"Hesab edirəm ki, ölkə rəhbəri dünənki müşavirədə 2015-ci ilin bu dönəmindən sonrakı zaman üçün mühüm bir siyasətin siqnallarını verdi. Məncə bu kadr dəyişiklikləri ilə müşayiət olunacaq”.
Vətəninfo.az Modern.az-a istinadla xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Zahid Oruc Prezident İlham Əliyevin Nazirlər Kabinetinin dünənki iclasında bir sıra nazirliklərə və məmurlara ünvanladığı xəbərdarlıqlarlardan danışarkən deyib:
"Prezident
İlham Əliyevin dünənki müşavirədə çıxışı daxili siyasətin dövlətin
mənafeyinə bağlı olan mühüm məqamları ilə bağlı idi. Həmçinin müşavirədə
prezidentin çıxışı eləcə də beynəlxalq münasibətlərə dair çox vacib
açıqlamalar ilə yadda qaldı. Düşünürəm ki, ölkənin gələcək siyasətində
də bu deyilənlər qabarıq şəkildə hiss olunacaq.
Xüsusi olaraq
sahibkarların fəaliyyətinə kənar müdaxilə amili dünənki müşavirənin əsas
mövzusu idi. Dövlət başçısı sahibkarları, iş adamlarını özünün və
dövlətin tərəfdaşı kimi görmək istədi.
Müşahidə edirdik ki, yerlərdə iş adamları müxtəlif basqıların , təsirlərin altındadır. Bu, şübhəsiz ki, yolverilməz haldır. Ölkə rəhbəri də çıxışında söylədi ki, bu, açıq şəkildə bizə zərbədir. Bütün bunlar dövlətin və rəhbərliyin həyata keçirdiyi siyasətin ziyanınadır. Əgər biz qeyd ediriksə, büdcə vəsaitlərinin 85 faizi özəl sektor hesabına formalaşır. Bu o deməkdir ki, Azərbaycanın hökumət strukturlarının hansısa bir səhv fəaliyyəti nəticəsində biz həmin mənbələrdən mərhum edilirik. Bəzi nazirliklər və məmurların səhv siyasəti avtomatik olaraq neftdən asılılığı gücləndirir, ölkənin iş adamlarının öz inversiyalarını başqa ölkələrin iqtisadiyyatına yatırmasına təsir göstərir. Əgər kütləvi iş yerləri yaradılmırsa, real olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar bu çətinliklə yaşayırsa, bu o deməkdir ki Azərbaycan insanı öz fiziki, əqli və intellektual gücünü gedib başqa ölkənin gücünə xərcləyir.
Hesab edirəm ki, Azərbaycan cəmiyyətindən gələn siqnalların fəal bir şəkildə ölkə başçısına çatması çox vacib bir məsələdir. Hətta bizim çevrəmizin özündə belə düşüncələr mövcud idi ki, ölkənin bir sıra daxili problemləri birinci şəxsə çatmır. Həmin problemlər aralıq həlqələrdə buxovlanır və buna görə də operativ reaksiyalar vermək olmur.
2 və 3 ulduzlu otellərin qiymətinin kifayət qədər yuxarı olması, Azərbaycan vətəndaşının daxildə həmin istirahət guşələrinə əlinin çatmaması, yaxud da yaxın qonşu ölkələrə üz tutması və turistlərin gəlmə sayındakı azalma, Gürcüstanla Azərbaycan arasındakı 5-6 dəfəlik fərq... Halbuki, məkan, resurslar etibarı ilə Azərbaycan qat-qat Gürcüstandan güclüdür. Belə olan təqdirdə heç şübhəsiz ki, bütün bu məsələlərlə bağlı ölkə rəhbəri müvafiq nazirliklərə irad tutmaya bilməzdi.
AZAL-ın təyyarələrində biletlərin qiymətləri məsələsi son günlər sosial medianın ən aktiv müzakirə mövzusu idi. Turizm potensialına ən böyük zərbə olan amillərdən biri məhz qiymətlərlə bağlı idi. Hesab edirəm ki, ölkə rəhbəri bir daha onu göstərir ki media onun üçün siyasətini yürüdərkən mühüm bir qüvvədir. Prezident aparılan bu müzakirələri müsbət dəyərləndirir”.

Zahid Oruc deyir ki, ötən 10 illər ərzində Azərbaycanda infrastruktur
quruculuğuna böyük investisiyalar, xərclər qoyulub. Bu gün də o siyasət
davam etdirilməkdədir.
"İndi ən önəmli məsələ bütün bunları,
yəni lazımı gücü, bütün dövlətin resurslarını qanunların daha yüksək bir
şəraitdə işləməsinə, onların icrasına, vətəndaş haqlarının qorunmasına,
onları mənafelərinin təminatına, məmurların vətəndaş qarşısındakı
hesabatlılığına yönəltməkdir. Hesab edirəm ki, ölkə rəhbəri 2015-ci ilin
bu dönəmindən sonrakı zaman üçün mühüm bir siyasətin siqnallarını
verdi. Məncə bu kadr dəyişiklikləri ilə müşayiət olunacaq. Bu məsələlər
sadəcə növbəti dönəmin tapşırıqları deyildi. Bunlar hökumət
strukturlarına bildirən iradlar ilə məhdudlaşmayacaq. Belə zənn edirəm
ki, ölkə başçısının qoyduğu bu problemlər cəmiyyətin ürəyindəndir. Mən
bunu hökumətdə yeniləşmənin anonsu kimi qiymətləndirirəm.
Ölkə başçısının hökumət qarşısında dünən növbəti dəfə qoyduğu vəzifə ondan ibarət idi ki, Birinci Avropa Oyunları ölkəni daha yeni bir səviyyə qaldırdı. Hökumət də bu səviyyəyə uyğun olmalıdır. Yeniləşməli və dəyişməlidir. Vətəndaşlara daha çox doğru addım atmalı, onların mənafeyini qorumalıdır. İnsanlara hər hansı məmurun və ya strukturun fəaliyyətindən ziyan çəkməməlidir”.