün daha yaxşı olar. Gəlirlilik burada daha yüksəkdir, investisiyalar dövlət tərəfindən qorunur. Ona görə TANAP, “Şahdəniz-2” layihələrinin icrası nəticəsində bizim inşaatla, xidmətlə, digər sahələrlə və əlbəttə ki, energetika sahəsi ilə bağlı şirkətlər də hazır olmalıdırlar. Tenderlərdə iştirak etməlidirlər və orada yaxşı təklif verməlidirlər ki, qalib gəlsinlər. Beləliklə, daha çox vergi ödəyəcəklər, daha çox iş yerləri yaradılacaqdır. Bir sözlə, bizim enerji siyasətimiz bu yolla ölkə iqtisadiyyatının inkişafına xidmət etməlidir, nəinki qazanılan pulların sonra infrastruktur layihələrinə yönəldilməsi ilə".

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az